Səhər Yusifova

Bu bacıların həyatı bir film ssenarisidir

556
(Yenilənib 10:18 17.01.2017)
Həkimlərin 10 gün müddət qoyduqları bacısını 10 ildir yaşadan qadın: "Həyat yoldaşım məni seçim qarşısında qoydu"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 yan — Sputnik. Səhər Yusifova 1960-cı ildə Lənkəranda dünyaya gəlib. Kiçik yaşlarından valideynlərini itirdiyi üçün, ona böyük bacısı Lətafət analıq edir. Bacı-qardaşlarına baxdığı üçün, Lətafət ailə həyatı qura bilmir. Zaman keçir və bir gün o hadisə baş verir…

"10 il bundan əvvəl bacımı həyətdə quyunun kənarına ildırım vurdu. Cərəyan onun alnını parçalamışdı. Həkimlərə apardıq, heç biri bizə ümid vermədi. Əksinə, dedilər ki, "yaşamayacaq, aparın". 20 gün xəstəxanada qaldıqdan sonra, bacımı götürüb evə gəldim" — danışır S. Yusifova.

Onun bacısına vəfa borcu vardı: "Balaca bir qızım var idi. Ona və bacıma baxmalı idim. Bacım həyatını bizə vermişdi və mən razı ola bilməzdim ki, o ölsün. Gecə-gündüz uşaq kimi qayğısına qaldım. Və həkimlərin "yaşamayacaq" dediyi bacımı 10 ildir ki, yaşadıram".

Bir müddət sonra Səhər xanımın da ailəsi dağılır. Həyat yoldaşı onu seçim qarşısında qoyur — "ya mən, ya bacın" deyə. Və qadın göz yaşları içərisində həyat yoldaşından ayrılır: "Mən bacımı ata bilməzdim. O, mənə ana əvəzi olmuşdu. Yoldaşım mənim seçimimə hörmət etdiyini dedi və çıxıb getdi. Qaldıq qızım, bacım və mən".

Səhər Yusifova hazırda Lənkəran bazarında xırda alverlə məşğuldur, qazandığı qəpik-quruşla himayəsində olan insanları saxlamağa çalışır
© Sputnik / Irade JELIL
Səhər Yusifova hazırda Lənkəran bazarında xırda alverlə məşğuldur, qazandığı qəpik-quruşla himayəsində olan insanları saxlamağa çalışır.

S. Yusifova hazırda Lənkəran bazarında xırda alverlə məşğuldur. Qazandığı qəpik-quruşla himayəsində olan insanları saxlamağa çalışır. Amma öz sağlamlığında da problemlər var — böyrək çatışmazlığından əziyyət çəkir.

"Tez-tez spazmlar tutur məni, getdim həkimə, dedilər "əməliyyat lazımdır". Lakin bunun üçün maddi imkanım yoxdur. Harada qırılar-qırılsın. Yorulmuşam artıq" — deyir.

Lənkəran bazarı
© Sputnik / Irade JELIL
Səhər Yusifova: "Bazardakı bu yer üçün gündə 1 manat, malların saxlanılması üçün isə 50 qəpik ödəyirəm".

Səhər xala əvvəllər sosial yardım alırmış. Amma sonradan bu yardım da kəsilib: "Bəzən 40, bəzən 60 manat yardım almışam. Həyat yoldaşımdan ayrıldıqdan sonra Biləsuvar qeydiyyatından çıxıb, Lənkəran qeydiyyatına düşdüm. Burada dedilər ki, "pay torpağın olmasa, sənə sosial yardım düşmür". İndi bazardan qazandığım pulla ailəmizə baxıram".

"Bazardakı bu yer üçün gündə 1 manat, malların saxlanılması üçün isə 50 qəpik ödəyirəm. Bu gün saat 1-də başlamışam işə və 12 manat qazanmışam. Amma çox borcum var. Təkcə işıq pulu üçün 300 manatdan çox borcum yaranıb. Gəlib işığımızı da kəsiblər. Deyirlər "ödə, xətti birləşdirək". Belə də yaşayış olar?" — gileylənir həmsöhbətimiz.

Yusifovanın qızının artıq 18 yaşı var. Ananın dediyinə görə, qızının heç orta təhsili də yoxdur: "İynə vurmağı öyrənib, xalasına iynə vurur. Özüm də möhkəm xəstəyəm, bir gün ölsəm, onlara kim baxacaq?"

O, bu sualın cavabını cəmiyyətin, dövlətin, hökumətin ixtiyarına buraxır…

556
Teqlər:
Lətafət, Səhər Yusifova, bacı, həyat yoldaşı, ailə, qız, Lənkəran, ana, qadın
Əlaqədar
Bakıda kafe işlədən qadın: "Haram pulun bərəkəti olmaz"
Şəhid anası: "Qorxumdan oğlumun cənazəsinə əlimi vura bilmədim..."
Sənətindən imtina etmiş “Kürdəxanılı balası”: “Yoldaşım getdi..., elə bil ölmüşəm”
Ömrü mübarizədə keçən qadın: "Dua edirdim ki, biz çatanadək canına qıymasın"
Qardaşı da onu axtarır, həyat yoldaşı da: biri öldürmək üçün, digəri...
Həyatı faciəyə çevrilmiş qadın: "Məni bura Gülər Əhmədova gətirdi"
Xalq artisti Arif Babayev, arxiv şəkli

Xalq artisti koronavirusa yoluxub

3
Gültəkin xanım: "Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev koronavirusa yoluxub.

Bununla bağlı Sputnik Azərbaycan-a məlumat verən Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva bildirib ki, sənətkarın vəziyyəti stabildir: "Bildiyiniz kimi, Arif Babayev bir müddət öncə insult keçirib. Ona görə də vaxtaşırı Mərkəzi klinik xəstəxanaya müayinəyə gedirik. Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir" .

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

3
Teqlər:
xalq artisti, Koronavirus, yoluxma, Arif Babayev
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

2
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

2
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat