Tapança

Surqutda öldürülən azərbaycanlı kimin gülləsinə tuş gəlib

558
Azərbaycanlı Surqutdakı "Kafe Rus"da təsir sahələrinin bölüşdürülməsi uğrunda mübarizənin təsadüfi qurbanı olub

BAKI, 6 fev-Sputnik. Ötən həftənin ikinci günü Surqutdakı kafedə güllələnən azərbaycanlı kriminal münaqişənin birbaşa iştirakçısı olmayıb. Bu barədə Sputnik Azərbaycan-a Surqutdan olan məşhur hüquqşünas Amil Abbasov məlumat verib.

Belə ki, yanvarın 31-də günorta saat 2:00 radələrində Andreyevski adlanan yerdəki "Kafe Rus"da iki qrup arasında dava olub. Münaqişə nəticəsində Ağdam rayonundan olan 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov öldürülüb. Kişi iki güllə yarası alıb. Güllələrdən biri onun sinəsinə, ikincisi isə başına dəyib. Aldığı yaralardan Zeynalov elə yerindəcə keçinib. Onun ölümünə səbəb kiçik kalibrli odlu silahdan açılan atəş olub. Qətlin törədildiyi silah hadisə yerində tapılmayıb.

"Cinayət baş verəndən dərhal sonra cinayətkarlar gizləniblər. Hazırda hüquq-mühafizə orqanları qətli törədənlərin axtarışı ilə məşğuldur. Şübhəlinin şəxsiyyəti müəyyənləşib. Bu şəxs də əslən azərbaycanlıdır. Onun adı istintaqa məlum olsa da, istintaq sirri olduğu üçün açıqlanmır" — hüquqşünas bildirib.

Onun sözlərinə görə, Zeynalov özü birbaşa münaqişənin iştirakçısı olmayıb. O, münaqişə tərəflərini ayırmaq və sülh yaratmaq istəyib, lakin onun bu humanist davranışı özünün ölümü ilə nəticələnib. Ona gülləni kimin vurduğu da hələlik məlum deyil. Cinayətin ayrıntıları hələlik aydınlaşdırılır.

  

Məlumdur ki, qətlin baş verdiyi kafenin sahibi Rusiya vətəndaşı olan azərbaycanlıdır. Bura kriminal aləmin nümayəndələri tez-tez toplaşır. Yanvarın 31-də burada iki kriminal qruplaşmanın üzvləri görüşüblər.

Zeynalova gəlincə, o, rəsmən işsiz kimi qeydə alınıb. 90-cı illərin əvvəllərindən etibarən Surqutda yaşayır və nə işlə məşğul olduğu məlum deyil.

Hüquq-mühafizə orqanlarının versiyasına görə, təsir sahələri uğrunda mübarizə münaqişəsinin başlıca səbəbi olub. Azərbaycanlıların daxil olduğu bu qruplaşmalar çoxdandır Surqut küçələrini öz aralarında bölüşdürməyə, yerli iş adamlarını özlərinə tabe etdirməyə və təhlükəsizliyi təmin etmək adı ilə onlardan xərac toplamağa cəhd edirlər. Bu qruplar 2000-ci illərin əvvəllərindən indiyə kimi bir-biriləri ilə yola getmirlər və münaqişə vəziyyətindədirlər.

"Təəssüf ki, artıq çoxdandır Surqutdakı azərbaycanlı diasporuna dinclik yoxdur. Onlar daim bu cür münaqişələrdə istifadə olunurlar. Bir həftə əvvəl Xantı-Mansiyskdə də iki qrup arasında dava olub. Orada maskalı adamlar azərbaycanlılara hücum ediblər. Həmin münaqişə də təsir sahələri üstündə idi" — hüquqşünas deyib.

Abbasovun sözlərinə görə, nə qədər ki, hüquq-mühafizə orqanlarının nümayəndələri korrupsiyalaşıblar, azərbaycanlılar az, ya da çox dərəcədə həmişə bu cür münaqişələrə cəlb ediləcəklər. Əgər asayiş keşikçiləri həqiqətən də qanun-qayda yaratmaq istəsəydilər, çoxdan onların "bazar"ını bağlamışdılar.

Hüquqşünas qeyd edib ki, hazırda Surqutda yaşayan azərbaycanlıların sayı 15-50 min civarında dəyişir.

558
Teqlər:
Amil Abbasov, Siyavuş Zeynalov, Surqut, hüquqşünas, kriminal, Ağdam, Rusiya
Əlaqədar
"Kriminal avtoritet"in bütün ailəsinin qətlinə fərman verilib
Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri kriminal aləmi silkələyəcək
Kriminal aləmdə tarixi ittifaq
Bakıda "kriminal avtoritet"lər arasında atışma olub
Azərbaycanda böyük kriminal kataklizmlər təhlükəsi