Mübahisə edən kişi və qadın, arxiv şəkli

Onlar üçün "qırmızı xətt" anlayışı yoxdur

826
(Yenilənib 18:37 10.02.2017)
Psixoloq: "Söyüşlə danışan adamın qadını-kişisi olmaz. Söyüş insanın daxili aləminin təzahürüdür"

BAKI, 10 fev — Sputnik. Söyüş qarşı tərəfin şəxsiyyətinə yönəldilmiş təhqirdir. Başqasını alçaldıcı sözlərlə təhqir edən şəxs öz eqosunu tamamlayır və qarşı tərəfi özünün yaratdığı obrazda görməyə başlayır. Çox zaman söyüş insanın keçirdiyi əsəb və sinir halının sözə çevrilmiş forması olur. Və hər kəs öz əsəb və stresini daxili dünyasına uyğun şəkildə ətrafa püskürür. 

Psixoloq Fərqanə Mehmanqızı
© Sputnik / Irade JELIL
Psixoloq Fərqanə Mehmanqızı

Bəziləri söyür, bəziləri təhqir edir, bəzisi tənqid edirlər. Yəni, bu, insanın daxili dünyasına xas xüsusiyyətidir. "Söyüşü kişilər söyər" deyə bir qayda yoxdur. Ümumiyyətlə cinsindən, yaşından, milliyyətindən asılı olmayaraq heç kim söyüş söyməməlidir.

"Mən yaxşıyam, sən pissən"

Psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insan söyüş söyəndə affekt vəziyyətdə, söyüşlər isə insan şüurunun ID halında olur: "Yəni hər kəs ID halında öz şəxsinin gizli yönlərini biruzə verir, öz hərəkət və davranışlarıyla maskalanmamış halda olur. Bu baxışı sərgiləyərkən elə hesab edir ki, hamı onun söydüyü insana eyni cür baxır. Bu inanc onu sakitləşdirir. Söyüş söyən şəxsdə "mən yaxşıyam, sən pissən" fikri formalaşır".

"İnsanlar affekt haldan ayıldıqdan sonra etdikləri hərkətlərə görə peşman olur, çox utanırlar. Bəzi insanlar öz affekt vəziyyətlərini dərk edə bildikləri üçün stressli, əsəbi məqamlarda kənara çəkilib sakitləşməyi, olduqları məkanı tərk etməyi üstün tuturlar. Bu, özünə hörmətdən irəli gəlir" — psixoloq bildirir.

Bununla belə, Mehmanqızının fikrincə, söyüşlə qarşı tərəfi idarə etməyə çalışanlar, söyüşlə özünü müdafiə etməyə çalışan insanlar xaraktercə zəif insanlar olurlar: "Belə insanlar ətrafdakılara onlarda "qırmızı xətt"in olmadığını, "azad" olduqlarını təlqin etməyə çalışırlar. Çünki özünə hörmət edən insanlar "qırmızı xətti olmayan" və "danışıq azadlığı olan" şəxslərdən çəkinir. Onlar təhqir olunmaq və ya qarşısındakı insanların səviyyəsinə düşmək istəmirlər. Söyüş söyən insanlar isə "hər an səni təhqir edə bilərəm, mənim iradəmi qəbul et" mesajı verirlər".

Psixoloq hesab edir ki, söyüşlər danışıq tərzinə keçdikcə insan üçün mənəvi dəyərlər kiçilir: "Və onun münasibət qurduğu insanlarla da eyni hal baş verir. Daxilindəki zəif insanı müdafiə etmək üçün ətrafa təhqir saçanlar özləri təhqir olunmaqdan çox qorxurlar". 

Düz sözə nə deyəsən...
© Karikatura
Düz sözə nə deyəsən...

Bəs qadın söyüş söyər?

F. Mehmanqızının fikrincə, leksikonunda söyüşdən çox istifadə edən qadınlar daxilən qorxaq və güvənsiz olurlar: "Belə qadınlar öz kövrək, həssas xarakterini zəiflik kimi görür və utanırlar. Bu utanc isə onda aqressiya yaradır. Belə qadınlar xarakterində zəifliyi aradan qaldırmaq əvəzinə alçaldılmaqdan, əzilməkdən qorxduqları üçün cəmiyyətə "azad danışan qadın" mesajını verirlər. Əgər fikir versəniz, görərsiniz ki, bu gün qadınlar yersiz söyüşlərdən istifadə edirlər. Kiminsə haqqında danışanda o insan haqqında fikirlər mənfidirsə, bunu söyüşlə ifadə edirlər. Söyüşlü ifadələr ətrafa "məndən qorxun" mesajını veriri".

"Söyüşlə danışan adamın qadını-kişisi olmaz. "Bu, qadındır, söyüş söyməməlidir" fikri yanlışdır. Söyüş insanın daxili aləminin təzahürüdür" — psixoloq vurğulayıb.

Sosioloq Əhməd Mansurovun sözlərinə görə isə, qadınların söyüş söyməsi əxlaq normalarına uyğun gəlmədiyi üçün cəmiyyət tərəfindən birmənalı qəbul edilmir: "Söyüş söymək insanların emosional vəziyyəti və tərbiyə ilə bağlıdır. Bəzən söyüş söyən uşaqlarla da qarşılaşırıq.Əgər uşaq söyüş söyülən ailədə böyüyürsə, o da söyüşlə danışacaq. Bəzi zonalar var ki, orada insanlar bir-biri ilə söyüşlə danışırlar, amma bunu pis qarşılamırlar, təhqir hesab etmirlər. Mən həmin zonadan olduğumdan, buna şahid oluram. Ancaq elə yerlər var ki, söyüşü heç cür qəbul etmirlər".

Sosioloq Əhməd Mansurov
© Photo : Şəxsi arxivindən
Sosioloq Əhməd Mansurov

O, qadınların söyüş söyməsini normal hal hesab etmir: "Bu hal qadını vulqarlaşdırır. Əgər bir cəmiyyətin qadını gündəlik danışığında söyüş, təhqir işlədirsə, demək cəmiyyət getdikcə öz etik dəyərlərini itrir. Buna yol vermek olmaz. Bu, bizim milli mentalitetimizə də uyğun gəlmir. Təbii ki, belə qadınlara qarşı qınaq, tənqid olacaq. Cəmiyyət arasında söyüş ifadələriylə danışmaq əxlaqsızlığın, bəzi insalara qarşı zorakılığın bir növüdür".

Ə. Mansurov qeyd edir ki, kimliyindən asılı olmayaraq cəmiyyət arasında söyüşlə danışan insanlar qınaq obyektinə çevrilməli, onların söyüşlə danışmasına icazə verilməməlidir: "Çünki bu, cəmiyyətin dilini, danışığını poza bilər".

826
Teqlər:
Əhməd Mansurov, söyüş, Fərqanə Mehmanqızı, əxlaq, sosioloq, kişi, psixoloq, insan, qadın, cəmiyyət
Əlaqədar
Dövlət başçısı söyüş söyməyəcəyinə and içdi
Mikrofonun açıq qaldığını unudan Sergey Lavrov söyüş söydü
İslamı qəbul edənə kimi içki içən, söyüş söyən olmuşam
5G K9 robotu, arxiv şəkli

Qazandığımızı tam itirə bilərik: təşəbbüsü robotlara verməklə...

10
(Yenilənib 11:19 13.08.2020)
Bu gün dünyada işsizlikdən əziyyət çəkən, gündəlik çörək tapa bilməyin milyonlarla insan var. Hər yeni robotlaşdırılmış sistem onların sayını birə-on artırır.

Rusiyada robotlar üçün gəlir vergisinin tətbiq edilməsi ideyası gündəmə gəlib. Rusiyanın Mütərəqqi Təhsil İnstitutu belə bir təkliflə Maliyyə Nazirliyinə müraciət edib. Analitiklərin fikrincə, süni intellektin inkişafı yaxın 15-20 ildə 20 milyon rusiyalını işsiz qoya bilər. Vergidən gələn məbləği satıcı, kassir, analitik, mühafizəçi peşələrində çalışan insanların başqa yöndə təhsil almasına yönəltmək mümkün olacaq.

“Terminator” filminin ilk versiyası nə qədər fantastik görünürdüsə...

Süni intellektin, robotların, “ağıllı əşyaların”, androidlərin tədricən insanı bir sıra sahələrdən sıxışdırıb çıxaracağı barədə yüzlərlə bədii və sənədli film çəkilib. 1984-cü ildə ekranlara çıxan, milyonların sevimlisinə çevrilən “Terminator” filminin ilk versiyası nə qədər fantastik görünürdüsə, müasir dövrün prizmasından bir o qədər də primitiv təsir bağışlayır. Bu gün artıq robotlaşdırılmış və avtomatlaşdırılmış zavodlar, internet və onun yaratdığı informasiya mühiti, evi tam idarə edən avadanlıq və yüzlərlə texnoloji yenilik reallaşıb.

Robotlar insanı, sözün əsl mənasında, sıxışdırıblar. Həyatını daha rahat və komfortlu görməyə can atan insan onu hər yerdə əvəzləyə biləcək texnologiya yaradıb, bu barədə hər gün bəh-bəhlə danışır da. Analitiklər robotların bəşəriyyətin gələcəyinə nə cür təsir edəcəyi ətrafında dayanmadan mübahisə edirlər. Tərəqqinin qarşısını almaq mümkünsüzdür, hər gün yeni texnologiya yaradılır və hər yeni texnologiya dünənin köhnəlmiş avadanlığını əvəzləyir. Hər yeni nəsil robotları daha mükəmməl və funksional fəaliyyət göstərir.

Fantastik filmlərdə gördüyümüz səhnələr reallaşa biləcəkmi?

Robotların insanı tam sıradan çıxarması, Yer üzündə milyardlarla insanı işsiz qoymağı mümkündürmü? Fantastik filmlərdə gördüyümüz səhnələr reallaşa biləcəkmi? Adətən yeni avadanlıq, texnologiya istehsal edən şirkətlər, bu sahədə çalışan insanlar tarixə istinad etməyi sevirlər. Antik dövrdə gəmi qulların vasitəsilə hərəkət edirdi, bir müddət sonra taqətdən düşənlərin yerini digərləri tuturdular. Tədricən yelkənli gəmilər meydana gəldi, onları buxarla işləyən gəmilər əvəzlədi. Hazırda atom enerjisi ilə hərəkət edən gəmilər yaradılıb. Okeanda üzən kiçik bir şəhərcikdir sanki.

Avtomobil, dəmir yolu, aviasiya nəqliyyatı inkişaf etdikcə bir çox peşələr sıradan çıxdı. Orada-burada nadir hallarda faytonlara rast gələ bilərik, o da elə-belə gözəllik üçündür. Robototexnikanın sürətli inkişafı bir tərəfdən bəşəriyyətə nə qədər xeyir versə də, bir o qədər də özü ilə problem gətirməkdədir. Bəzən problemin kökünü hələ də anlamırıq. Vaxtilə hər yeni yaranan texnologiya əsasən insanı ağır fiziki zəhmətdən azad edib. Əgər bir neçə əsr öncə dünya əhalisinin 90 faizi kənd təsərrüfatında çalışırdısa, hazırda bu göstərici 3-5 faizə enib. Yəni əvvəllər bu qədər insanın gördüyü işi hazırda müxtəlif növ texnikanın köməyi ilə reallaşdırırıq. Məhsulu da bazara çatdırmaq problem deyil, hər cür sürətli nəqliyyat növü icad olunub.

Robotlar insanı hansı sahələrdən uzaqlaşdırır? 

Ağır, fiziki əməkdən azad olan insan gücünü elmin, ədəbiyyatın, incəsənətin inkişafına yönəldib. Minlərlə böyük şəhər və meqapolisdə dünya əhalisinin böyük hissəsinin toplanmasına şərait yaradılıb. Amma robotlar bəşəriyyət üçün daha təhlükəlidir, çünki artıq insan həm fiziki əməkdən azad olub, həm də düşünmək funksiyasını süni intellektin idarə etdiyi sistemlərə ötürməklə məşğuldur. Robotlar insanı hansı sahələrdən uzaqlaşdırır? 

Sənaye miqyasında robotlar olduqca geniş istifadə edilir, zavod və fabriklərin bir çoxunda avtomatlaşdırılmış xətlər fəaliyyət göstərir. Hərdən reklamda da tez-tez “insan əli dəymədən istehsal edilib” ifadəsini eşidirik. Qida və alkoqol sənayesində, avtomobil, mobil telefon, smartfon, kompüter istehsalında çoxdan robotlar insanı əvəzləyib. Hətta son dövrlərdə sənaye müəssisələrini ABŞ-a qaytarmaq ideyasını dəstəkləyən Tramp administrasiyası ölkədə tam robotlaşdırılmış zavodların quraşdırılması üçün münbit şərait yaradıb, Çinin “Huawei” şirkətini ABŞ bazarından uzaqlaşdırmaqla İsveçin “Ericsson” şirkətinə ölkə daxilində tam robotlaşdırılmış müəssissə tikməyə imkan verib. Texas ştatında 2020-ci ildə fəaliyyətə başlayan bu “ağıllı fabrik” artıq 5G stansiyaları buraxır. 

Müasir robotlar nəyisə öyrənməkdə insanı qabaqlayır

Geyim istehsalı adətən dünyanın bir çox yerində milyonlarla insanı işlə təmin edirdi. Hazırda robotlar bu sahəni də tədricən ələ alırlar. Almaniyanın “Adidas” şirkəti dünyaca məşhur idman geyimi və ayaqqabılarını artıq Avropada robotların köməyi ilə istehsal etməyə başlayıb. ABŞ-da tam avtomatlaşıdırılmış geyim fabrikləri də fəaliyyət göstərir.

Robotlar insanı supermarket kassasında, avtomobil sükanı arxasında, təyyarənin idarə edilməsində, hərbi döyüş zonalarında əvəzləməkdədir. Özü də insanın yol verə biləcəyi səhvlərin heç birini etməz, etsə də, cəmi bir dəfə. Müasir robotlar nəyisə öyrənməkdə insanı qabaqlayır, gün-gündən mükəmməlləşirlər. Amma problem daha dərindir, çünki robotlar insanın məhz düşünmək imkanını əlindən alırlar. Bu, bəşəriyyət üçün sözün əsl mənasında təhlükədir. Belə olan halda insanın deqradasiyası, onun həm fiziki imkanlarının, həm də intellektual potensialının aşağı enməsi qaçılmazdır. Biliyi bir nəsildən digərinə ötürmək də zamanla əhəmiyyətsiz olacaq, süni intellektin qurduğu dünyada, onun yaratdığı sistemdə yaşamalı olacağıq. Heç bir fəaliyyət üçün səbəb olmayacaq.

Bəşəriyyətə nə qədər yazıçı, rəssam, heykəltəraş, bəstəkar lazımdır?

Həkimlər, hüquqşünaslar, jurnalistlər, tərcüməçilər, ümumiyyətlə, ofis işçilərinin əksəriyyəti işsiz qalacaq. Cərrahlıq edən robotlar, hüququ mükəmməl mənimsəyən, hər gün mətbuat üçün yüzlərlə xəbər yazan proqramlar yaradılıb. İnsana müəyyən dərəcədə özünü yaradıcılıqda ifadə etmək mümkün olacaq. Amma bəşəriyyətə nə qədər yazıçı, rəssam, heykəltəraş, bəstəkar lazımdır? Bəs qalan insanlar nə işlə məşğul olacaqlar?

Elə bu gün dünyada işsizlikdən əziyyət çəkən, gündəlik çörək tapa bilməyin milyonlarla insan var. Hər yeni robotlaşdırılmış sistem onların sayını birə-on artırır. Geyim hazırlamağın, smartfon və ya kompüter istehsal etməyin də mənası qalmayacaq. Bunu ala bilən insan yoxdursa, düzəltməyə dəyərmi? Bəşəriyyət artıq bu gün texnologiyanın yarada biləcəyi fəsadları aradan qaldırmaq yollarını araşdırmalıdır. Təşəbbüsü robotlara verməklə qazandığımızı tam itirə də bilərik.

10
Yemək yeyən insanlar, arxiv şəkli

Dağ kəndində karantin rejimini pozan kafe aşkarlanıb

10
(Yenilənib 10:45 13.08.2020)
Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Şəfəq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

BAKI, 13 avqust — Sputnik. DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Sputnik Azərbayacan-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Şəfəq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyekt sahibi və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

10
Argentinada epidemioloji vəziyyət

Virus gücünü itirmir, rəqəmlərsə atır

0
(Yenilənib 11:39 13.08.2020)
Yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 5 milyon 197 min 148 nəfərə çatıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 20 621 949 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 749 372 nəfər vəfat edib, 12 828 195 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 5 milyon 197 min 148 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 900 745 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0