Bakı şəhərindən bir görünüş

Paytaxt əhalisi üçün 17 fevral zarafatı

12575
Yarım milyondan çox insanın əzabını müvəqqəti çətinlik kimi qəbul edin

BAKI, 20 fev — Sputnik. Etiraf edək ki, bu ölkədə özünü doğrultma göstəricisi 90 faizin üstündə olan yeganə proqnoz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) açıqladığı hava proqnozudur. Və ETSN hər zaman bir gün əvvəldən sabaha gözlənilən hava proqnozunu açıqlayıb camaatı xəbərdar edir.

Beləliklə:

"Bakıda və Abşeron yarımadasında fevralın 17-də arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yolların buz bağlama ehtimalı var".

16 fevral 2017-ci il,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti

Yenə həmin gün (hava proqnozu açıqlanandan 3-4 saat sonra) "Azəriqaz"dan da bir xəbərdarlıq gəlir:

"İstehlakçıların qaz təminatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın təmin edilməsi və şəbəkənin gücləndirilməsi üçün daxili qaz şəbəkəsində aparılacaq təmir işləri, qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, həmçinin istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar, nəzərdə tutulmuş təmir işləri aparılacaq. Görulən işlər zamanı, fevralın 17-si saat 09:00-dan 17:00-dək Abşeron, Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, eləcə də Xətai rayonunun Sarayeva, Q.Nəbi, Cavanşir, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlinski küçələrində, Gəncə prospekti və Zığ yolu ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. Yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edirik.

16 fevral 2017-ci il,
"Azəriqaz" İstehsalat Birliyi

Statistika

Baxın, parçaları birləşdirdikdə hansı mənzərə meydana çıxır. Heç bir müdaxiləsiz, şərhsiz və emosiyasız, sırf statistik rəqəmləri reallıqla tutuşduracağıq.

Abşeron rayonu (bu rayonu da şərti olaraq Bakıya daxil edək) üzrə əhali sayı: 01.01.2016-ci il tarixə qeydiyyatda olan əhalinin sayı 208,2 min nəfər, icra hakimiyyətinin araşdırmalarına əsasən isə 350 min nəfərdən artıq.

Binəqədi rayonu üzrə əhali sayı: 2016-cı il yanvar ayının 1-nə olan rəsmi məlumata görə, 260,4 min nəfər.

Nizami rayonu üzrə əhali sayı: 2016-cı il statistikasına görə, 247.000 nəfər.

Nəsimi rayonu üzrə əhali sayı: 01.10.2012-ci il tarixinə rəsmi qeydiyyatda 215 120 nəfər.

Yasamal rayonu üzrə əhali sayı: 01.01.2016-cı il tarixinə rəsmi qeydiyyatda 244 900 nəfər. Bundan başqa rayonda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 6226 ailə (23 795 nəfər) müvəqqəti məskunlaşıb.

Xəzər rayonu üzrə əhali sayı: Ən son statistikaya görə 163,500 nəfər.

Bu 6 rayon üzrə toplam əhali sayı 1 milyon 480 min nəfər edir. Bu da rəsmi qeydiyyatda olan ümumi paytaxt əhalisinin (2016-сı ilin əvvəlinə əhalinin sayı 2225,8 min nəfər), təxminən 65 faizi deməkdir.

Amma

Təbii ki, "Azəriqaz" bu sadalanan 6 rayonun bütün ərazisində vətəndaşların qazsız qalacaqlarını demirdi, "bir hissəsində" deyirdi. Gəlin, həmin bir hissəni ümumrayon əhalisinin sayının 1/3-i kimi nəzərdə tutaq. O zaman "Azəriqaz"ın hədəfinə təxminən:

Abşeron rayonunda — 117 min
Binəqədi rayonunda — 87 min
Nizami rayonunda — 83 min
Nəsimi rayonunda — 72 min
Yasamal rayonunda — 82 min
Xəzər rayonunda — 55 min

vətəndaş tuş gəlir. Bu da, yenə təxminən yarım milyona yaxın (496 min) sakin deməkdir. Üstəlik "Azəriqaz"ın "Aparılan işlərin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, eləcə də Xətai rayonunun Sarayeva, Q.Nəbi, Cavanşir, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlinski küçələrində, Gəncə prospekti və Zığ yolu ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür" xəbərdarlığını da nəzərə alsaq, yarım milyondan çox insan. Yəni, ümumi Bakı əhalisinin ¼-i qədər.

Deməli, "Azəriqaz" qarlı-şaxtalı 17 fevral günü (ETSN-in hava proqnozundan xəbərsiz olmaları mümkün deyil), Bakı və Abşeron yarımadasında yarım milyondan çox (aralarında uşaq, qoca, xəstə və sairin olması da istisnasızdır) insanın 8 saat (09.00-17.00) ərzində soyuqdan donmasını müvəqqəti çətinlik hesab edir. Və havaların nisbətən isindiyi vaxtlarda da aradan qaldırılması mümkün olan texniki nasazlığı ertələməyə lüzum görmür.

O yarım milyon insanın ahı var, qarğışı var…

P. S.

17 fevral günü gözlənilən təhlükədən dolayı, mətbuatın hay-küy salmasına qarşılıq "Azəriqaz"dan təxminən bu səpkidə bir cavab gəldi: "Yaxşı, görürük ki, hava çox soyuqdur, dünən planlaşdırdığımız təmir işlərini təxirə salırıq. Amma başa düşün, axı Bakı və Abşeron qaz təchizatı şəbəkəsinin xeyli hissəsi ötən əsrin 60-70-ci illərindən qalmadır".

Yəni ki, çox da şey eləməyin, bir zarafat idi, oldu-keçdi.

12575
Teqlər:
ETSN, Binəqədi, sakin, "Azəriqaz", Nəsimi, Nizami, Yasamal, əhali, qar, qaz, Abşeron, Xəzər, rayon, Bakı, paytaxt, şaxta, proqnoz, hava
Əlaqədar
"Azəriqaz" qaz kəsilmələrinə aydınlıq gətirdi
Səngəçalda qaz kəmərində yanğın söndürülüb
Azərbaycanda qaz xəttində partlayış baş verib
Qaz və işığın qiymətinin qaldırılması ilə bağlı yeni təklif verildi
Qaz idarəsinin işçisini qətlə yetirdilər
Rövnəq Abdullayev "qaz böhranı"na aydınlıq gətirdi
Ölkədə qaz böhranı başlayıb – rəsmi açıqlama