BAKI, 16 mart — Sputnik. Bu günlərdə bəzi mətbuat orqanlarında qaz sayğacları ilə bağlı ilginc məlumat yayılıb. Bildirilir ki, "Azəriqaz" İstehsalat Birliyinin abonentlər üçün quraşdırdığı "Elster G-4″ markalı qaz sayğacının istismar müddəti 5 ildir.
"5 il keçdikdən sonra avtomatik olaraq həmin sayğaclar 1 m3 əvəzinə, 2 m3 qaz sərfiyyatı qeyd edir. "Azəriqaz" yetkililəri bu faktdan xəbərdar olsalar da, öz mənafeləri üçün abonentlərə bu haqda məlumat vermirlər" — deyə yayılan məlumatlarda vurğulanır.
Sputnik Azərbaycan-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevlə əlaqə saxlayıb. Qurum rəsmisi yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib.
"Sayğacların işləklik müddəti yoxdur. Sayğacın nasaz işləməsi ilə bağlı problem yaranarsa, abonent bizə müraciət edir. Belə problem aşkarlanırsa, bu zaman sayğac çıxarılır və dövlət yoxlamasına göndərilir" — Kərbəlayev bildirib.
Onun sözlərinə görə, yoxlanışa qədər abonent qazsız qalmır və yeni sayğacla təmin olunur: "Yoxlamada sayğacın zavod istehsalı qüsuru aşkarlanırsa, bu zaman "Azəriqaz" tərəfindən abonent üçün pulsuz yeni sayğac quraşdırılır. Yox, əgər abonentin sayğaca müdaxiləsi aşkarlanırsa, bu zaman abonent yeni sayğacın pulunu ödəməli olur".
"Sayğaclar xaricdən xarici valyuta ilə alındığına görə, məzənnəyə görə qiyməti dəyişir. Bir sayğac, təxminən 200 manat civarındadır" — "Azəriqaz" sözçüsü qeyd edib.
Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, təmsil etdiyi qurumun yerli idarələri tərəfindən sayğaclara daimi nəzarət olunur: "Eyni zamanda abonentlərin özlərinin də sayğaclarının necə işlədiyini yoxlamaq imkanları var. Nə qədər qaz istifadə ediblərsə, özləri nəzarət edə bilirlər".
BAKI, 16 yanvar - Sputnik. Transsərhəd səfərləri zamanı insanlardan COVID-19 əleyhinə peyvənd olunduqlarına dair sertifikat tələb olunması məsləhət deyil.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Vəziyyət üzrə Komitəsinin bu gün keçirilən videokonfransında deyilib. Qeyd olunub ki, bir çox ölkələrdə vaksin əlçatan deyil və ümumiyyətlə, hələlik peyvəndlərin xüsusiyyətləri öyrənilmə mərhələsindədir.
Komitə üzvləri qeyd ediblər ki, pandemiya əvvəlki kimi təhlükəli olmaqda davam edir. Bir çox ölkələrdə SARS-CoV-2 virusunun yeni ştammları aşkar olunduğundan Komitə üzv ölkələrə laborator müayinələrini artırmağı və gücləndirməyi tövsiyə edib.
BAKI, 16 yanvar - Sputnik. Astara rayonu ərazisində, Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib. Yanğının davam etdiyi digər istiqamətdə isə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Sputnik Azərbaycan FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur. Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunublar.
BAKI, 16 yanvar - Sputnik. Parisdə bu ilin ilk "Azadlıq marşı" keçirilir. Aksiya iştirakçılarının tələbi dəyişməzdir - onlar parlamentin nəzərdən keçirdiyi "Qlobal təhılükəsizlik haqda" qanuna qarşıdırlar.
Sputnik Fransa xəbər verir ki, sulu qar və koronavirus epidemiyası səbəbindən məhdudlaşmaların sərtləşdirilməsi etirazçılara küçələrə çıxmağa əngəl törətməyib.
Etirazları "yeniləməyə" Milli Jurnalistlər Birliyi çağırıb. İnsanlar yerli vaxtla 14:00-da Bastiliya meydanına doğru hərəkət ediblər. Xeyli sayda polis təhlükəsizliyi qorumaq üçün cəlb edilib.
Hələlik aksiyanın dinc keçdiyi bildirilir.
#SputnikVidéo | Malgré la neige, de nombreux manifestants sont descendus dans les rues de #Paris ce samedi pour manifester contre la #LoiSécuritéGlobalehttps://t.co/w3gq05qxxo pic.twitter.com/QKo9MjhgPc
— Sputnik France (@sputnik_fr) January 16, 2021
Ötən il noyabrın 24-də Milli Şura "Qlobal təhlükəsizlik haqda" qanun layihəsini birinci oxunuşda qəbul edib. Onun 24-cü maddəsi polisin, jandarmın vəzifələrini icra edən zaman "onların fiziki və ya psixi toxunulmazlığına açıq-aşkar xələl gətirmək məqsədilə" "üzünün şəklinin, yaxud digər identifikasiya elementinin" yayılmasına görə 45 min avro cərimə və həbs cəzasını nəzərdə tutur.
Bu maddə jurnalistlərin həmkarlar ittifaqının narazılığna səbəb olub, onlar hesab edirlər ki, bu, söz azadlığına ciddi ziyan vuracaq, vətəndaşlar və KİV isə manifestasiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işini asudə işıqlandıra bilməyəcəklər. Milli Şura tənqid olunan maddəni yenidən yazmağa qərar versə də həmkarlar ittifaqları yenidən etirazlara səsləyiblər. Parlamentin yuxarı palatası isə qətnaməyə yanvarda baxacaq.