Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığındakı Örənqala ərazisi

Qeyb olmuş şəhər ya gizli tarix

3822
(Yenilənib 13:19 21.01.2017)
Ayağımız altında, öz dövründə Londondan da möhtəşəm olan bir şəhər yatır

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 21 yan — Sputnik. Avtomobil bizi rayon mərkəzindən xeyli kənara gətirir. Çöl-biyabanda yol qurtarır və vəhşi təbiətin qoynunda piyada gəzintiyə çıxırıq. Təqribən min il əvvəl qazılmış, artıq içərisi qaya uçuntuları ilə dolmuş su arxını keçib təpəyə dırmanırıq. 

Yüksəklikdə qarşımıza üstünü yabanı bitkilər örtmüş geniş sahə açılır. Bələdçimiz — tarixçi-pedaqoq Asif Cəfərli deyir: "Ayağımız altında, öz dövründə Londondan da möhtəşəm olan bir şəhər yatır".

Qədim Beyləqan şəhəri
© Photo : Beyləqan Diyarşünaslıq Muzeyi
Qədim Beyləqan şəhəri

Bura qədim Beyləqandır. Yüz illər boyunca daim öz muxtariyyəti uğrunda çarpışan, fatehlərin ələ keçirməyə can atdığı, Şərqə böyük mütəfəkkir və sərkərdələr bəxş edən, dünyanın müxtəlif ölkələrindən tacirlərin üz tutduğu, özünəməxsus sənətkarlıq məktəbi olan, axar suları və meyvəli bağlarına İbn Haqvəlin valeh oduğu, şirniyyatından Əl-Müqəddəsinin doymadığı, möhürünə Məhəmməd peyğəmbərin adı həkk olunan diyar…

700 yaşlı şəhərin yeri çətinliklə müəyyən edilib

Beyləqan şəhərinin əsası 495-ci ildə Sasani hökmdarı I Qubad tərəfindən qoyulub. Asif Cəfərli hesab edir ki, şəhərin adı minilliyin əvvəlindən bu ərazidə məskunlaşmış bel tayfası ilə bağlıdır, "bellərin məkanı" mənasını ifadə edir. Amma burada başqa xalqların nümayəndələri də yaşayıb. Mənbələrə görə, 13-cü əsrin əvvəlində Beyləqan əhalisinin sayı təqribən 40 min nəfər olub.

Məlumat lövhəsi
© Sputnik / Kamal Almuradlı
Məlumat lövhəsi

1221-ci ilin oktyabr-noyabr aylarında şəhər monqollar tərəfindən tutulub. Bir il sonra bu yerə gürcülər hücum çəkərək ona böyük zərər yetiriblər. 1231-ci ildə Çingiz xanın qəzəbinə düçar olan şəhər tam süqut edib, əhalisi qılıncdan keçirilib. 14-cü əsrin sonlarında Teymurləng Beyləqanın bərpasına çalışsa da, bu iş yarımçıq qalıb. Beləcə burada insan yaşayışı bitib.

Zamanın sonrakı dönəmlərində bu viranə yurdun qalan tikililərini yağış yuyub, gün döyüb, külək ovub, zəlzələ uçurub. Ağqoyunluların, qaraqoyunluların, səfəvilərin, Nadir şahın, Qacarın qoşunlarının, hər il aran-yaylaq arasında köç edən elatın tapdağı altında qalan xarabalıq o dərəcədə yerlə-yeksan olub ki, 20-ci əsrdə onun harada yerləşməsi ətrafında ziddiyyətli fikirlər səslənib, mübahisələr yaranıb.

Tarixi mənbələrdə Beylaqan, Bilaqan, Balasakan, Bilgan, Paytakaran, Millər və s. adlarla keçən bu şəhərin Kürlə Arazın birləşdiyi yerdə, Qarqarçayın sol sahilində, yaxud indiki Lənkəran ərazisində mövcud olduğu ehtimal edilir. Onun xarabalığının qalıqları yalnız ötən əsrin 50-ci illərində Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığındakı "Örənqala" ərazisində aşkar olunub.

Şəhərin xarabalığı 40 hektara yaxın ərazini əhatə edir. Amma Asif Cəfərli bildirir ki, Beyləqan ilk vaxtlar 22 hektarlıq "Böyük şəhər"dən ibarət olub. "Kiçik şəhər" və "Sənətkarlar məhəlləsi" sonradan yaranıb. Şəhər 10 metr hündürlüyündə, 6 metr enliyində olan mühafizə barısı ilə əhatələnib.

Örənqala ərazisi
© Sputnik / Kamal Almuradlı
Örənqala ərazisi

Tədqiqatçının fikrincə, üzük qaşı kimi şəhərin başına dolanan arxlar, su təchizatı ilə yanaşı, mühafizə məqsədi də daşıyıb: "Bu arxı Sasani hökmdarı tutduğu əsirlərə qazdırıb və onun vasitəsilə Araz çayından Beyləqana su gətirilib. O dövrdə əsirlərə "kavr" deyildiyindən, arx da "Kavr arxı" adlandırılıb. Arxın üzərində asma körpü olub. Mühafizə güclü təşkil edildiyindən monqollar qalanı böyük itki hesabına alıb."

Orta əsr Azərbaycan şəhərində demokratik idarəçilik

Beyləqan orta əsrlərdə Azərbaycan ərazisində öz müstəqilliyini qoruyan tək-tək qala-şəhərlərdən biri hesab edilir. Müxtəlif vaxtlarda şəhər Sacilər, Şəddadilər və Atabəylər dövlətlərinin tərkibinə qatılıb. Amma bu da şərtlər daxilində olub, şəhərə qismən muxtariyyət verilib.

Tarixçi Asif Cəfərli
© Sputnik / Kamal Almuradlı
Tarixçi Asif Cəfərli

Hətta tarixin elə dönəmi olub ki, 2-3 il müddətində qala müstəqil olaraq öz idarəçiliyini həyata keçirib. Burada müasir dövrümüzün parlamentli respublikalarında olan kimi, seçki yolu ilə Ağsaqqallar Şurası yaradılıb və qərarlar kollegiyal şəkildə qəbul edilib.

Asif Cəfərli diqqəti buna da çəkir ki, Azərbaycanda xalq azadlıq hərəkatı ilk olaraq Beyləqanda başlayıb, buradan böyük sərkərdələr çıxıb: "Babək hərəkatından 80 il əvvəl burada Xəlil üsyanı olub. Qəssab Müsafirin üsyanı başqa yerlərdə də etirazların yaranmasına səbəb olub. Beyləqan hakimi Əbu Musa zəif qüvvə ilə 200 minlik monqol ordusunun 28 həmləsini dəf edib".

Alimləri heyrətləndirən tapıntılar

Beyləqanda dulusçuluq, boyaçılıq, zərgərlik də daxil, 30-dan çox sənət növü ilə məşğul olunub. Beyləqan bazarına Ərdəbildən, Dərbənddən tutmuş ta Hindistan və Çinədək tacirlər axışıb gəlirdi. Arxeoloji qazıntılar zamanı tapılan qabın üzərində "Fəzlun Beyləqanda hazırlamışdır" sözləri oxunub ki, bu da yerli istehsal olan bəzi məhsulların başqa ölkələrə ixrac edildiyini təsdiqləyir.

Qiymətli tapıntılar arasında, üzərində Məhəmməd peyğəmbərin və 12 imamın adı yazılmış möhür-üzük də var. Ehtimal edilir ki, ondan sənədlərin və müqavilələrin təsdiqi üçün istifadə edilib.

Şəhərin xarabalığında aşkar edilən su kəməri və kanalizasiya sistemi, mədəni-məişət tikililəri, hamam və s. orta əsrlər Azərbaycan şəhərinin inkişaf səviyyəsini göstərir. Ən möhtəşəm memarlıq nümunəsi Mil minarəsi hesab oluna bilər. "Azan" səsləndirilən uca qüllədən, ətraf ərazilərə nəzarət etmək üçün "gözətçi məntəqəsi" kimi də istifadə olunub. Minarənin alt hissəsində isə mədrəsə fəaliyyət göstərib. Onun qalıqları bir neçə əsr sonra A. Baxıxanovun da diqqətini cəlb edib.

Mücirəddin Beyləqaninin heykəli
© Sputnik / Kamal Almuradlı
Mücirəddin Beyləqaninin heykəli

Asif Cəfərli bildirir ki, elmin, mədəniyyətin, ictimai mühitin yüksək inkişaf səviyyəsi Beyləqanda böyük şəxsiyyətlərin — alimlər, şairlər, sənətkarların yetişməsinə səbəb olub: "Onların içərisindən şair və səlnaməçi Məsud ibn Namdarı, Atabəylər dövlətinin "məlikül-şüara"sı Mücirəddin Beyləqanini, Bağdad şəhərində Xilafətin xarici siyasətini həyata keçirən, həm də dövrünün böyük şairi Hümbətulla Beyləqanini, Yəməndə fəlsəfi məktəbin əsasını qoyan, islam dünyası üçün alimlər yetişdirən, qanunlar hazırlayan Həsən və Hüseyn Zəki əl-Beyləqaniləri qeyd etmək olar. Mənim araşdırmama görə, Azərbaycan ədəbiyyatında dastançılıq da buradan başlanıb".

Beyləqan dulusçularının imzaları
© Photo : Beyləqan Diyarşünaslıq Muzeyi
Beyləqan dulusçularının imzaları

Tədqiqatçı qeyd edir ki, ərazidən tapılan qabın üzərində planetlərin hərəkət cədvəli əks olunub. Burada elə şüşə qablar istehsal edilib ki, kimya elminə bələd olmadan onları hazırlamaq olmazdı. Atabəylər dövlətinin sikkəxanalarının biri bu şəhərdə yerləşib. Avropalıların 13-cü əsrdə yaratdığı "sehrli kvadrat"ı beyləqanlı usta Əhməd 2 əsr əvvəl saxsı qab üzərində işləyib. Bu tapıntılarla Örənqala abidəsi alimlərin özünü belə, heyrətləndirir.

3822
Teqlər:
xarabalıq, Asif Cəfərli, tarixçi, Məhəmməd peyğəmbər, Beyləqan, dövlət, əhali, tarix, ordu, şəhər
Əlaqədar
Tarixə keşik çəkən adam
Tarixi adın ikinci bərpası
Tarixdə türklərin Avropa ilə əlaqələri
İrəvan xanlığının tarixinə həsr olunmuş yeni əsərlər təqdim olunub
Yer sivilizasiyası tarixinin ən təhlükəli dövrünə daxil olub
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8