Övladını döyən valideyin

"Hansı valideyn öz uşağına bir şillə vurarsa..."

499
(Yenilənib 19:31 13.03.2017)
Ekspert: "Valideyn hüququndan məhrumetmə və yaxud valideynlik hüququnun məhdudlaşdırılması yalnız müstəsna hallarda tətbiq olunmalıdır"

BAKI, 13 mart — Sputnik. Azərbaycanda uşaqların cismani cəzanın bütün növləri ilə cəzalandırılması qadağan edilə, uşağına qarşı cismani cəza törətmiş şəxslər valideynlik hüququndan məhrum oluna və ya onların valideynlik hüquqları məhdudlaşdırıla bilər. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, bu məsələlər Ombudsman Aparatı və UNİCEF tərəfindən birgə hazırlanmış "Uşaqların cismani cəzalardan müdafiəsi haqqında" qanun layihəsinə daxil edilib.

Nabil Seyidov
© Photo : America Voice
Nabil Seyidov

Yeni layihənin əsas məqsədləri cismani cəzalara məruz qalmış uşaqların hüquqlarının müdafiəsi və onlara sosial-psixoloji yardımın göstərilməsi, uşaqlara qarşı törədilmiş cismani cəzaların səbəblərinin, həmçinin buna şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması, uşaqların cismani cəzalara məruz qalması riskinin azaldılması, cismani cəzaların tətbiqinə yol vermiş şəxslərin Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmasıdır. Qanun layihəsində xarakterindən asılı olaraq, cismani cəza verənlərə intizam, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub.

Valideynin hüquqları
© Karikatura
Valideynin hüquqları

Məsələ ilə əlaqədar Sputnik Azərbaycan-a açıqlama verən uşaq hüquqları üzrə ekspert Nabil Seyidov deyib ki, cismani cəzalandırmanın qadağan edilməsi mühüm məsələdir və Azərbaycan artıq geridə qalıb: "Təəssüf ki, inkişaf etməkdə olan ölkələrdən, keçmiş SSRİ və Asiya ölkələrindən geridəyik. Baxmayaraq ki, qanun layihəsi bir neçə il bundan əvvəl hazırlanıb. Amma bunun qəbul edilməsində problemlər yaranıb".

Eyni zamanda, ekspert bu qanunun valideynlərin üzərində bir qılınc kimi durmasını istəmir: "Valideyn hüququndan məhrumetmə və yaxud valideynlik hüququnun məhdudlaşdırılması yalnız müstəsna hallarda tətbiq olunmalıdır. Ümumiyyətlə, bütün hallarda bu cür məqamlar yalnız müstəsna hal kimi, başqa alternativ olmadıqda, tədbirlərin effekti səmərəli olmadıqda tətbiq oluna bilər. Kimsə uşağına şillə vurubsa, onun valideynlik hüququndan məhrum edilməsi yolverilməzdir. Çünki uşaqların bir neçə hüquqları var. Onlardan biri də ailədə yaşamaq hüququdur. Uşağı ailədə yaşamaq hüququndan məhrum etmək haqqında düşünürüksə, buna çox ciddi səbəb olmalıdır".

"Əgər uşağa qarşı çox ciddi fiziki cəza tətbiq edilibsə, sınıqlar olubsa, sağlamlığına ağır zərər dəyibsə və bu, ilk dəfə deyil, təkrarən baş verirsə, valideynlik hüquqları məhdudlaşdırıla bilər. Yaxud daha da ağır problemdirsə və sosial xidmətlər, hüquq müdafiəçiləri, hüquq-mühafizə orqanları üçün aradan qaldırmaq mümkünsüz görünürsə, onda həmin valideynlərin valideynlik hüququndan məhrum edilməsi, uşaqlar üçün alternativ ailənin, yəni, qohumunun, xalasının, nənəsinin, babasının və s. qəyyumluğuna, himayədarlığına verilməsi məsələsi gündəmə gələ bilər" — deyə o, qeyd edib.

Dadaş Əhmədov
© Photo : APA
Dadaş Əhmədov

N. Seyidovun fikrincə, bu cür məsələlər yalnız istisna hal kimi qəbul edilməlidir: "Çünki uşağın ailədə yaşamaq hüququ var və çalışmalıyıq ki, bütün hallarda bunu qoruyaq və təmin edək".

Uşaq hüquqları üzrə ekspert Dadaş Əhmədov da Sputnik Azərbaycan-a açıqlamasında bu addımın atılmasının Azərbaycanın Uşaq Hüquqları Konvensiyasına və digər protokollara qoşulması nöqteyi-nəzərindən normal, doğru olduğunu deyib: "Amma onun icra mexanizmi Azərbaycanda mümkün deyil. Çünki həm dövlət qurumları həm ictimaiyyət tərəfindən bunun üçün sosial bir nəzarət olmalıdır".

"Bu, bir qədər çətindir. Uşaqların cəzalandırılmasına görə valideyn hüququnun məhdudlaşdırılması əksər Avropa ölkələrində tətbiq olunur. Ayrı-ayrı ölkələrin təcrübəsində son vasitə kimi, valideyn hüququndan məhrumetmə də var" — o bildirib.

D. Əhmədov hesab edir ki, Azərbaycan Uşaq Hüquqları Konvensiyasına qoşulduğundan, ölkəmizdə bunun tətbiqi yaxşıdır: "Amma yaxın 10 illikdə bunun mümkün olacağını düşünə bilmirəm".

499
Teqlər:
Dadaş Əhmədov, Nabil Seyidov, uşaq hüquqları, cismani cəza, valideyn, Sputnik Azərbaycan, ekspert, Azərbaycan, qanun, hüquq, uşaq
Əlaqədar
500 valideynin çağırışı: Uşaqlarımızın gələcəyini məhv etməyin
Bir aylıq körpələrini itirən gənc valideynlərin dəhşətli hekayəsi
Valideyn himayəsindən məhrum olmuş uşaqlar arasında müsabiqə keçirilir
Xilas edilən uşaq valideynlərinə təhvil verildi
Bakıda gənc qız öz hərəkəti ilə valideynlərini şoka saldı
Onlar valideyn nəvazişinin nə olduğunu bilmirlər