CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu kateqoriyadan olan vətəndaşlar pensiyadan məhrum olacaqlar

Abunə olmaq
Millət vəkili: "Şəxsin işlədiyi dövrdə etdiyi ödənişlər 16 min manat olmalıdır ki, minimum pensiya almaq hüququ qazansın"

BAKI, 15 mart — Sputnik. "Dövlət qulluqçuları indiyədək 5 il işlədikdə, dövlət qulluqçusu kimi pensiya almaq hüququ qazanırdılar. 15 il işlədikdə, dövlət qulluqçusu kimi aldığı əmək haqqının 80 faizini ala bilirdilər. Bu müddət də müvafiq olaraq 10 il artırıldı. İndi kimsə 15 il işləyəndən sonra dövlət qulluqçusu kimi pensiya almaq hüququ qazanır və əmək haqqının 50 faizini alır. Sonrakı illərdə də 75 faiz, yaxud da 80 faizə kimi çatdırılır. 25 il dövlət qulluqçusu kimi işləyibsə, əmək haqqının 80 faizini alır".

© Photo : Teleqraf / Elchin MuradMillət vəkili Musa Quliyev
Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan
Millət vəkili Musa Quliyev

Bunu millət vəkili Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında, "Əmək pensiyaları haqqında" qanunda dəyişiklikləri şərh edərkən deyib. O, bunu tam normal hesab edir: "Yəni, bu, dövlətin verdiyi əlavə imtiyazdır. Bunu da qazanmaq lazımdır. Çünki praktika göstərir ki, şəxs 5 il dövlət qulluğu sistemində işləyir, ondan sonra çıxıb özəl sektora gedir. Ona görə də, bu müddət 15 ilə qaldırıldı. 15 il işləyəndən sonra dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ qazansın".

Millət vəkili bildirib ki, prokurorluq orqanlarında 35 il iş stajı olacaqsa, əmək haqqının 80 faizini alacaq: "İndiyədək 25 il iş stajı ilə əmək haqqının 80 faizini alırdılar. Bu müddət də 10 il artırılıb, 35 il iş stajı olub. 35 il iş stajı ümumidir. Şəxs onun 17 ilini prokurorluq orqanlarında işləməlidir, 17 il də hüquq və s. sahədə stajı olmalıdır. 35 il iş stajı tam məntiqlidir. Əgər şəxs 65 yaşında pensiyaya çıxırsa, ən azından 30 yaşından işləməlidir. Amma şəxs ali məktəbi 22-23 yaşında bitirir. Ondan sonrakı dövrdə də işləyirsə, 35 illik stajı yığa bilir".

"35 il iş stajı yalnız ona görə lazımdır ki, o şəxs 80 faizlə pensiya alsın. Bunun yarısı da prokurorluq orqanlarında olmalıdır. Əmək haqqının 80 faizi ilə pensiya almaq iddiası yoxdursa, ona az staj da kifayət edir" — M. Quliyev bildirib.

Onun sözlərinə görə, şəxsin 65 yaşı tamam oldusa, onun yığdığı pensiya kapitalı minimum 110 manata çatırsa, pensiya almaq hüququ qazanır: "Dövlət qulluqçuları, prokurorlar da 5-6 il işləyəndən sonra o məbləği yığırlar. Stajla bağlı illər artdıqca pensiya məbləği də artır".

Deputat qeyd edib ki, həkim və müəllimlər ümumi qaydada 65 yaşı tamam olanda pensiya alacaqlar: "Belə ki, kişilərin yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq. Bunlar polis və hərbi qulluqçulara şamil olunmur və onlar əvvəlki qaydada pensiyalarını alacaqlar".

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

"Əvvəlki qanunda 12 il iş stajı tələb olunurdusa, indi bu, aradan qaldırılır. Sadəcə pensiya hüququ qazanmaq üçün Dövlət Sosial Müdafiə Fonduna yığdığı kapitalın 110 manata çatması bəs edir ki, onu alsın. Şəxsin işlədiyi dövrdə DSMF-yə ödənişlər, təxminən 16 min manata qədər olmalıdır ki, minimum pensiya almaq hüququ qazansın. Bunun iş stajına aidiyyəti yoxdur" — M. Quliyev vurğulayıb.

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, 12 il staj məsələsinin ləğv edilməsi vətəndaşların əmək pensiyalarına çıxış imkanlarını artıran məqamlardan biridir: "Əvvəlki dövrdə rəsmi qaydada 11 il 9 ay əmək fəaliyyəti ilə məşğul olan şəxs əmək pensiyasına çıxa və bu imkanlardan yararlana bilmirdi. Ola bilərdi ki, şəxs 11 il ərzində kifayət qədər yüksək məbləğ ödəyib. Bu kimi məqamlar kifayət qədər baş verirdi. Bu, müsbət addım kimi qiymətləndirilir. İnsanların beynində staj xofunun aradan qaldırılmasına gətirib çıxardacaq. Həmçinin, bu, əmək müqaviləsinin bağlanmasına, əmək haqqının düzgün göstərilməsinə, əmək fəaliyyətinin leqallaşdırılmasını təşviq edəcək".

Onun sözlərinə görə, digər bir məqam 50 faizlik pensiyanın baza hissəsinin ləğv edilməsi, eyni zamanda, vətəndaş tərəfindən ödənilmiş məbləğin 50 faizinin digər məqsədlər üçün istifadəsinin dayandırılmasıdır: "Bundan sonra vətəndaşın ödədiyi vəsaitin 100 faizi onun fərdi uçot hesabında toplanacaq və pensiya hesablanarkən bu həcm nəzərə alınacaq. Artıq növbəti illərdə indeksləşdirmə bütövlükdə pensiya məbləğinə tətbiq edildiyi üçün vətəndaşların illik pensiyalarının həcmində artımlar daha yüksək olacaq. Bunlar müsbət addımlardır".

"Eyni zamanda yaşın artırılması ilə bağlı məsələ heç də məqbul deyil. Son 10-15 ildə Azərbaycanda həyat səviyyəsi və buna uyğun olaraq da orta ömür səviyyəsində müəyyən irəliləyişlər var. Amma bu, inkişaf etmiş ölkələrlə müqayisədə kifayət qədər aşağıdır. Pensiya yaşının artırılması bir çox vətəndaşların pensiya imkanlarından istifadəsini mümkünsüz edəcək" — R. Həsənov bildirib.

Ekspertin sözlərinə görə, adətən dövlətin gəlirləri azalanda, büdcə xərclərində məhdudlaşdırmanın aparılması nəzərdə tutulanda, normal inkişaf etmiş ölkələrdə belə, müraciət edilən məqamlardan biri sosial yükün azaldılması, pensiya yaş həddinin artırılması addımı olur: "Burada da tərəflər mümkün qədər demokratik müstəvidə öz hüquqlarını qoruyub müdafiə edə bilirlər".

"Azərbaycanda yaş həddinin artırılması parlament tərəfindən müzakirə edilsə də, təəssüf ki, ölkə vətəndaşlarının prosesdə iştirakına şərait yaradılmayıb, ictimai iştirak olmayıb. Bu, hökumətin növbəti dövrlərdə birtərəfli qaydada sosial xərcləri azaltmaq məqsədilə atdığı addım olaraq qiymətləndirilməlidir. Hazırki şəraitdə heç də məqsədəuyğun deyil. Gələcək illərdə, xüsusilə əhalinin yaşlı qrupunun gündəlik həyat tərzinə çox mənfi təsir göstərə bilər. Hansı ki, onlar əmək fəaliyyəti ilə daha rahat məşğul ola, muzdlu bazarda fəaliyyət göstərə bilməyəcəklər" — iqtisadçı vurğulayıb.

Xəbər lenti
0