Ev itləri

Azərbaycanda ev heyvanları ilə bağlı ilginc qadağa

25531
(Yenilənib 16:32 03.02.2017)
Nazirlər Kabinetinin qərarına görə, evində 2 it, 1 pişik və ya 2 pişik, 1 itdən artıq heyvan saxlayan vətəndaş cərimələnir

BAKI, 3 fev — Sputnik. Türkiyədə bəzi şəxslər ev heyvanlarının saxlanma qaydasını pozduqlarına görə cərimə ediliblər. Ötən həftə verdiyimiz xəbərə görə, Türkiyə vətəndaşı "pitbull" və "doq" cinsinə aid itləri qanunsuz olaraq saxladığı üçün 15.918 TL (təxminən 8000 manat) ödəməli olub.

Sputnik Azərbaycan-ın əməkdaşı Azərbaycanda saxlanılan ev heyvanlarının nə dərəcədə təhlükəli olduğunu və əhali arasında belə heyvanların saxlanmasına nə dərəcədə marağın olduğunu araşdırıb. Vəhşi Heyvanları Müdafiə Cəmiyyətinin (VHMC) sədri Azər Qarayev artıq neçə ildir ki, KİV-də və görüşlərdə bu məsələni qabartdıqlarını bildirib.

"2011-ci ildə Nazirlər Kabinetinin verdiyi sərəncama əsasən, Bakı şəhərində it və pişiklərin saxlanması qaydaları dəyişdirildi. Sərəncama görə, vətəndaş evində 2 it, 1 pişik və ya əksinə 2 pişik, 1 it saxlaya bilər. Amma sərəncamda evlərin kvadratmetri və ev şəraiti nəzərə alınmayıb. Məsələn, sahəsi 30 kv.m olan bina evində 2 böyük it saxlamaq nə dərəcə doğrudur?! Eyni zamanda qanuna əsasən, bütün itlər xalta ilə gəzdirilməli və mütləq itlər üçün ağızlıqdan istifadə olunmalıdır. Amma çox təəssüflər olsun ki, bu qaydalara bizim şəhərdə riayət olunmur" — VHMC sədri bildirib.

Qarayev bəzi qaydaların düzgün olmadığını qeyd edib: "Əslində qaydalar da fərqlidir. Məsələn, elə it növləri var ki, onlara qarşı kobudluq edilsə belə, onlar dişləməyə meylli deyil və vəhşilik etməz. Amma elə it növləri var ki, onlar çox aqressiv olur və kiçik qıcığa da reaksiya verir. Deməli, aqressiv itlər mütləq şəkildə xüsusi qaydada saxlanmalı və gəzdirilməlidir. Xüsusi xidməti itlər var ki, onları evdə saxlamaq olmaz. Onlar ətraf üçün təhlükə yarada bilər. Məsələn, qoyun iti, pitbull, ovçarka və bu kimi itlər nəzərdə tutulur".

Həmsöhbətimiz əlavə edib ki, hansı növ itlərin çoxaldılmasının qadağan edildiyi, hansı növ itlərə görə vergi tutulduğu, hansı itlər üçün ağızlıqdan istifadə edilməli olduğu ilə bağlı mütləq halda xüsusi siyahı hazırlanmalıdır: "Bu, cəmiyyətdə itlərlə və vəhşi heyvanlarla bağlı qorxunu aradan qaldıracaq. İnsanlar ancaq belə qanuni yollarla vəhşi heyvanların saxlanmasını nizamlaya bilərlər".

Ev heyvanlarının sayına qoyulan məhdudiyyət
© Karikatura
Ev heyvanlarının sayına qoyulan məhdudiyyət

 

"Azərbaycanda vəhşi heyvan saxlanmasına görə cərimə tətbiq edilməsinin tərəfdarıyam. O ki qaldı vəhşi heyvanların saxlanılmasına, bəziləri ilan, ayı, şir və digər bu kimi təhlükəli heyvanlar da saxlayırlar. Amma onlar bu heyvanları gizlətməyə çalışırlar. Mən bu məlumatları baytarlarla danışdığım zaman alıram. Qanunsuzdur! Belə heyvanları xüsusi icazə olmadan vəhşi təbiətdən götürüb saxlamaq olmaz. Onların yeri vəhşi təbiətdir. Vəhşi heyvanların saxlanması qanunla qadağandır. Əgər belə heyvanlar saxlanırsa, bu, artıq cinayətdir" — Qarayev vurğulayıb.

Heyvanların Xilasetmə Mərkəzinin (HXM) direktor müavini Vüsalə Ali isə, məsələyə belə şərh verib: "Ev heyvanları heç vaxt vəhşi olmur. Onların vəhşi olması verilən tərbiyədən asılıdır. Biz adi küçə itini və ya çox balaca, dekorativ iti də vəhşi böyüdə bilərik. Bu, insandan asılıdır. Eyni zamanda, çox zaman ətrafda olan insanların heyvanlara yanaşma psixologiyası da səhvdir. Uşaqlarını itlərdən uzaq tuturlar, onları itlərlə qorxudurlar. Bu da sonradan fobiyanın yaranmasına səbəb olur".

"Ev heyvanlarının saxlanması ilə bağlı cərimələrin tətbiq olunmasının əleyhinəyəm. Əgər həqiqətən də bəzi heyvanlar təhlükəlidirsə, onda ev şəraitində saxlamağa qadağa qoyulmalıdır. Pul alaraq insanları təhlükəyə atmaq doğru deyil" — V. Ali bildirib.

İndiyədək kiminsə evində vəhşi heyvan saxlaması ilə bağlı polisə məlumat daxil olmayıb. Bunu isə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov deyib.

"Bakı şəhərində bu günə kimi belə şikayət qeydə alınmayıb. Post Patrul Xidmətinin əməkdaşları, eyni zamanda sahə müvəkkilləri də bu məsələni diqqətdə saxlayırlar" — Rəhimov bildirib.

Paytaxt polisinin sözçüsü qeyd edib ki, it saxlamaq Bakıda son zamanlar inkişaf etdiyindən, insanların itlər haqqında məlumatları çox azdır: "Ona görə də, lazım gələndə şəhər sakinlərinə işçilərimiz tərəfindən məlumatlar verilir. Amma şəhərdə gəzdirilən itlər onlar üçün nəzərdə tutulan ağızlıqlar taxılaraq gəzdirilməlidir. Doğrudur, bununla bağlı qanunda boşluq var və heç kim buna görə cəza almır. Amma sakinlər tərəfindən şikayət gələrsə, itin sahibi ilə bağlı müəyyən ölçülər götürülə bilər".

Hüquqşünas Azər Nağıyev da qeyd edib ki, bu günə kimi iş təcrübəsində belə bir hadisə ilə üzləşməyib: "Bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən məsələdir. Əgər insan itini bilərəkdən kiminsə üzərinə qısqırdırsa, bu zaman ona cinayət işi açıla bilər. Amma it sahibinə tabe olmadan insana hücum edərək onu qorxudur və ya xəsarət yetirərsə, o zaman itin sahibinə yalnız cərimə tətbiq edilə bilər".

25531
Teqlər:
it, heyvan, pişik, Türkiyə, ev, cərimə
Əlaqədar
Bu it yazıları oxuya bilir və ona uyğun hərəkət edir
İki ay qabaq it dişləyən qadın quduzluğa yoluxub
Sahibsiz it 23 yaşlı oğlanı xəstəxanalıq etdi
"İt bazarı"nda işbazlıq: Bakıda yerli itləri necə xarici cins kimi satırlar?!
İt atılmış körpəni əmizdirərək ölməyə qoymadı
İt insanın dostudur