Teatr pərdəsi. Arxiv şəkli

Nümayişi qadağan olunan tamaşa

430
İsmayıl MƏMMƏDLİ
Qəfildən gözüm gözünə sataşdı. O baxışda ikimizin də nə etməli olduğumuz əks olunurdu.

BAKI, 30 yan — Sputnik. Bəzən mövzu axtarırsan. Bəzən də mövzü özü səni axtarıb tapır. Bu dəfə sən ona naz edirsən. Onu gün üzü görüb-görməyəcəyinə dair tərəddüddə saxlayırsan. Əslində, özün də qəti qərarlı deyilsən. Ki, bu mövzunu qələmə almaq olarmı deyə. Məsələn, dünən olduğu kimi…

Jurnalist iş masası arxasında
© Sputnik / Murad Orujov

Axşam saatları idi. Qaş qaralmağa başlamışdı. 20 Yanvar metrostansiyasının ətrafında qaynaşma vardı. İnsanların qışqırığı avtomobillərin siqnallarına qarışmışdı. Hamı harasa tələsirdi, təbii ki, tıxac imkan versəydi.

Metro çıxışının qarşısında gözüm bir qaraltıya sataşdı. Yaxınlaşdım, 35-36 yaşlarında bir kişi yerdə, qarın içində üzü üstə uzanmışdı. Diksindim, başına bir şeymi gəlib dedim. Ürəyi tutar, filan. Əyilib ehmalca arxası üstə çevirdim, çox şükür, salamat idi. Amma necə…

Qardaşın keyfi ala buludda idi. Nəfəsindən və qarın içində pərqu yorğan-döşəkdəymiş kimi xumarlanmasından müəyyən etmək olardı ki, yemək gələnə kimi artıq yarım litr gillədib. Nə o qar-şaxtanı vecinə alırdı, nə də qar, "altımda biri qaldı" deyə yavaşıyırdı.

Nəysə, başa düşdüm ki, qardaş gecəni küçənin ortasında, qarın altında keçirməkdə israrlıdır. Amma təbii ki, onun vecinə olmasa da, bu gedişlə 3 saata donub öləcəkdi. 3 dəfə cəhd edib birtəhər yerdən qaldırdım, hara getmək istədiyini, kim olduğunu soruşdum. Donuq nəzərlə üzümə xeyli baxdı, lakin cavab vermədi.

Buraxıb getmək istədim, geri baxıb yenə yerdə uzanan gördüm. Ayaqlarım yerimədi. Təkrar qayıtdım, yenə kim olduğunu, hara getmək istədiyini soruşdum. Eyni qarşılıq — donuq gözlər və sükut. Nəfəs gedib-gəlirdi, göz həlqələri də açıq idi, nəzərləri üzümə zillənmişdi, amma əmin idim ki, məni görmür. Heç olmasa hara getməli olduğunu desəydi, bir vasitə tapıb ünvana daşıyardım bu canlı meyiti. Çünki, dediyim kimi, adamın donub ölməsi üçün 3 saat kifayət idi.

Narazı insanlar
© REUTERS / Sertac Kayar

Vəziyyətdən çıxa bilməyəcəyimi anlayırdım. Nəsə düşünməliydim. Və ilk ağlıma gələni etdim — ərazidə asayişə nəzarət edən polis serjantını tapıb ondan adama yardım etməsini xahiş etdim. "Gecə donub ölməsin, haradasa qapalı bir yerdə gecəni saxlasanız, yaxşı olar" dedim.

Haqq üçün, polis də dərhal mənimlə birlikdə adamın yanına gəldi. Qardaşı yerdən qaldırıb qolunu öz boynuna keçirdi. Ki, daşısın. Elə bu vaxt adam gözlərini hərləyib yuxarı baxdı. Sanki gecənin qaranlığında hansısa dəmir parıltısından gözləri qamaşdı. Bir neçə dəfə gözlərini qırpıb udqundu. Polisin qolları arasında yüngülcə çırpındı və sol tərəfi üstə (polis əməkdaşına tərəf) qanrılıb zarıdı: "Rəis, balana qurban olum, məni aparma! Vallah bir qələtim yoxdur".

Bəli, adam danışdı… Mənim 1 saat ərzində kəlbətinlə dilindən söz qopara bilmədiyim canlı meyit dilə gəldi.

Deyəsən, davranışımdan və əlimdəki noutbukdan məni "demoqoq"a bənzədən polis əməkdaşı da "Ay vətəndaş, sizə yardım etmək istəyirəm, hələ gəlin gedək" deyərək içkili qardaşı daşımağa çalışırdı. Bayaqdan dilini və ayaqlarını itirən qardaşsa "Rəis, burax, çıxım gedim. Bir qələtdir, eləmişəm, 200 qram zəhər içmişəm" deyə yalvarmağa başladı.

Millət yavaş-yavaş başımıza toplaşırdı. Mən də çıxılmaz duruma düşmüşdüm (polis çağırıb adama yardım etmək istədiyim üçün), polis əməkdaşı da (indi sənin gözlərin önündə necə edim — deyə). Yuxarıdan qar, aşağıdan sazaq. Vəziyyət get-gedə gərginləşirdi.

Birdən gözüm polisin gözünə sataşdı, ayıldım. O baxışda ikimizin də nə etməli olduğumuz əks olunurdu. Tez adamların arasından sivişib ərazidən uzaqlaşdım. Və arxadan eşidilən

- Əəə qodux, uje bezdirdin eee, düş qabağıma görüm!
— Rəis, başına dönüm vurma, gəlirəm

dialoqu o qədər doğma gəldi ki…

430
Teqlər:
donub, adam, mövzu, qar, metro, insan, polis, şaxta
Əlaqədar
Ey əhali, duyduq-duymadıq deməyin!
Bu həqiqət isbat olunmalıydı
Yaşıl əskinasın qürubu
Həyat dərsi
Ora sənin arzularının ölkəsidir