İlham Əhmədov, Sputnik Azərbaycan
Moldova xarici işlər nazirinin müavini Lilian Darinin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib. Qonaqları rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qarşılayıb.
Görüş zamanı Səbuhi Abdullayev Qəbələdə sosial-iqtisadi sahədə həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar haqqında danışıb. Həmçinin qonaqlara Qəbələnin tarixi, mədəni həyatı, rayonda həyata keçirilən beynəlxalq təbirlər, idman yarışları, dövlət başçılarının zirvə toplantıları, eləcə də bütün istiqamətlərdə nəzərə çarpan uğurlar haqqında ətraflı məlumat verib. Rayonun kənd təsərrüfatı potensialı, aqrar sektorda qazanılan nailiyyətlər, yeni yaradılmış və müasir texnologiyaya malik emal müəssisələri, xüsusilə bağçılıq, taxılçılıq, heyvandarlıq və üzümçülüyün inkişafı istiqamətində əldə olunan qabaqcıl təcrübədən söz açıb.
Moldovalı qonaqlara son illər turizm sahəsində həyata keçirilən infrastruktur layihələri nəticəsində turislərin artım dinamikası haqqında məlumat verilib, Qəbələnin beynəlxalq tədbirlərə ev sahibliyi barəsində danışılıb. Burada hər il baş tutan beynəlxalq musiqi festivallarında dünya şöhrətli musiqiçilərin və musiqi kollektivlərinin çıxış etdikləri, festivala yerli sakinlərlə yanaşı əcnəbilərin də qatıldıqları, Qəbələnin təbiətinin və ekzotikasının onların böyük marağına səbəb olduğu diqqətə çatdırılıb.
Moldovanın xarici işlər nazirinin müavini öz növbəsində onlara göstərilən diqqətə və qonaqpərvərliyə görə Səbuhi Abdullayevə təşəkürünü bildirib. Lilian Dari Azərbaycanın, həmçinin ölkənin regionlarının sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Qəbələnin sosial-iqtisadi inkişafı, füsünkar təbiətini çox bəyəndiyini və bu tanışlığın təəssüratından silinməyəcək xoş xatirələr yaratdığını qeyd edib.
BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb.
BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.
Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.
Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.