Qocalar evi

Onları “Kimsəsizlər qəbiristanlığı”nda dəfn edirlər

298
(Yenilənib 18:33 24.02.2017)
Qətibə Əsədova: “Şüşə qabın içinə ad-soyadlarını, doğum və ölüm tarixlərini yazıb qoyuruq”

BAKI, 24 fev — Sputnik. Əfsanəyə görə, bir gün oğul arvadının təzyiqi ilə qoca atasını səbətə qoyub meşəyə aparır. Meşənin dərinliklərində atasını səbət qarışıq ağaclardan birinin dibinə qoyur. Uzaqlaşmaq istəyəndə atası onu səsləyir:  

— Səbəti də götür. Bir gün oğluna lazım olacaq. 

Qocalıq insan ömrünün axırı, peşmançılıqların başlanğıcıdır. Övladından yarımayan, həyatı gətirməyən insanlar ömürlərinin sonunu yaşamaq üçün Qocalar Evinə müraciət edirlər. Bəzən isə öz övladları tərəfindən atılırlar… 

Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar Evi) hazırda 241 şəxs yaşayır. Onlarda 150 nəfəri qadın, 90 nəfəri isə kişidir. Pansionata 63 yaşından böyük insanlar qəbul edilir. 

Pansionatın rəhbəri Qətibə Əsədova Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, pansionata övladı, yaşamağa evi, ailəsi olmayan vətəndaşlar qəbul edilir.

Pansionatın rəhbəri Qətibə Əsədova
© Sputnik / Irade JELIL
Pansionatın rəhbəri Qətibə Əsədova

“Oğul-qız ana-atanı saxlamalıdır. Bu bizim mentalitetimizdədir. Əgər ana-atanın huşu gedibsə, yenə övladlar ona sahib çıxmalıdır. Övladı olmayanalara isə dövlət təminat verir. Dövlət onların bütün müalicəsini, yeməyini təmin edir” – deyən Əsədovanın sözlərinə görə, pansionatın hazırda yerləşdiyi bina 2013-cü ildə qocalar üçün inşa edilib. Qocaların hamısının öz otaqları var və onlara gündə 3 dəfə yemək verilir. 

Pansionatın sədri bildirir ki, qocalara hər gün ət yeməyi də verilir. Onlar burada yaşamaqla yanaşı yaradıcılıq işləri ilə də məşğul olurlar. 

Pansionat sakinləri arasında professorlar, dosentlər, müəllimlər, həkimlər də var. Onlar dövlət tədbirlərində fəallıq göstərirlər. Sədrin sözlərinə görə, Qocalar Evi mütəmadi olaraq müvafiq qurumlar tərəfindən yoxlanılır. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslimov özü mütəmadi olaraq qocalarla söhbət edir, onların problemləri ilə maraqlanır. 

“Qocalar evində qocaları öldürürlər”

Qətibə Əsədova deyir ki, hər gün Qocalar Evinə yazı hazırlamaq üçün 3-4 jurnalist gəlir: “Onlar qocalar haqqında yazılar hazırlamaq istəyirlər. Mən də onları mətbuat xidmətinə yönləndirirəm. Çünki pansionatdan yazı hazırlamaq üçün nazirliyin icazəsi olmalıdır. Bura qapalı müəssisədir, icazəsiz gəlmək olmaz. Yaşlı insanlardır, qapını açıq qoymaq olmaz, gedərlər, başlarına nəsə gələr. Onların məsuliyyəti də mənim üzərimdədir. Çalışıram ki, hər şeyi qanun çərçivəsində edim”.

Əsədova jurnalistləri pansionat haqqında yanlış məlumatlar yaymaqda günahlandırıb: “Jurnalistlərdən biri yazmışdı ki, “Qocalar Evində qocaları öldürürlər”. Deyə bilərsinizmi, 1922-ci ildə dünyaya gələn adamlardan neçəsi sağdır? Burada 1922-1930-cu illərdə dünyaya gəlmiş qocalar var. Onların çoxu ağır ürək-damar xəstəlikləri, astma, şəkərli diabet, xərçəng xəstəliyindən əziyyət çəkirlər. Bura müalicəvi pansionat deyil. Biz burada ancaq ilkin tibbi yardım göstərə, yüngül müalicələri elətdirə bilirik”.

Sədrin sözlərinə görə, pansionatda bir terapevt və 0,25 ştatla göz həkimi çalışır. Onlar bacardıqları qədər qocaları müalicə edirlər. Amma pansionat xəstəxana tipli olmadığı üçün burada müalicə işləri həyata keçirilmir: “Nəzərə almaq lazımdır ki, bu qurumun adı Müharibə və Əmək Əlilləri üçün Pansionatdır, müalicəvi pansionat deyil”. 

Əsədova bildirir ki, bəzən qocalar müxtəlif xəstəliklərdən müalicə olunmaq üçün müraciət edirlər. Lakin onlara başa salınır ki, burada müalicə məsələlərinə baxılmır. Burada qocalara yemək, paltar verilir, onlar çimdirilir, ilkin tibbi yardım göstərilir. Təzyiq xəstələrinin təzyiqi daim ölçülüb nəzarət altında saxlanılır, ürək xəstələrinə yardım edilir. Burada qocaları kimsə incitmir.

“Kimsəsizlər”in qohumları əşya davası aparırlar 

Sədrin sözlərinə görə, bəzən qocalar dünyasını dəyişəndə belə övladları gəlib onlarla maraqlanmır. 

“Bu yaxınlarda bir qoca dünyasını dəyişmişdi. Biz qızına xəbər verdik. O, bildirdi ki, imkanı yoxdur. Dedi ki, “özünüz dəfn edin”. Dünyasını dəyişən qocaları da özümüz dəfn edirik. Onları yudurduruq, maşın tutub aparıb “Kimsəsizlər qəbiristanlığı”nda dəfn edirik. Şüşə qabın içinə ad-soyadını, doğum və ölüm tarixini yazıb qoyuruq. Bəzən imkan daxilində halva çalıb ehsan da veririk. Amma elələri də var ki, atası öləndən sonra gəlib deyir “atam ölüb, ölüm kağızını ver”. Araşdırıram, məlum olur ki, ev atanın adınadır” – deyə pansionatın rəhbəri bildirir. 

O, Qocalar Evində dünyasını dəyişənlərin qohumlarının əmlak davası etdiklərini də bildirib: 

“Bu yaxınlarda Əsmət adında bir xanım rəhmətə getmişdi. Bir müddət sonra onun bibisi oğlu mənə zəng elədi. Soruşdu ki, Əsmət xanım ölüb, niyə bizə xəbər verməmisiz? Dedim, mən sənədlərə əsasən dəfn edirəm. Onun sənədlərində yazılıb ki, heç bir yaxın qohumu yoxdur. Deyir ki, bəs onun otağında televizor, soyuducu var idi. Deyirəm var, amma onlar Qocalar Evinindir. Mən gələndən onları burada görmüşəm, sübut edin ki, sizindir, verim. Baxın belə xırda şeylərin davasını edənlər var. Gəlib demirlər ki, mən qohumam, gəlim bir ehsan verim, qəbrini ziyarət edim. Ancaq əmlak, əşya davası aparırlar”.

Əsədova Müharibə və Əmək Əlilləri üçün Pansionatına 2014-cü ilin yanvar ayında rəhbər təyin edilib. 

Onun sözlərinə görə, yemək bişiriləndə belə qocalarla məsləhət edilir. Qocalar buradan əyləncəli verilişlərə göndərilir, corablar toxuyub satır, həyətdəki qozalardan qəşəng yolkalar düzəldir, rəsm çəkirlər. Əsədova deyir ki, xarici ölkələrdə Qocalar Evinə münasibət pis deyil. Çünki qocalar bu evlərə istirahət yeri kimi baxırlar. Bizdə isə münasibət başqadır. Onun fikrincə, övladlar valideynlərinə baxsalar, daha yaxşı olar.

Huşunu itirən arvadını “Qocalar Evi”nə atan kişi

“Bu yaxınlarda bura gözəl, səliqəli geyimli bir kişi gəlmişdi. Dedi ki, həyat yoldaşını gətirib bura qoymaq istəyir. Səbəbini izah elədi ki, qadının huşu yoxdur, evi dağıdıb tökür. İnsanlar elə düşünürlər ki, qadın və ya kişi sağlam olduğu müddətdə onlara lazımdır, sonra isə atmaq olar” – deyə Əsədova bildirir. 

O deyir ki, əslində qocalarla işləmək onlara da rahat deyil. Odur ki, pansionatda qocalarla müxtəlif problemlər yaşanır: “Məsələn, biri deyir məni göz həkiminə apar, əməliyyat elətdir. Bizim onları əməliyyat elətdirmək imkanımız yoxdur. Çünki onları aparıb-gətirmək üçün nəqliyyatımız yoxdur, həkimlərimizi də özünüz bilirsiz… Bəzi xəstələr aqressiv olurlar, yaralarını sarımağa imkan vermirlər. Qocalar çox problemlər yaşadıqları üçün bəzən aqressiyalarını bizim üzərimə tökürlər”. 

Pansionatın rəhbəri danışır ki, bəzən valideynləri dünyasını dəyişəndən sonra övladlar onları axtarmağa başlayırlar: “Bu yaxınlarda Rusiyadan biri gəlmişdi. Dedi ki, iki il əvvəl atası rəhmətə gedib, onun məzarını görmək istəyir. Şərait yaratdıq, gedib gördü”.

Bu pansionatın məşhur sakinləri də olub. Tanınmış diktor Rafiq Cəbiyev ömrünün son günlərini bu pansionatda keçirib. Diktoru yad edənlər, ziyarət edənlər az deyilmiş. “Bütün Azərbaycan onu görmək üçün bura axışırdı. Rəhmətə getdi. Slavyan Universitetində dekan müavini işləmiş bir nəfər burada qalırdı, tələbələri tez-tez gəlib onu görürdü. İndi də elə müəllimlərimiz var ki, tələbələri, şagirdləri onları görməyə gəlir” – deyə sədr bildirir. 

Qocaları atıblar, pensiya kartlarını isə özlərində saxlayıblar

Əsədova Qocalar Evinə könüllü maddi yardım edənlərin az olduğunu bildirib. 

O deyib ki, Qocalar Evində cəmi bir nəfər təqaüd almır. Digər bütün qocalar təqaüdçüdür və kartları da özlərindədir. Amma elə qocalar da var ki, yaddaşları zəifləyib və pensiya kartlarına yaxınları sahib çıxıb. 

“Elə qardaşlar, bacılar var ki, bacısının evini satıb, pullarını mənimsəyib, özünü isə gətirib bura atıb. Yaxud da, hansısa tanışı qocanın evinə yiyələnir, özünün isə gətirib bura qoyur. O gün də biri gəlmişdi, sənədinə baxanda məlum oldu ki, qocanın heç nəyi deyil, amma iki ildir onun evində qeydiyyata düşüb. Yaxşı olar ki, əlaqədar qurumlar bu məsələlərə diqqət etsinlər. Kimlərsə qocalara sahib çıxmaq adı ilə evlərini öz adlarına keçirirlər. 1-2 il sonra isə qocanı gətirib atırlar Qocalar Evinə. Bu işdə maklerlərin böyük rolu var. Sonra da deyirlər ki, həmin qocanı küçədən tapmışıq. Amma biz araşdıranda məlum olur ki, qocanın evinə sahib çıxıb özünü atıblar küçəyə”.

Qocalar Evinin təqaüd almayan yeganə sakininə gəlincə, sədr deyir ki, o bura QHT-lərin yardımı ilə gətirilib. Heç bir sənədi olmadığından, qocaya təqaüd düzəltmək mümkün deyil.

298
Əlaqədar
40 ildir "dizi yerə gəlməyən" qoca...
Yaşını unutmuş qoca: "Ukrayna qızları ölürdü səsim üçün"
Onlar niyə gec qocalırlar