Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Banklar sizinlə poker oynayır - kartları açmayın!

© Sputnik / Anar MustafayevCibində dollar saxlayan adam
Cibində dollar saxlayan adam - Sputnik Azərbaycan
Abunə olmaq
"Mövcud vəziyyətdən istifadə edən banklar əhalinin hesabına mənfəət əldə etmək istəyirlər"

BAKI, 28 fev — Sputnik. "Banklarda dolların məzənnəsinin aşağı düşməsi ABŞ valyutasına tələbin azalması ilə bağlıdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Onun sözlərinə görə, xüsusilə də ötən həftədən başlayaraq dollara tələbin azalması müşahidə olunur və dollar alanların sayında azalmalar var: "Nəticədə bu, banklarda dolların məzənnəsinə təsir göstərir".

İqtisadçı bildirib ki, praktik olaraq ötən həftənin əvvəli dolların banklarda məzənnəsinin azalması ilə müşahidə olunub və həftənin sonuna doğru müəyyən qədər stabilləşib: "Alış 1.76, satış 1.79 ətrafında dəyişir. Kommersiya bankları da həftəyə məhz oxşar məzənnə ilə başlayıb. Bu isə o deməkdir ki, hələlik valyutaya tələb banklarda aşağı olaraq qalmaqdadır. Bu da dövriyyədə manatın payının az olması ilə əlaqədardır. Müəyyən qədər manat qıtlığı var və nəticə etibarı ilə bu da valyutaların məzənnəsinə təsir göstərir".

"Bu kontekstdən yanaşılanda, dolların məzənnəsinin banklarda aşağı düşməsi müəyyən qədər başadüşüləndir. Çünki nəticə etibarı ilə tələb azaldıqca dolların məzənnəsində də azalmalar müşahidə olunacaq" — Bayramov bildirib.

Mərkəzi Bankın məzənnəni yüksəltməsinə gəlincə, ekspert hərracın nəticəsinə uyğun olaraq məzənnənin artdığını deyib: "Bu da başadüşüləndir. Çünki banklarda dolların real alış məzənnəsi hazırda təxminən 1.76-dır. Mərkəzi Bankın rəsmi kursu 1.74-dür. Bu isə o deməkdir ki, banklar üçün 1.74 ilə valyutanı almaq rentabellidir. Çünki, onlar vətəndaşlardan 1.76-dan alırlar".

İqtisadçının sözlərinə görə, əgər bankların vətəndaşlardan aldığı valyutanın məzənnəsi 1.74-dən aşağı düşərsə, bu, nəticə etibarı ilə hərrac məzənnəsinin də azalmasına gətirib çıxardacaq: "Çünki hazırda hərrac məzənnəsi ilə bankların vətəndaşlardan aldığı məzənnə arasında hər 100 dollarda 2 manat fərq var. Həmin 2 manat da praktiki olaraq hərraclarda məzənnənin 1.74 ilə alınmasına stimul yaradır. Stimul yaranır ki, banklar məhz hərraclarda 1.74 ilə valyutanı alsınlar, rəsmi kurs da buna uyğun olsun".

"Ona görə də, əgər növbəti günlərdə valyutanın alış kursunda azalmalar olarsa, bu, birmənalı olaraq rəsmi məzənnəyə də təsir göstərəcək. Çünki hazırda rəsmi məzənnə banklar üçün rentabellidir. Banklar rəsmi hərrac məzənnəsi ilə valyuta almaqda maraqlıdır" — deyə o qeyd edib.

V. Bayramovun fikrincə, ötən aydan başlayaraq banklar və ya bazar məzənnəsi hərraca təsir göstərir: "Əvvəllər hərrac bazara daha çox təsir göstərirdi, indi bazar hərraca daha çox təsir göstərir. O baxımdan növbəti dövrlərdə valyutaya tələbin artması rəsmi məzənnəyə də təsirini göstərəcək. Amma hazırda rəsmi məzənnənin artması hərrac məzənnəsinin banklar üçün rentabelli olması, banklarda dolların məzənnəsinin aşağı düşməsi isə banklarda dollara tələbin azalması ilə əlaqədardır".

© Facebook/ Azer MehtiyevAzər Mehtiyev
Azər Mehtiyev - Sputnik Azərbaycan
Azər Mehtiyev

İqtisadçı-ekspert Azər Mehtiyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, indiki durumun hansısa iqtisadi bazadan qaynaqlandığını söyləmək mümkün deyil: "Əgər ölkədə keçirilən hərraclarda dollara olan tələbat kifayət qədər ödənilmirsə, bu, birmənalı olaraq dolların məzənnəsinin qalxmasını tələb edir. Mərkəzi Bank da bunu nəzərə alır".

Onun sözlərinə görə, ancaq kommersiya banklarında bu durum sadəcə olaraq müəyyən manipulyasiyalar həyata keçirməklə insanların gözləntilərini fərqli istiqamətə yönləndirmək və sanki insanların əllərində olan dolları satmağa məcbur etmək xətti götürülür: "Çünki insanlar ən müxtəlif məqsədlərlə manatı dollara dəyişiblər. Bir tərəfdən manatın məzənnəsinin gündən-günə düşdüyü şəraitdə onlar öz vəsaitlərini qoruyub saxlamaq niyyəti ilə bunu ediblər".

"Yaxud hansısa tədbirlər üçün vəsaiti dəyişib saxlayanlar var. İndiki halda da mövcud vəziyyətdən istifadə edən banklar, məhz dolları daha ucuz qiymətə almaqla həmin əhalinin hesabına müəyyən qədər mənfəət əldə etmək istəyir" — Mehtiyev bildirib.

"Ümumiyyətlə, ötən il bank sisteminin gəlirlərinin formalaşmasında məhz valyuta manipulyasiyaları önəmli rol oynayıb. İndi də banklar bundan istifadə etməyə cəhd edir. Bu baxımdan, kommersiya banklarının həyata keçirdiyi fəaliyyətlər real iqtisadi proseslərə uyğun deyil" — deyə o, qeyd edib.

Xəbər lenti
0