Market

Bu məhsulların xidmətlərin qiyməti qalxdı - rəsmi açıqlama

311
Bu ilin yanvar-fevralında ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz bahalaşıb

BAKI, 14 mart — Sputnik. 2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4 faiz bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1 faiz bahalaşıb.

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, limonun, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində bahalaşma, yumurtanın qiymətində ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Fevral ayında yanvar ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətlərində ucuzlaşma, avtomobillərin, mebel və döşəmə örtüklərinin təmiri xidmətlərinin, tibbi və stomatoloji xidmətlərin, mənzillərin icarə haqlarının, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

311
Teqlər:
ərzaq məhsulları, istehlak məhsulları, bahalaşma, nəqliyyat, xidmət, qiymət
Əlaqədar
Nəqliyyatda gediş haqqı bahalaşdı
Dollar bahalaşır, satış dayandı
Bakıda kirayə mənzillər bahalaşıb
Bahalaşmanın qarşısını almaq üçün bir yol qalıb
Avtomobil bazarında böyük bahalaşma
Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov

Qələbənin bir addımlığında yaralanan qazi: "Bir əsgərdə qorxu hissi yox idi"

165
(Yenilənib 21:37 30.11.2020)
"Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Döyüş meydanında qəhrəmanlıq göstərən igid Azərbaycan oğullarının şücaəti indi dillərə dastan olur. Torpaqlarımızı işğaldan azad etmiş bu vətən oğullarının sayəsində biz zəfər yazan ölkənin vətəndaşına çevrilmişik. Onlardan biri də Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanovdur.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov övladı ilə

O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin əsas səbəblərindən birinin yüksək döyüş əhval-ruhiyyəsi olduğunu deyir:

“Əhval-ruhiyyə ordumuzda çox yüksək idi. Bir əsgərdə belə qorxu hissi yox idi. İndi fikirləşirəm ki, bir nəfər belə qorxmuş olsaydı, bu bütün döyüşçülərə sirayət edərdi. Amma hər kəs qorxmadan mərdliklə döyüşürdü. Bizim döyüşçülərin döyüş ruhunu yüksəldən düşmənin qabağımızda dayana bilməməsi idi. Hücum vaxtı erməni əsgəri uzağı 5-10 güllə atıb avtomatı tullayıb qaçırdı. Onda hiss edirdik ki, qarşımızı heç bir düşmən kəsə bilməz”, - deyə döyüşlər haqda danışıb.
  • Bədir Süleymanov övladları ilə
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladları
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Bədir Süleymanov övladları ilə

Füzuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, digər yaralı əsgər yoldaşını da döyüş meydanında buraxmayıb. O anı yaralı qazi belə xatırlayır:

“Noyabrın 9-da Xocavənd istiqamətində əlimdən güllə yarası aldım. Mən zərbə manqasında döyüşürdüm. Döyüşlərə ilk biz atılırdıq. Yaralandığım döyüşdə erməniləri qovaraq içərilərə getdik. Düşmən bizi mühasirəyə salmaq istəyəndə yaralandım. Mənimlə eyni vaxtda bir yoldaşım da yaralandı. Güllə sinəsindən girib kürəyindən çıxmışdı. Olduğumuz yerdən işıqlı havada çıxmaq mümkün deyildi. Snayperləri çox idi ərazidə. Ona görə komandir dedi, qaranlıq düşsün, sonra sizi aşağı düşürək. Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi”, - deyə o, son döyüşündən məlumat verib.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov ailəs ilə birgə

Bədirin 2 körpə övladı var. Qazinin gəlişinə ən çox sevinənlər də elə onlardır.

Qazi anası Aybəniz Salmanova övladı ilə fəxr etdiyini deyir.

“Bədir mənim fəxrimdir. Müharibə başlayanda öz kəndimizdəydim. Zəng elədi ki, mən döyüşə gedirəm, gəl, uşaqların yanında qal. Gedən gündən döyüşlərə qatılıb son günlərədək vuruşdu. Gələndə onu bir qəhrəman oğul kimi qarşıladım. Mən övladımla, ordumuzla, prezidentimizlə fəxr edirəm. Çünki birlik olmasaydı, müharibədə qalib gələ bilməzdik,” - deyə o bildirib.

Bədir indi tezliklə sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olduğundan sağalan kimi onların yanına getmək istəyir.

165
Teqlər:
əsgər, döyüş, söhbət, Tovuz, Qarabağ, qazi
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

16
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

16
Teqlər:
qarğıdalı, fermer, Balakən
Türkiyədə epidemioloji vəziyyət

Türkiyə qaydaları sərtləşdirir: artıq günlərində də...

0
(Yenilənib 22:19 30.11.2020)
"Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq" - Ərdoğan

BAKI, 30 noyabr – Sputnik. Koronavirusa yoluxmanın artması səbəbindən  çərşənbə axşamından etibarən Türkiyədə hamam, hovuz və idman zallarının fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hamamlar, saunalar, hovuzlar, idman zalları çərşənbə axşamından etibarən işini dayandırır. Ticarət mərkəzlərinə məhdud sayda insanları rəqəmsal şifrə ilə buraxacaqlar. Küçələrdə insanların toplaşması da məhdudlaşdırılacaq. İş günlərində 21.00-dan 05.00-dək, eləcə də cümə axşamı 21.00-dan bazar ertəsi 05.00-dək komendant saatı tətbiq olunacaq. Dövlət müəssisələri 10-dan 16-dək işləyəcək”, - deyə Ərdoğan televiziya ilə müraciətində deyib.

“Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq. Vaksinasiya gələn aydan başlanacaq. Artıq 50 milyon doza vaksin sifariş etmişik”, - Türkiyə lideri əlavə edib.

Ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, koronavirus pandemiyası Türkiyənin bir sıra bölgələrində, eləcə də İstanbulda üçüncü pik həddinə çatıb. Son həftə ərzində koronavirusa yoluxma və COVID-19-dan ölüm faktları üzrə rekord göstəricilər bir-birini əvəzləyib.

Bu gün qardaş ölkə yenə antirekordu təzələyib - COVID-19-dan 188 xəstə ölüb. Bir gün ərzində 31219 yeni yoluxma faktı aşkarlanıb. İndiyədək Türkiyədə 13746 nəfər COVID-dən dünyasını dəyişib. 5190 xəstənin vəziyyəti ağırdır.

0
Teqlər:
komendant saatı, sərt karantin rejimi, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Türkiyə
Mövzu:
Dünyanı cənginə almış bəla