Qaz balonu, arxiv şəkli

Mənzillərdə bu cihazdan istifadə qadağandır - rəsmi xəbərdarlıq

6293
FHN rəsmisi: "Ötən il ölkədə baş vermiş yanğınların 70 faizi yaşayış sahəsinin payına düşür"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 11 yan — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə, operativ olaraq 10445 çıxış olub. Onlardan çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar — 1709 çıxış, açıq sahələrdə yanğınlar — 6776 çıxış, meşə və meşə talalarında yanğınlar — 5 çıxış, nəqliyyat vasitələrində yanğınlar — 290 çıxış, digər yanğınlar — 1665 çıxış təşkil edir. Yanğın hadisələri zamanı 29 nəfər həlak olub, 120 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, yanğından həlak olanlar üzrə 26 nəfər və ya 4 faiz, xəsarət alanlar üzrə 13 nəfər və ya 98 faiz çoxdur.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin mütəxəssisi Nizami Fərəcov
© Sputnik / Irade CELIL
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin mütəxəssisi Nizami Fərəcov

Sputnik əməkdaşı bu və digər mövzular ətrafında, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin mütəxəssisi Nizami Fərəcovla həmsöhbət olub. O deyir:

— Ötən il ölkədə baş vermiş yanğınların böyük əksəriyyəti, yəni 70 faizi yaşayış sahəsinin payına düşür. Yanğınların baş vermə səbəblərinə nəzər salsaq, birinci yerdə elektrik təsərrüfatında baş verən yanğın təhlükəsizlik qaydalarının pozulması dayanır. Baş vermiş yanğınların 43 faizindən çoxu, təkcə elektrik təsərrüfatının payına düşür. Yanğın hadisələrinə daha çox qısaqapanma səbəb olur. İzolyasiyasız naqillərin istifadəsi, özbaşına elektrik xətlərinin çəkilməsi, elektrik xətləri çəkilən zaman uclarının bağlanmaması yanğınlara səbəb olur. Bəzən deyirlər, "televizorlar yanğına səbəb ola bilməz". Xeyr! Televizorların arxasında hava alması üçün dəliklər var. Bəzən televizorlar pərdənin və ya sobanın qarşısına qoyulur ki, bu zaman yanğın baş verə bilər. Ütülər, elektrik çaydanları, ümumiyyətlə digər elektrik cihazlarını da nəzraətsiz buraxmaq olmaz.

Yaşayış sektorunda baş verən yanğınların ikinci səbəbi odla ehtiyyatsız davranma ilə əlaqəlidir. Bu, əsasən kənd yaşayış məntəqələrində müşahidə edilir. Ocaqdan və təndirdən çıxan qığılcımla baş verən yanğınlar, həmçinin siqaret çəkən zaman ehtiyatsızlıq yanğına səbəb olur. Çox adam siqaret çəkdikdən sonra onun kötüyünü söndürmədən hara gəldi atır. Həmin siqaret kötüyünün sönmə müddəti 4-8 dəqiqədir. Siqaret kötüyündə 240-360 C qədər istilik olur. Bu da münbit şəraitə — kağız parçası, quru ot, yanar maddə, yarpaq üzərinə düşdüyü zaman hətta bir neçə saat keçdikdən sonra belə yanğına səbəb ola bilir.

— Nizami müəllim, son zamanların daha bir problemi dəm qazından zəhərlənmələrlə bağlıdır. Bu problemin geniş vüsət almasının səbəbləri nədir?

— Bəli, bu da vətəndaşların məsuliyyətsizliyindən irəli gəlir. Bəzən vətəndaşlar kiçik sahəsi olan mətbəx otaqlarına dördgözlü sobalar qoyur və onu saatlarla açıq buraxırlar ki, digər otaqlar da qızsın. Və ya paltar qurudurlar. Amma unudurlar ki, dördgözlü sobanın, ən azı iki gözünün açıq qalması həmin ərazidə zəhərli qaz konsentrasiyasının həcmini 10 dəfədən çox artırır. Buna görə də həmişə mətbəx otaqlarında nəfəsliyi açıq saxlamaq lazımdır.

Dəm qazı zəhərlənmələrinin ən çox baş verdiyi yer vanna otaqlarıdır. Bəzən vanna otağında suyun qızıdırılması üçün qeyri-standart samovar tipli qaz cihazlarından istifadə edilir, nəfəsliklər bağlanır. Çox zaman vanna otaqlarında hava sovurucu və tüstü bacaları işləmir. Vanna otağının qapısı mütləq çölə açılmalı və onun aşağı hissəsində dəliklər olmalıdır ki, təmiz hava daxil ola bilsin. Bu zaman dəm qazından zəhərlənmə hadisələri baş verməz.

Respublikada mərkəzləşdirilmiş istilik sisteminə hələ tam keçilmədiyi üçün evlər fərqli üsullarla qızdırılır. Evlərin fərdi şəkildə qızdırılması zamanı isə qeyri-standart, kustar üsulla hazırlanmış sobalardan istifadə edirlər. Bununla yanaşı, əhali yarmarkalarda satılan, pasportu, uyğunluq sertifikatı olmayan, istehsal mənşəyi naməlum olan qaz cihazlarını alaraq, evlərdə onlardan istifadə edir. Təbii ki, bütün bunlar da dəm qazı zəhərlənmələrinə səbəb olur. Bundan başqa, ən azı ildə iki dəfə tüstü bacaları təmizlənməlidir, hava sovurucular mütəmadi olaraq yoxlanılmalıdır.

 Bu gün bəzi mənzillərdə maye qaz balonlarından da istifadə edilir…

— Qaz balonlarından istifadə etmək qəti qadağandır. Biz bunu qadağan etdiyimiz üçün ondan istifadə üsulları haqqında nəsə danışmaq yersizdir.

 Bəzi yeni yaşayış binalarına təbii qaz verilmir və bu da onunla izah olunur ki, FHN-in icazəsi yoxdur…

— İcazəni yerli icra hakimiyyəti orqanları verir. FHN Dövlət Yanğın Nəzarəti Xidməti isə obyektin yanğın təhlükəsizlik tələblərinə uyğun olub-olmaması barədə fikrini bildirir. Həmin fikir əsasında müvafiq dövlət qurumları icazə verir. Ölkə qanunvericiliyinə görə, 10 mərtəbəli binaların qazlaşdırılması daxili çəkilmə yolu həyata keçirilə bilər. 10 mərtəbədən hündür olan binalar isə fasaddan çəkilmə yolu ilə qazlaşdırılmalıdır.

6293
Teqlər:
Nizami Fərəcov, qızdırıcı, soba, yaşayış, FHN, mənzil, qaz, siqaret, ev, yanğın
Əlaqədar
Biləsuvarda yanğın baş verib
Füzuli rayonunda yanğın olub
Bakıda 2 otaqlı ev yanıb
Zaqatalada ot tayası yanıb
Bayramda faciə: "zırpaket" uşağın əlini yandırdı
Vaqon yandı, mexanik həlak oldu
Vətəndaşın evi yanıb
Şəmkirin kəndində güclü yanğın
Şəhərin mərkəzində yanğın olub