Qadın

BMT-dən Azərbaycan qarşısında absurd tələb

1589
İsmayıl MƏMMƏDLİ
Görünür, yuxarıdan problemin tezbazar həll edilməsinə dair sərt göstəriş gəlib

BAKI, 6 fev — Sputnik. Deməli, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi Azərbaycandan Əmək Məcəlləsindəki (ƏM) qadın əməyinin qadağan edildiyi peşələr və iş yerləri ilə bağlı maddələri qaldırmağı tələb edib. Bu barədə Sputnik Azərbaycan-a "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın sədri Sahib Məmmədov məlumat verib.

Teatr pərdəsi. Arxiv şəkli
© Photo : PUBLIC DOMAIN

Onun sözlərinə görə, Əmək Məcəlləsində qadınların hansı sahələrdə işləyə bilməyəcəkləri konkret yazılıb: "Misal üçün, zərif cinsin nümayəndəsi nə qədər çəkisi olan yükü neçə metr məsafəyə və hündürlüyə daşıya bilər; qadınların yer altında işləmək şərtləri, gecə növbələri və s. Məcəllənin mətnindən də anlamaq olar ki, qadın taksi sürücüsü ola bilər, amma yük maşınının sürücüsü yox. Məsələn, yük maşınının təkərinin ağırlığı 70-80 kiloqramdır, əgər birdən yolda onu dəyişmək lazım gəlsə, zərif cinsin nümayəndəsi bunu bacarmayacaq".

Hüquq müdafiəçisi bildirib ki, hələ bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" Konvensiyaya qoşulub: "Bu sənədin qadınların reproduktiv sağlamlığının mühafizəsi haqqında tələbi var. Amma bir problem yaranıb. Bir sıra beynəlxalq təşkilatlar, eləcə də BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi Azərbaycandan tələb edir ki, ƏM-də qadınlarla bağlı qadağalar ləğv edilsin. Beynəlxalq təşkilatlar bu qadağalara qadın hüquqlarının pozulması kimi baxır. Amma mən hesab edirəm ki, bu, səhv münasibətdir. Mənə elə gəlir ki, bu məhdudiyyətlər qadınların sağlamlığının mühafizəsinə yönəlib, nəinki onların hüquqlarının pozulmasına".

Qeyd edək ki, Məmmədovun dediyi məhdudiyyətlər AR ƏM-nin 241-ci maddəsində (Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər) nəzərdə tutulub. Orada aydın surətdə yazılıb ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. Mövcud normaya görə, qadınlar 15 kq-dan ağır yük götürə bilməzlər. Ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması; bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması; 15 kiloqramdan artıq gücün sərf edilməsi qadınların əmək funksiyası normalarına daxildir.

Planşetin ekranında bu sətirləri oxumağa başım elə qarışmışdı ki, enəcəyim dayanacağı buraxaram deyə diksindim. Avtobusun pəncərəsindən çölə boylandım. Çox şükür, ötüb keçməmişdik, üstəlik yetişəcəyim ünvana hələ bir neçə dayanacaq vardı. Qar-buz yollardan tam çəkilmədiyi üçün, avtobus aşağı sürətlə idarə edilirdi.

Sürücü növbəti dayanacaqda saxladı, minib-düşənlərin ayaqları sürüşməsin deyə avtobusu küçənin nisbətən təmizlənmiş hissəsinə çəkdi. "Yolu düz-əməlli təmizləmirlər ki, camaat rahatca işinə-gücünə gedib-gələ bilsin" — avtobusdan enməyə hazırlaşan orta yaşlı bir kişi deyindi. "İnsafın olsun, bacardıqlarını edirlər dəə" — deyə onun arxasındakı adam tənə etdi və şəhaət barmağı ilə yolun əks istiqamətini göstərdi: "Odur eee, bu soyuqda küçə təmizləyirlər".

Jurnalist iş masası arxasında
© Sputnik / Murad Orujov

Kişinin işarə etdiyi istiqamətə çevrildim — həqiqətən təmizlik işi gedirdi. Şıx geyimli, boynu qalstuklu, üzü bu səhər təraş olmuş, 45-50 yaşlarında olan 3 kişi o yan-bu yana addımlayaraq təmizlik prosesinə nəzarət edirdi. Telefon tutduğu sol əlini arxasına yaslayan şişman kişi, sağ əlinin hərəkətləri ilə qartəmizləyənləri ora-bura buyurub-çağırırdı. Digər iki kişi isə ləng işləyən işçiləri tələsdirə-tələsdirə aralarında hansısa maraqlı mövzunu müzakirə edirdi.

Görünür, yuxarıdan ərazinin tezbazar qar-buzdan təmizlənməsinə dair sərt göstəriş vardı. Nəzarətçilərin hədsiz canfəşanlığından hiss olunurdu ki, işi ləngitmək olmaz. Və haqlı olaraq da qartəmizləyən qadınları nəzarətsiz buraxmırdılar. O 4 qadının üzərində kişi nəzarəti olmasaydı, əllərindəki kürəklərə söykənib, gələn qış mövsümünədək qeybət edərdilər. Çox da ki, tanınmasınlar deyə, üzlərini yaylıqla bağlamışdılar. Onlar bir-birilərini göz-qaş hərəkətlərindən anlayırlar…

1589
Teqlər:
kişi, əmək, Sahib Məmmədov, buz, qar, BMT, qadın
Əlaqədar
Qar təmizləyən qadının faciəsi
Azərbaycanda bu qədər qadın siqaret çəkir
Qadın sürücü ağır qəza törətdi
Qadın və uşaqları düşməndən qorumaq üçün burada gizlədiblər
Azərbaycanda işsiz kişilərin sayı qadınların sayından çox imiş
Fikri telefonda olan qadın hovuza düşdü
Qadınlar infarkta daha meyillidir