Heyvan cəmdəkləri

Üfunət iyi verən heyvan cəmdəkləri Qaradağ postunda ilişdi

11
(Yenilənib 19:15 02.02.2017)
Aşkarlanan heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilərək müvafiq tədbirlər görüləcək

BAKI, 2 fev — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin qorunması, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan reydləri davam etdirir. Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Sputnik Azərbaycan-a bildirdiyinə görə, yanvarın 30-da qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Qaradağ rayonu ərazisində yerləşən Dövlət Yol Polisi postunda reyd keçiriblər. 

Reyd zamanı Ağcabədi rayonunun Xocavənd kənd sakinin Niyazov Sultan Niyaz oğluna məxsus "Mersedes" markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilərkən onun arxa oturacağında və yük yerində mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iyi verən, çəkisi 430 kq olan hissələrə bölünmüş 4 heyvan cəmdəyi aşkar olunub.

Aşkar olunan heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığından və qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən hər 4 heyvan cəmdəyindən götürülən ət nümunələrində bakterioloji çirklənmə (BÇQB, s.aureus, s.typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə hər 4 heyvanın aqoniya vəziyyətində kəsilməsi və ya ölmüş heyvanların ətinin (leş əti) olması, bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib. 

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq Ağcabədi rayonunun Xocavənd kənd sakinin Niyazov Sultan Niyaz oğluna məxsus "Mersedes" markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanan heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilərək müvafiq tədbirlər görüləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

11