Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Bahalaşma dalğası aprel ayınadək davam edəcək"

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidMarket
Market - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Qiymətlər rəsmi statistikada göstərilən rəqəmlərdən daha çox artıb"

BAKI, 16 fev — Sputnik. 2016-cı ilin yanvar ayına nisbətən 2017-ci ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 14,5 faiz bahalaşıb. Cari ilin yanvar ayında 2016-cı ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 2,8 faiz bahalaşıb.

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, heyvanın, narın, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun qiymətlərində bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Artıq rəsmilər də ölkədə bahalaşmanın olduğunu etiraf edirlər. Məsələn, Baş nazirin müavini Əli Əhmədov qiymətlərdə müəyyən artımın olmasının etiraf edilməli olduğunu bildirib. O, qiymət artımının qarşısının mümkün qədər alınması üçün dövlət tərəfindən proqram hazırlandığını da söyləyib.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, rəqəmlərdən göründüyü kimi, artımlar kifayət qədər böyükdür: "Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərində belə kifayət qədər böyük rəqəmlərlə ifadə edilən artımlardan söhbət gedir. Ərzaq məhsullarının qiymətlərində 15 faizə yaxın artımın qeydə alınması böyük inflyasiya göstəricidir".

Onun sözlərinə görə, müstəqil qiymətləndirmələr göstərir ki, ərzaq məhsullarının qiymətində Dövlət Statistika Komitəsinin elan etdiyindən daha çox artımlar var: "Xüsusilə, idxal olunan məhsulların qiymətində bu ilin yanvar ayında artımlar müşahidə olunur. Xüsusən də daha çox istehlak olunan kərə yağı və ət məhsullarının qiymətlərində artımlar qeydə alınıb. Nəticə etibarı ilə vətəndaşın istehlak etdiyi bir sıra əsas ərzaq məhsullarının qiymətlərində artımlar müşahidə edilib".

"Baxmayaraq ki, Statistika Komitəsinin elan etdiyi rəqəmlərdə hiss edilən dərəcədə ciddi qiymət artımları var, amma reallıqda qiymət artımının daha çox olduğunu güman edirik" — deyə o, qeyd edib.

Ekspertin fikrincə, qeyd edilən meyvə-tərəvəzin qiymətində artımlar daha çox mövsümlə bağlıdır: "Mövsüm dövründə bazara çıxarılan meyvə-tərəvəzin həcmində azalmalar müşahidə olunur. Və bu da qiymət artımlarına gətirib çıxarır. Bu artımlar birbaşa mövsümi xarakter daşıyır. Qış mövsümü olduğuna görə, bazarda təklif azalıb. Fermer təsərrüfatlarının, eləcə də idxal ilə məşğul olan sahibkarların bazara daha ucuz məhsul çıxartmaq imkanları məhdudlaşıb. Bu da qiymət artımına gətirib çıxardır".

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

V. Bayramov fevral-mart aylarında da bu tip artımların davam edəcəyini proqnozlaşdırır: "Amma aprel ayından başlayaraq bu tendensiya xeyli dərəcədə stabilləşə bilər. Xüsusən yay aylarında meyvə-tərəvəzlə bağlı daha stabil qiymətlər müşahidə edə bilərik".

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanda statistik məlumatların doğruluğunun və peşəkar qaydada hazırlanmasının şübhə doğurduğunu təəssüflə deyib: "Çünki alternativ mənbələr yoxdur. Bir çox ölkələrdə rəsmi statistik rəqəmlərdən başqa alternativ mənbələr olur və onlar da hesablamalar aparırlar. Nəticədə, insanlara müxtəlif məlumatlar verilir və bunların əsasında ümumi bir fikir formalaşır. Azərbaycanda isə tək Dövlət Statistika Komitəsi rəsmi hesablamalar aparır. Və onun açıqladığı rəqəmlərdə müəyyən dərəcədə insanlarda şübhə yeri yarada biləcək vəziyyət yaranır. Çünki vətəndaşlarımız onsuz da hər gün ərzaq məhsullarının gündəlik qiymət dəyişiminin şahidi olurlar".

Ekspertin sözlərinə görə, 2017-ci ilin yanvarında 2016-cı ilin yanvar ayına nisbətən ərzaq məhsullarının qiymətlərinin 14,5 faiz bahalaşması o qədər də reallığı əks etdirmir: "Çünki elə tək məzənnədə 15 faizdən çox fərq yaranır. 15 faizdən çox yaranmış fərq qiymətlərdə də əksini tapmalıdır. Buna görə də statistik məlumatların hansı dərəcədə doğru olub-olmadığını yoxlamaq üçün ölkədə alternativ mənbələrin yaradılmasına ehtiyac var. Bu, vətəndaş cəmiyyəti institutları, hansısa həmkarların və yaxud məslək birlikləri də ola bilər".

"Məsələn, Türkiyədə rəsmi dövlət statistikasından başqa, məslək quruluşları, yəni, hər hansı bir topdan və pərakəndə satışla məşğul olan iş adamlarının dərnəkləri hər ay alternativ statistika açıqlayırlar. Bunların açıqladığı rəqəmlər biznesə, vətəndaşlara da bir yol göstərmək üçün önəmli olur. Azərbaycanda da belə bir təcrübəyə keçməyə ehtiyac var" — deyə o, qeyd edib.

N. Cəfərlinin fikrincə, meyvə-tərəvəzin qiymətinin bahalaşmasına mövsümi amillər təsir edir: "Əsasən kənd təsərrüfatı məhsullarının qiymətlərində qış aylarında həmişə ciddi bahalaşma müşahidə olunur. Qış aylarında idxal məhsulları bazarda daha önəmli yer tutur. Bu da məzənnə fərqinə görə onların da qiymətinin artımına səbəb olur".

Xəbər lenti
0