20 yanvar dairəsi

Üç rəsmi qurum bu problem üzərində baş sındırır

854
Bakının yeni işıqforları: daha yaxşı olmasını istədilər, amma heç nə dəyişmir

BAKI, 9 fev — Sputnik. Bütün cəhdlərə baxmayaraq, "20 yanvar" dairəsində yaranan tıxaclar paytaxtın şimal girişi istiqamətində hərəkət edən avtomobillərə problem yaradır. Sputnik Azərbaycan-ın məlumatına görə, "20 yanvar" metrostansiyasının ətrafında bir neçə işıqfor quraşdırılsa da, tıxac problemi həllini tapmayıb.

Əvvəllər yol polisi nəqliyyat axınının hərəkətini tənzimləmək üçün avtomobilləri müvafiq yollara yönləndirirdi. Sözügedən ərazidə hərəkətin yol inspektorlarının nəzarəti altında baş verməsini Hindistan yollarındakı vəziyyətlə müqayisə etmək olardı.

Amma bu günlərdə sözügedən əraziyə yeni işıqforlar quraşdırıblar. Sürücülər artıq tıxaclarda "çürüməyəcəkləri" ümidi ilə rahat nəfəs almağa başlamışdılar. Fevralın 6-dan başlayaraq, həmin işıqforlar elektrik enerjisi ilə təchiz edilmişdi.

Lakin gözləntilərin əksinə olaraq, yollarda tıxac aradan qalxmadı, əksinə, vəziyyət daha da pisləşdi. Hazırda orada yüksək nəqliyyat sıxlığı müşahidə edilir. Əvvəllər bu tıxac Bakı Beynəlxalq Avtovağzalından başlayırdısa, indi daha da uzaqdan — Xırdalan dairəsindəki tuneldən başlayır.

Bu vəziyyəti Sputnik Azərbaycan-a şərh edən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, BNA-nın ekspertləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) və "Azəravtoyol" ASC əməkdaşları ilə birlikdə aylarla işləyərək "20 yanvar"dakı nəqliyyat axınının hərəkətini tənzimləmək üçün 6 tövsiyə irəli sürüblər: "Onlardan ikisi artıq həyata keçirilib. Onlardan biri işıqforların quraşdırılması, digəri isə yolların Moskva prospekti istiqamətindəki tunelin çıxışına doğru 6 zolağa qədər genişləndirilməsidir".

"Növbəti mərhələ nəqliyyat vasitələrinin Müzəffər Həsənov, Zərdabi küçələrinə və Tbilisi prospektinə dönməsi üçün keçidin qoyulmasıdır. Yalnız bütün kompleks tədbirlər görülüb başa çatandan sonra nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək mümkün olacaq. Lakin bu gün "20 yanvar"dakı nəqliyyat qovşağında münaqişə nöqtələri qalmaqda davam edəcək. Bununla əlaqədar olaraq, orada nəqliyyatın hərəkətində ləngimə müşahidə olunur və nəticədə də tıxac yaranır" — M. Ağayev bildirib.

Bununla yanaşı, BŞBDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, "20 yanvar dairəsi" adlanan ərazidə süni vasitələrlə sıxlığın aradan qaldırılması və yol-nəqliyyat hadisələrinin sayının azalması üçün islahatlara ehtiyac var: "20 yanvar"da işıqforların quraşdırılması, nəqliyyat vasitələrinin keçidini tənzimləmək üçün zəruri idi. Hazırda zəruri avadanlıq quraşdırılıb və eksperiment aparılır. Tamamilə mümkündür ki, tədqiqatların nəticələri müsbət olsa, bu ərazidə nəqliyyatın hərəkəti işıqforların köməyi ilə tənzimlənəcək".

O, əlavə edib ki, "Xırdalan dairəsi"ndən başlanan tıxaclara səbəb yeni işıqforlar yox, oradakı "Şamaxinka" deyilən yerə çıxan küçələrdəki iki piyada keçididir.

Rəyini soruşduğumuz sürücülər yekdilliklə bildirdilər ki, onlar "20 yanvar"da işıqforun köməyi ilə problemin həllinə tərəfdardırlar. Onlar qeyd ediblər ki, işıqfor əsasən problemli olan bir istiqamətə mütləq qoyulmalıdır. Söhbət Tbilisi prospektindən Moskva prospektinə keçiddən gedir. Burada hərdən avtomobillər körpünün altındakı dairəvi yola düşmək üçün uzun müddət gözləməli olurlar.

854
Teqlər:
işıqfor, "20 yanvar", Mais Ağayev, dairə, tıxac, hərəkət, küçə
Əlaqədar
Avtobuslar üçün ayrılmış xüsusi zolaqlar tıxac problemini həll edəcəkmi?
Paytaxtda tıxacın qarşısını almaq məqsədilə növbəti addım
Paytaxtın tıxac yaşanan küçələri açıqlandı
Göydələnlərdən və tıxaclardan "bixəbər" paytaxt
Bakı-Sumqayıt yolundakı tıxac problemi noyabrın sonunda həll olunacaq
Ziya Bünyadov prospektində baş vermiş qəza tıxaca səbəb olub