Pul sayan qadın, arxiv şəkli

Bu kateqoriyadan olan məcburi köçkünlər aylıq müavinət ala bilməyəcəklər

6887
(Yenilənib 23:59 24.01.2017)
Nazirlər Kabineti məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin ödənilməsi qaydasını təsdiqləyib

BAKI, 24 yan — Sputnik. Azərbaycan Nazirlər Kabineti “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nı təsdiq edib. 

Sputnik Azərbaycan-ın Azərtac-a istinadən verdiyi məlumata görə, qərarı Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə imzalayıb. 

Bu qərar 2017-ci il 1 yanvar tarixindən qüvvəyə minir. 

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi QAYDASI:

Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir:

1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 

1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara;

1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər);

1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara. 

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir:

2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla);

2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olmaqla);

2.3. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara və onların uşaqlarına; 

2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara;

2.5. “məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara;

2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara;

2.7. səfərbərlikdən yayınmış, fərarilik etmiş “məcburi köçkün” statusu olan şəxslərə;

2.8. “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə; 

2.9. “məcburi köçkün” statusuna malik olub başqa ölkəyə müvəqqəti getmiş və təqvim ilində cəmi 182 günədək müddətdə geri qayıdan məcburi köçkünlərə (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir);

2.10. əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə;

2.11. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş “məcburi köçkün” statusu olan şəxslərə;

2.12. dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən zabitlərə və digər məsul vəzifəli şəxslərə;

2.13. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; 

2.14. dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, həmin müddət başa çatanadək);

2.15. 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına (“məcburi köçkün” statusu saxlanılmaqla).

3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır:

3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (bundan sonra — Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər (forma əlavə olunur);

3.2. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər;

3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir; 

3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar;

3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir;

3.6. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri iki iş günü müddətində daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Komitəyə rəsmi məlumat verir;

3.7. məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi üçün müvəkkil bank Komitə tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir. 

4. Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinət əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda müvəkkil bankın filiallarına təsdiq edilmiş adlı siyahılar əsasında ödənilir. Filial müavinətin ödənilməsi üçün daxil olmuş vəsaiti məcburi köçkünlərə ödəniş kartları vasitəsilə ödəyir.

5. Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə ödəniş kartlarının sifarişi və ödəniş kartları vasitəsilə aylıq müavinətlərin ödənilməsi Komitə ilə müvəkkil bank arasında bağlanmış müqavilənin şərtlərinə əsasən tənzimlənir.

6887
Polis

Adam öldürməkdə ittiham edilən adam bu dəfə 36 kq narkotiklə yaxalandı

2
(Yenilənib 18:55 16.01.2021)
Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb

BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

2
Teledərs, arxiv mşəkli

Müharibə bitib, problem isə həll olunmayıb - heç pulsuz paket köməyə çatmır

5
(Yenilənib 18:51 16.01.2021)
Cəbhəyanı zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda koronavirus pandemiyasına görə ötən ilin mart ayından etibarən ənənəvi təhsil onlayn təhsillə əvəzlənsə də, sentyabr ayında Ermənistan-Azərbaycan arasında başlayan müharibə səbəbindən cəbhəboyu zonalarda məsafədən təhsildə ciddi problemlər yaranıb. Həmin dövrdə cəbhə bölgəsində 1200-dən çox məktəb fəaliyyətini dayandırmışdı. Müəllim və şagirdlər müxtəlif yerlərə yerləşdirildiyindən onlayn təhsilə qoşulmaq imkanını da itirmişdilər. Sputnik Azərbaycan müharibə dövründə cəbhə zonası hesab olunan ərazilərdə şagirdlərin təhsil imkanlarının bərpa edilib-edilmədiyini araşdırıb.

© AR Ministry of Education

Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbə sakini Şahəddin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müharibə dövründə qəsəbə artilleriya atəşinə tutulduğundan sakinlər ətraf rayon və qəsəbələrə köçmək məcburiyyətində qalıblar. Həmin dövrdə onların övladları tamamilə təhsildən kənar qalıblar. Çünki yerləşdirildikləri ərazilərdə bütün müəllim və şagirdlərin internetə çıxışı mümkün olmayıb. Ş.Hüseynov bu günlərdə övladlarının onlayn dərslərə qoşula bildiyini söyləyir. Onun sözlərinə görə, bu isə bütün şagirdləri əhatə etmir. Evləri dağıdılan sakinlər hələ də müxtəlif ərazilərdə yaşadığından onların övladları onlayn dərslərə qoşula bilmirlər.

Problemin qaldığını müharibə dövründə cəbhəyanı ərazi hesab olunan rayonların təhsil şöbəsindən də təsdiqləyirlər. Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər gün distant təhsilə qoşulan şagirdlərin siyahısı hazırlanır. O bildirir ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir.

Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

Təhsil Nazirliyi yanında İctimai Şuranın Sədr müavini Nadir İsrafilov da problemin olduğunu təsdiqləyir. O bildirir ki, koronavirus pandemiyası Azərbaycanda ənənəvi təhsilin dayandırılmasına əsas səbəbdir. Amma sentyabr ayında müharibənin başlanması cəbhəboyu ərazilərdə təhlükəsizlik baxımından şagirdlərin onlayn təhsildən də kənarda qalmasına səbəb olub: "Düzdür, bəzi ərazilərdə insanlar evlərinə qayıdıblar, həyat öz axarına düşüb. Şagirdlərlə müəllimlər arasında onlayn əlaqəni qurmaq mümkün olub. Amma müharibə zamanı dinc sakinlərin hədəfə alınması cəbhəyanı zonalarda evlərin və infrastrukturun dağılmasına səbəb oldu. Dağılan evlər bərpa olunmayana qədər o insanların evlərinə qayıtması mümkün deyil. Bu səbəbdən də cəbhə zonasında hələ də onlayn təhsildən kənarda qalan şagirdlər var. Bu zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır. Amma bizim üçün əsas olan insanların təhlükəsizliyi və sağlamlığıdır. Azərbaycanın qazandığı qələbə sayəsində biz bu problemlərin də öhdəsindən gələcəyik".

N.İsrafilov işğaldan azad edilmiş ərazilərimizdə də təhsilin təşkili üçün Təhsil Nazirliyinə təkliflər verildiyini bildirib.

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, cəbhəyanı bölgələrdə yaşayan şagirdlərin distant dərslərdə iştirakı tədricən genişlənir: "Bununla yanaşı, həmin şagirdlərin artıq rahat şəkildə teledərslərdən yararlanmaq imkanı da var".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirdilər ki, müharibə dövründə telefon rabitəsinə zərər dəyən ərazilərdə bərpa işləri, demək olar ki, başa çatdırılıb. Telefon xətti olmayan ərazilərə isə telefon xətlərinin çəkilməsi işi mütəmadi olaraq davam etdirilir. 

5
Teqlər:
dərs, onlayn, internet, cəbhəyanı bölgələr, təhsil