Yekatrina Kazımova

"O teleaparıcılardan biri məndən 2000, o biri 1500 manat istədi..."

352
(Yenilənib 15:55 22.02.2017)
Bakılı Yekaterina Kazımovanın son ümidi isə Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir

BAKI, 21 fev — Sputnik. Valideyin qayğısından məhrum, dörd divar arasında keçən uşaqlıq… İnternat evlərində böyüyən uşaqlar real həyata uzun müddət alışa bilmirlər. Həyatın rəhmsizliklərlə dolu olduğunu, hər “sevirəm” deyənin doğru danışmama ehtimalının olduğunu bilmirlər. İnanırlar, aldanırlar, küçələrə düşürlər və küçələrdə məhv olurlar. Acınacaqlı olsa da belədir…

Sputnik Azərbaycan-a müsahibə verən Katya danışır ki, onun doğulandan bəxti gətirməyib, anası elə doğum evindəcə ondan imtina edib. 

Yekaterina Kazımova 1991-ci ildə Bakıda anadan olub. Körpələr evində böyüyən Katya bir qədər orada qalandan sonra uşaq evinə verilb: “Ayağımda qüsur olduğu üçün doğulan kimi anam məndən imtina edib. Anama demişdilər ki, gəzə bilməyəcək. 4 yaşım olanda uşaq evinə verdilər. Məktəb yaşına çatanda məni internat məktəbinə verdilər, təhslimi də orda davam etdirdim”. 

Qazax rayonunun Quşçu Ayrım kənd sakini Nuru Hacıyev
© Sputnik / Hikmet Orhun

Katya anasını ilk dəfə 4-cü sinifdə oxuyanda  görüb. Anası məhkum həyatı yaşadığı üçün onunla mütəmadi maraqlana bilməyib. Bu da Katyanın körpə ürəyini incidib. Anası onu görməyə gələndə bu dəfə Katya onu qəbul etmək istəməyib. 

“Atamı heç görməmişəm, bilmirəm kimdir. Heç vaxt mənimlə maraqlanmayıb ki, belə qızım var. İnternatı bitirdikdən sonra hamı peşə məktəbinə daxil oldu. Mən də istəyirdim ki, bir sənətin sahibi olum. Anam buna da icazə vermirdi. Hər zaman məni söyüb, təhqir edirdi, mənə “dəli” deyirdi. İnternat müdirləri də buna şahiddir. Həmin dövrdə qərar çıxmışdı ki, uşaqlar övladlığa verilsin. Mənim müdirim də anama demişdi ki, qızını gəlib götürməsən, bir də görməyəcəksən. O da məcbur olub gəlib məni götürmüşdü. Amma o məni çox incidirdi, döyürdü. Hardasa iki il onunla yaşadım” – deyir müsahibimiz.

Katyanın anası yenidən ailə həyatı qurduğu üçün həyat yoldaşı da qızlığını qəbul etmək istəməyib. Ailədə tez-tez qıza görə problemlər yaranıb. Bir gün anası Katyanı döyüb evdən qovub. Bir müddət küçələrdə qalan qız kafelərdə işləməyə başlayıb: “Təzyiq, epilepsiya və ayağımdakı problemlər rahat yaşamağıma imkan vermir. Bir müddət kirayədə qaldım, amma mənim üçün iş tapmaq çətindir. İnternat adı eşidəndə adamı yaxın buraxmırlar. Kirayə tutanda belə əziyyət çəkirəm. Baxırlar ki, subaysan, qeydiyyat isə internat. Heç kim yaxına buraxmır. İş üçün rayonlara qədər getmişəm. Ancaq kafelərdə işləyə bilirəm. Amma xəstəliyim mənə rahatlıq vermir”. 

Katya kafelərdə çalışdığı müddətdə bir hərbçi ilə tanış olub. Həmin hərbçini sevsə də, sevgisi uğursuz olub. Daha sonra başqa bir nəfərlə tanış olub. Sevildiyini düşünür: “Oğlan rusdur. Anasıgil məni görüb, bəyənmişdi. Bir müddət ailə kimi yaşadıq. Mən hamilə qalana qədər hər şey yolunda idi. Hamilə olduğumu bildirəndə mənə dedi ki, uşaq onun deyil. Nə qədər yalvarsam da, ağlasam da xeyri olmadı. Dedim ki, gedək DNT analizi edək. Dedi “yox, sənə inanmıram”. Keçən ilin sonlarında oğlanın nənəsi məni ayaqyalın, başıaçıq küçəyə atdı. Mən o ailənin gəlini idim. Amma valideyinləri oğlana inandılar, mənə yox”.

Katya indi küçələrdə qalır. Özü də 4 aylıq hamilədir. Bir neçə xəstəliyi olan qızın heç bir köməyi yoxdur. Dəfələrlə  kömək üçün televiziya proqramlarına çıxdığını deyən Yekaterina Kazımova proqramların ondan pul istədiyini deyir: “Televiziyalarda məşhur proqramların aparıcıları məndən pul istəyiblər. Onlar mənim həyatımı araşdırdılar, gördülər ki, yalan demirəm. Körpələr evində böyümüşəm, xəstəyəm. Amma insanlara kömək, ailə problemlərinin həlli adı ilə televiziyada proqram yaradıb reytinq qazanan məşhurlardan biri məndən 2000, o biri isə 1500 manat pul istədi (Katya həmin aparıcıların adlarını desə də, onların mövqeyini öyrənə bilmədiyimiz üçün yazmırıq – red.). Dedim yetiməm, heç kimim yoxdur. Mənim 2000 manatım olsa, kiminsə qapısını niyə döyüm ki? Proqramlara keçən ilin aprel-may aylarında müraciət etmişəm. Hələ ki, heç kim məni arayıb, axtarmır. Pulum yoxdur axı”. 

İndi Katyanın qalmağa yeri yoxdur: “Mənə kömək edin. Təkəm, heç kimim yoxdur. Uşağımın atası da uşağı qəbul eləmir. Xəstəyəm, xəstəliyim işləməyə imkan vermir. Səhiyyə Nazirliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə yardım etmələrini xahiş edirəm. Kimsəsiz uşaqlara ev verilir, mənim də qalacaq yerim yoxdur. Mənə ev verilsə, bir az da müalicə olunsam, övladımı dünyaya gətirib baxaram. İşləyə də bilərəm. Sadəcə mənə kömək etsinlər”.

Bu da bir taledir. Doğulandan bəxti gətirməyən gənc bir qızın taleyi. Kimsəsiz, xəstə və bətnində 4 aylıq körpə gəzdirən bir qızın. Son ümidi isə Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Katya hazırda küçələrdə qalır və aidiyyatı qurumlardan bir cavab gözləyir. Ümid edirik ki, onun harayına yetişənlər tapılacaq…

352
Teqlər:
məhkum həyatı, uşaq evi, təhqir, Faciəli tale, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Yekaterina Kazımova, Bakı
Əlaqədar
Sərxoş sürücü faciəyə səbəb oldu
Qar təmizləyən qadının faciəsi
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19