Yanacaqdoldurma məntəqəsinin qiymət tablosu

Yanacağın qiymətinin qalxması, sadəcə sürücüləri xərcə salmayacaq

3578
"Aİ-95 markalı benzindən istifadə edən xidməti maşınlar üçün büdcədən daha çox vəsait ayırmaq lazım gələcək"

BAKI, 13 yan — Sputnik. Dünən gecədən etibarən Aİ-95 "Premium" markalı benzinin qiyməti artaraq 1.05 qəpik olub. Artıq bu artım şəhərin yanacaqdoldurma məntəqələrinin qiymət cədvəlində də qeyd edilib.

Sputnik əməkdaşının üz tutduğu yanacaqdoldurma məntəqələrindən birinin Əkrəm adlı operatoru bildirib ki, "Premium" markalı benzindən, əsasən bahalı avtomobillər üçün istifadə edilir: "Çox az halda olur ki, orta qiymətli minik avtomobilləri üçün Aİ-95-dən istifadə edilsin. Qiymət artımı ilə bağlı indiyədək heç bir narazılıqla qarşılaşmamışam".

Qeyd edək ki, cəmiyyətdə Aİ-95 markalı benzindən, ancaq lüks avtomobillər üçün istifadə edildiyi və buna görə də benzinin qiymətinin 10 qəpik artmasının elə də böyük təsiri olmayacağı ilə bağlı fikir formalaşıb. Bunu bəzi sürücülər də təsdiq edirlər. Məsələn, sürücü Kənan İbrahimov deyir ki, qiymətin 10 qəpik artması onun üçün fərq etmir: "Mənim üçün fərq etmir. Gündə 50 litr istifadə edirəmsə, deməli 5 manat əlavə xərcləyəcəm. Bu da böyük məbləğ deyil".

"Nissan Sunny" markalı avtomobili olan Sevinc Əliyeva isə qiymət artımından narazıdır. Xanım sürücü bildirir ki, belə davam edərsə, avtomobilini dəyişməli olacaq: "Mən həkiməm. Yəni mənim imkanlarım o qədər geniş deyil ki, benzinə əlavə pul xərcləyim. Düşünürəm ki, yaxın günlərdə avtomobilimi daha qənaətli bir avtmobillə dəyişim".

Nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, ölkədə 1.4 milyon avtomobil var ki, bunlardan 1.2 milyonu minik avtomobilidir. Minik avtomobillərinin də 2 faizi lüks avtomobillərdir: "Cəmiyyətdə ümumiləşmiş bir fikir var ki, "Premium" benzindən ancaq lüks avtomobillər üçün istifadə edilir. Bu, çox yalnış fikirdir. Ölkədə "Cadillac", "Jaguar" və s. kimi lüks avtomobillər çox azdır. Amma "Preimium" benzindən mühərrik gücü böyük olan avtomobillər üçün də istifadə edilir".

Ekspert bildirir ki, Yaponiyada və ya Almaniyada istehsal edilən bir çox avtomobillər var ki, onlarda ancaq "Premium" markalı benzindən istifadə edilməsi məsləhət görülür: "Məsələn, "Toyota Land Cruizer" avtomobillləri. Mən belə düşünürəm ki, Aİ-92 ilə Aİ-95 markalı benzinin qiyməti arasında 35 qəpik fərq olduğu üçün, bir çox "Premium" istifadəçiləri qənaət rejiminə keçəcəklər. Bu da nəticə etibarilə Aİ-92-yə olan tələbatı artıracaq".

A. Allahverənovun fikrincə, yanacağın bu markasında baş verən qiymət artımı bumeranq effekti yaradacaq. Belə ki, həmin marka benzindən istifadə edənlər göstərdikləri xidmətlərin qiymətini artıracaq və itirdikləri vəsaiti başqa yolla qaytarmağa çalışacaqlar. Bundan əlavə, həmin markadan istifadə edən xidməti maşınlar üçün də istifadə edilən benzinə görə büdcədən daha çox vəsait ayırmaq lazım gələcək.

İqtisadçı İlham Şaban isə bildirir ki, bu markalı benzinin qiyməti əvvəllər də 1.03 — 1.05 qəpik arası olub: "Sonra qiymət əvvəlcə 0.97-yə, daha sonra 0,95-ə enib və 15 ay dəyişməyib. Əslində, bu, guya tənzimlənməyən benzin qiyməti üçün annormallıq idi. Rəsmi statistikaya görə, Azərbaycanda 2015-ci ilin nəticələrinə əsasən, 1 mln. 223,9 min ton Aİ-92 və Aİ-80 markalı avtomobil benzini istehsal edilib. 2016-cı ilin 11 ayında bu göstərici 1 mln. 48 min ton təşkil edib (azalma 6,8%). Azalmanın səbəbi ölkənin daxili bazarında benzinə olan tələbatın azalmasıdır".

"Aİ-95 markalı benzinə gəldikdə isə, bunun payı ilbəil azalır. Aİ-95 2014-cü ildən idxal edilməyə başlanıb. O zaman Aİ-95 və Aİ-98 birlikdə 70 min ton olmuşdu. 2015-ci ilin devalvasiyasından sonra istehlakçıların bu markalı benzinə marağı kəskin azalmağa başladı və 2016-cı ilin yekunları hələ açıqlanmasa da, 20 mindən aşağı olması gözlənilir. Yüksək oktanlı bezninlər içərisində Aİ-98 demək olar ki, cüzi paya malikdir" — ekspert vurğulayıb.

3578
Teqlər:
Aİ-92, fərq, qəpik, marka, "Premium", istifadə, vəsait, Aİ-95, benzin, yanacaq, sürücü, avtomobil
Əlaqədar
Yanacaqdoldurma məntəqələrində bizi aldadırlar?
Yanacaqdoldurma məntəqəsinə basqın edildi, kassadakı pul aparıldı
Benzində sürücülərə ən çox "atan" yanacaqdoldurma məntəqəsi məlum oldu
Bakıda "Premium" markalı benzin yoxdur?
Benzinin bahalaşacağı iddiaları ilə bağlı təşviş yaranıb