BAKI, 18 yan — Sputnik. Azərbaycanda satışda olan siqaretlərin qiyməti yenidən dəyişib. Sputnik Azərbaycan əməkdaşının paytaxtın bir sıra marketlərində və siqaret satışı köşklərində apardığı müşahidələr göstərib ki, bu gün səhərdən etibarən, bütün növ siqaretlərin qiymətində bahalaşma baş verib. Qiymət artımı siqaretin markasından asılı olaraq, 20-60 qəpik aralığında dəyişir.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Bu ildən əmək pensiyalarının orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat olacaq. 2021-ci ilin yanvar ayı üzrə pensiyalar ödənilsə də, pensiyalara artım hesablanmayıb. Sputnik Azərbaycan pensiyaların artımının nə vaxtdan ödəniləcəyini araşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Dövlət Statistika Komitəsindən orta aylıq nominal əmək haqqına dair məlumatlar nazirliyə göndərildikdən və Prezidentin müvafiq sərəncamından sonra pensiyalar yanvar ayının artımı daxil olmaqla ödəniləcək. Nazirlik bu məsələdə icraedici funksiya daşıyır.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda isə bildirilir ki, 2020-ci il üzrə istehlak qiymətləri indeksinə dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq göndərilib:
"Orta aylıq nominal əmək haqqına dair məlumatlar isə Dövlət Statistika Komitəsinin Statistik işlər proqramına uyğun olaraq cari ilin fevral ayının ilk ongünlüyündə təqdim ediləcək".
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaq rəsmi məlumatda 2020-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.
BAKI, 20 yanvar — Sputnik. Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.
II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Bu gün bütün bölgələrdə olduğu kimi Qubada da şəhidlər böyük ehtiramla yad edilib. Güclü qar yağmasına baxmayaraq, şəhidlər xiyabanına böyük insan axını olub.
Ziyarət edənlər arasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon rəsmiləri də iştirak edib. Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Onu da qeyd edək ki, şəhidləri yad etmək üçün Qubanın kəndlərindən də vətəndaşlar Şəhidlər xiyabanına üz tutublar.