Ziyafət Əkbərov

İlin adamı, Yazıçılar Birliyinin üzvü taksi sürücüsü...

4123
(Yenilənib 13:14 18.01.2017)
Azərbaycanda taksi sürücüsü "İlin adamı" seçilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 yan — Sputnik. O, 1952-ci ilə Lənkəranda müəllim ailəsində dünyaya göz açıb. Əmək fəaliyyətinə Lənkəran Konserv Zavodunun istehsalat sexində usta kimi başlayıb. 1988-ci ildən bu yana isə əhaliyə taksi sürücüsü kimi xidmət göstərir.

Ziyafət Əkbərovu digər taksi sürücülərindən fərqləndirən cəhəti onun həm də şair olmasıdır: "Şeir yazmağa orta məktəbdə oxuyan zamandan başlamışam. Ötən əsrin 80-ci illərində "Azərbaycan", "Ulduz" jurnallarında, "Söz" və "Məşəl" qəzetlərində şeirlərim dərc edilib. 1992-ci ildə Lənkəranda fəaliyyəti bərpa olunan "Fövcül Füsəha" ədəbi məclisinə üzv oldum. Gənc vaxtlarımda həmin məclisin fəal üzvlərindən idim".

1995-ci ildə Lənkəran Televiziyası şair Ziyafət Əkbərov haqqında "Sinəmdə bitdi hicranım" adlı ədəbi-sənədli televiziya filmi çəkib. Z. Əkbərov özünün təşkil etdiyi ədəbi məclisə də rəhbərlik edib.

"1998-ci ildə Lənkəran Uşaq Yaradılıcıq Mərkəzində "Ziya" ədəbi məclisini yaratdım. Orta məktəb şagirdləri və gənclərdən ibarət bu məclisə 10 il ərzində rəhbərlik etdim. Məclisi yaratmaqda əsas məqsədim orta məktəb şagirdləri arasında şairlik bacarığı olan uşaqlara ədəbiyyat nəzəriyyəsi və nəzm janrının incəliklərini öyrətmək idi" — deyir Sputnik-in həmsöhbəti.

Ziyafət Əkbərov
© Sputnik / Rahim Murad
Lənkəran sakini Ziyafət Əkbərovu digər taksi sürücülərindən fərqləndirən cəhəti onun şair olmasıdır:

Ziyafət Əkbərovun yazdığı şeirlərə mahnılar da bəstələnib və Könül Kərimova, Əhməd Kərimov, Cavad Rəcəbov, həmçinin başqa müğənnilər tərəfindən ifa edilib. Şairin yazdığı "Sönmüş ocaq" və "Mən özüməm" adlı pyesləri Lənkəran Dövlət Dram Teatrına təqdim edilib və yaxın müddətdə səhnələşdiriləcək.

"Mən 1993-cü ildə dövlətimiz tərəfindən, İran İslam Respublikasının yaranmasının 14-cü il dönümünə həsr edilən tədbirə göndərildim. Tədbirlərdə səsləndirdiyim şeirlərim iranlı şeirsevərlər tərəfindən böyük rəğbətlə qarşılandı. Buna görə də İranda "Şəhriyar" ədəbi məclisi tərəfindən təşəkkürnaməyə layiq görüldüm" — deyir müsahibimiz.

O, əsasən qəzəl janrında yazır: "Əruz vəzninə daha çox üstünlük verirəm. 1997-ci ildə Bakıda "Şuşa" nəşriyyatında "İtkin düşən harayım" adlı kitabım nəşr edilib. Mən evdə az oluram, ona görə də şeirlərimi öz iş otağımda — avtomobilimdə yazıram".

Qeyd edək ki, 2012-ci ildə Ziyafət Əkbərov Lənkəranda "İlin adamı" elan edilib, 2013-cü ildə isə şairin 60 illik yubileyi dövlət səviyyəsində, Lənkəran Dövlət Dram Teatrında qeyd edilib. Lənkəranın həm taksi sürücüsü, həm də şairi olan Ziyafət Əkbərov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

4123
Teqlər:
Ziyafət Əkbərov, məclis, şeir, şair, taksi, Lənkəran, sürücü
Əlaqədar
Azərbaycanlı sürrealist: "Salvador Dalinin vurğunuyam"
Texnologiya əsri də bu sənəti "öldürə" bilməyib
Çörəyi palçıqdan çıxan adam
Dünyanı heyran qoyan azərbaycanlı "Nənələr"
Sandıq düzəldən ata və oğul
Bıçaq

Qətl hadisəsi ilə bağlı məhkəmə qərarı verildi

2
(Yenilənib 16:47 13.04.2021)
Pünhan Hüseynov Cinayət Məcəlləsinin 221.3, 29, 120.2.2, 120.2.2 və 120.2.10 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 13 aprel — Sputnik. 11 avqust 2020-ci il tarixdə İmişli rayonu, Göbəktala kəndi ərazisində 1985-ci il təvəllüdlü Amid Əmirahovun öldürülməsi, 1990-cı il təvəllüdlü Səbuhi Əmirahovun isə öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İmişli rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Bu barədə İmişli rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, istintaqla 1984-cü il təvəllüdlü Pünhan Hüseynovun həmin gün saat 20 radələrində kənd ərazisində yerləşən kafelərin birində alkoqol sərxoşluğu vəziyyətində əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edib, Səbuhi Əmirahova bıçaqla xəsarətlər yetirib qəsdən öldürməyə cəhd etməsinə, sonuncunun qohumu Amid Əmirahova isə bıçaqla bədən xəsarətləri yetirərək öldürməsinə, həmçinin ətrafdakı şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə və  nəqliyyat vasitələrinə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Pünhan Hüseynov Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə), 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd), 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.10 (təkrarən qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

2
 Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Bölgələrdəki məktəblərlə bağlı hansı qərar veriləcək? Nazirlik açıqladı

6
(Yenilənib 16:32 13.04.2021)
"Hazırda hansısa bölgədə yerləşən məktəblərdə yoluxma faizinin daha yüksək olduğunu söyləmək mümkün deyil".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Son günlər bölgələrdə yerləşən təhsil ocaqlarında koronavirusa yoluxma hallarının qeydə alınması rayonlarda da təhsilin distant formaya keçəcəyinə dair məlumatların yayılmasına səbəb olub. Xəbərlərə görə, Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidən sonra koronavirusa yoluxma qeydə alınan məktəblərin yerləşdiyi rayonlarda da təhsilin distant formaya keçəcəyi bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə koronavirusa yoluxmaya görə bir sıra bölgələrdə əyani tədris dayandırılıb.

Ağdamda 7 məktəb koronavirusa görə distant tədrisə keçib. Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov deyib ki, rayonun Birinci Yüzbaşılı, Alıbəyli, Əfətli, Mahrızlı, Baharlı-2, Dörd yol-2 və 150 saylı orta məktəblərdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testi pozitiv çıxıb. Eyni zamanda Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəbdə 1 sinif, 97 saylı tam orta məktəbdə 1 sinif fəaliyyətini dayandırıb. Tovuz, Qazax, Mingəçevir, Şəmkir rayonlarında da koronavirusa yoluxmaya görə ənənəvi tədrisi dayandırılan məktəblər var.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda şagird sıxlığı yüksək olan məktəblərdə əyani tədris dayandırılıb. Yoluxma qeydə alınan digər bölgələrdə isə şagird sıxlığı çox deyil:

"Bakıda 440 min şagird var. 1,6 milyon şagirdin yarısı bağlanan məktəblərdə yerləşir. Digər rayonlarda şagird sayı çox aşağıdır. Sıxlıq, demək olar ki, o qədər də çox deyil. Bundan əlavə, bölgələrdə intensivlik aşağıdır. Odur ki, virusa yoluxma qeydə alınan rayonlarda təhsili tam dayandırmağa ehtiyac yoxdur. Məktəblərdə tədrisin dayandırılması lokal xarakter daşımalıdır".

K.Əsədov bildirir ki, koronavirusa yoluxma qeydə alınan məktəblərdə ənənəvi təhsilin tam dayandırılması bölgələrdə təhsildən yayınmaya yol açır: "Əgər bölgələrdə bir neçə məktəbdə yoluxmaya görə rayon üzrə təhsil dayandırılsa, şagirdlər üçün problemlər yaranacaq. Çünki rayonların çoxunda alternativ təhsil almaq imkanı çox aşağıdır. Dərslər distanta keçərsə, bölgələrdə dərsə qoşulanların sayı azalır. Ona görə də bölgələrdə tədrisin dayandırılmasına ehtiyac yoxdur".

Ekspert deyir ki, hazırda virusa yoluxma Ağdam, Tovuz, Kürdəmir və Ucar rayonlarındakı təhsil müəssisələrində rast gəlinir: "Elə rayonlar var ki, oradakı ümumtəhsil müəssisələrində ümumiyyətlə virusa yoluxma yoxdur".

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bölgələrdəki məktəblərdə koronavirusa yoluxma barədə rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən mütəmadi məlumat verilir. C.Valehov bölgələrdəki koronavirusa yoluxma qeydə alınan məktəblərdə tədrisin lokal dayandırıldığını söyləyib:

"Koronavirusa yoluxma qeydə alınan məktəblərdə tədris həmin bölgə üzrə yox, yoluxma olan məktəblər üzrə distant formaya keçir".

C.Valehov deyib ki, hazırda hansısa bölgədə yerləşən məktəblərdə yoluxma faizinin daha yüksək olduğunu söyləmək mümkün deyil. Bütün bölgələr üzrə ümumtəhsil ocaqlarında virusa yoluxma qeydə alınır. Əgər yoluxma halları çoxdursa, məktəb müvəqqəti distant formaya keçir.

6
Teqlər:
Təhsil Nazirliyi, yoluxma, bölgələr, təhsil, distant, məktəb
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar