Yeni il aksessuarlarının satışı

Bakıda 3 min manata "Yolka" satılır

1101
Şəhərin mərkəzi hissələrindəki qiymətlərlə müqayisədə, "8-ci kilometr" və "Sədərək" bazarlarında qiymətlər xeyli münasibdir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 30 dek — Sputnik. Yeni ilin gəlişi ilə əlaqədar, artıq paytaxtın mağazalarında, alış-veriş mərkəzlərində şam (yolka) ağacları qurulub. Habelə, şəhərin ticarət mərkəzlərində, müxtəlif qiymətlərə şam ağacları və Yeni il aksesuarları satılır.

Sputnik əməkdaşı, metronun "Neftçilər" stansiyası ətrafında satılan bəzək əşyalarının qiymətləri ilə maraqlanıb. Gələn ilin simvolu hesab edilən xoruz fiqurları və oyuncaqlar 5-20 manat, şam ağacları 20-80 manat, Şaxta Baba oyuncaqları 12-30 manat, süni qar 7 manat, Yeni il təbrikləri yazılmış yapışqanlı şəkillər isə 4-20 manat arasında satılır. Burada ən ucuz şam ağacı oyuncağı 70 qəpik, ən bahalı oyuncaq isə 20 manatdır.

Şaxta Baba oyuncaqları
© Sputnik / Irade JELIL
Şaxta Baba oyuncaqları

Satıcılar deyirlər ki, "Neftçilər" ətrafındakı alış-veriş mərkəzləri və "8-ci kilometr bazarı" kasıb əhalinin büdcəsinə uyğundur. "Biz daimi bu işlə məşğul deyilik. Hər ilin sonuna bir ay qalmış, Yeni ilə aid oyuncaq və aksesuarlar gətiririk. Elə oyuncaqlar alırıq ki, hər cibə uyğun olsun. Pulu olmayanın da üzü gülsün, bayram keçirə bilsin. Bayramdır, qoy hamının evində şənlik olsun. Məsələn, 240 manatı şam ağacına kim verər? Ona görə də bahalı olanlardan çox az gətirmişik. O da kimsə istəyəndə "yoxdur" deməmək üçün", — Vüqar adlı satıcı danışır.

Yeni il bazarlığına oğlu ilə gələn Əsmər Quliyevanın sözlərinə görə, bazarda qiymətlər münasibdir: "20 manata ucuvari bir şam ağacı bəzəmək olar. Bu da uşaqlar üçün çox vacibdir. Onlar üçün həyatı biz maraqlı edirik. Buna görə 20 manatdan keçmək olar. Bu bazar ucuzluqdur. Başqa yerlərdə qiymətlər daha bahadır. Düzdür, deyilənə görə, bütün bunlar Çin mallarıdır, zərərlidir, amma bir dəfəylə heç nə olmaz".

Yolka oyuncaqları
© Sputnik / Irade JELIL
Yolka oyuncaqları

Daha sonra üz tutduğumuz "Sədərək" Tcarət Mərkəzində, "Neftçilər" ətrafı ilə müqayisədə baha olsa da, buranın qiymətləri də "əl yandırmır". Burada şam ağacları 28-300 manat, oyuncaqlar 2-30 manat, Şaxta Baba oyuncaqları 3-30 manat, bəzəkli zərlər 1 manata satılır. Uşaqlar üçün Şaxta Baba geyimlərinin qiyməti isə 8-12 manat arasıdır.

Bazarda qiymətlər münasib olsa da, satıcılar hər zamankı kimi, alıcı qıtlığından narazıdırlar: "Alıcı azdır. Ümumiyyətlə, bazarda alıcı az olur son zamanlar. Devalvasiyadan sonra bazar tamamilə ölüb. Alıcı gəlib qiymətlə maraqlanıb gedir", — Elsevər adlı satıcı gileylənir.

Öyrəndik ki, "Sədərək"də ən ucuz şam ağacı 30 manatadır. Aksesuarları ilə birgə 50 manata başa gəlir. Bu bazarda ən bahalı "yolka" isə 500 manatadır.

Şəhərin mağazalarında isə qiymətlər daha yüksəkdir. Belə ki, mağazalarda şam ağacı 300-2000, şam ağacı aksesuarları 20-100, süni qar 20-30 manata satılır. Satıcı Leyla deyir ki, burada, oyuncaqları ilə bərabər ən ucuz şam ağacı 400 manata başa gəlir.

Belə… Yeni iliniz mübarək!

1101
Teqlər:
şam ağacı, mağaza, yolka, oyuncaq, Yeni il, Bakı, bazar, paytaxt, şəhər, qiymət
Əlaqədar
Yeni il süfrəsi neçəyə başa gəlir
Yeni ildən etibarən cib telefonu qiymətlərində ciddi yüksəliş olacaq
Yeni il yarmarkaları bu ünvanlarda olacaq
Qaçaqmalçıların Yeni il hazırlığının qarşısı alındı
Qaz və işığın qiymətinin qaldırılması ilə bağlı yeni təklif verildi
Yeni dərs ilinə hazırlıqlar necə gedir?
Xaçmaz rayonun girişi, arxiv şəkli

Xaçmazda COVID-19 xəstəsi saxlanılıb

5
(Yenilənib 10:22 27.11.2020)
COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

BAKI, 27 noyabr — Sputnik. Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a bildirilib ki, Xaçmaz rayon sakini Eldosi Quliyev COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, rayon ərazisində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

5
Teqlər:
xəstə, xəbərdarlıq, Koronavirus, COVID-19, Xaçmaz
Təranə Məhərrəmova

Jurnalistikadan peşə təhsilinə - İkinci sənət hələ heç kəsə mane olmayıb

102
(Yenilənib 01:11 27.11.2020)
Azərbaycanın tanınmış imza sahiblərindən biri olan Təranə Məhərrəmova bu il imtahan verərək peşə məktəbinə qəbul olub.

BAKI, 27 noyabr — Sputnik. Təranə Məhərrəmova. Bu imza yəqin ki, həm mediamızı izləyən oxuculara, həm də sosial şəbəkə istifadəçilərinə yaxşı tanışdır. O, Azərbaycan mediasında tanınmış jurnalistlərdəndir. Bir sıra ölkə KİV-lərində çalışıb, amma hazırda imzası daha çox "Kaspi" qəzetində görünür. Günlərin bir günü o, öz Facebook hesabında imtahan verərək Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müəssisəsində Tam orta təhsil bazasından 1 illik təhsil müddətinə dövlət vəsaiti hesabına dərzi ixtisasına qəbul olunduğunu xəbər verdi. Düzü, onu tanıyan həmkarları heç şaşırmadılar. Çünki Təranə Məhərrəmova öz orijinal cəhətləri ilə həmişə həmkarlarından seçilib. Amma niyə məhz indi, milli mediamıza illərini verəndən sonra peşə təhsili almaq qərarına gəlib? Düşündük ki, özü ilə söhbətləşib həm bu addımına aydınlıq gətirək, həm də onun yeni inteqrasiya etdiyi peşə təhsilinin özəllikləri, cəmiyyətimiz üçün nə qədər əhəmiyyət kəsb etdiyi barədə danışaq. İlk sualımız da belə oldu:

- Necə oldu ki, uzun illər jurnalistika sahəsində uğurlu imza sahibi olan Təranə Məhərrəmova birdən-birə peşə təhsili almaq qərarına gəldi?

- Peşə təhsili həmişə marağımda olan sahə olub. Əslində, bir qədər gecikmişəm. Çoxdan hər hansı bir peşəyə, məsələn bərbərliyə, aşpazlığa, dərziliyə yiyələnmək istəyirdim. İndi dərziliyi seçdim. Səbəb ilk ixtisasım olan jurnalistikadan yorulmağımla bağlı deyil, sadəcə əlimin yata biləcəyi bir peşəni də paralel öyrənmək istəyirdim. Ona görə peşə məktəblərinə qəbulla bağlı elanı görəndə tərəddüd eləmədim. Fikirləşdim ki, əgər peşəni yaxşı öyrənə bilsəm, əlimdə ikinci bir sənətim olar. Məsələn, özüm və ya tanışım üçün tikə biləcəyim bir paltardan alacağım zövqü təsəvvür edirəm. Hələ işi mükəmməl bilib pul da qazanmaq, gələcəkdə bir iş qadını da olmaq olar. Sadəcə, məqsəd və onu həyata keçirmək üçün iradə olmalıdır. Düzdür, pandemiya bütün təhsil sahəsinə zərər verdiyi kimi, peşə təhsilinin də distant formaya keçməsini şərtləndirib. Xüsusən peşə təhsilinin elə sahələri var ki, orada distant təhsildən danışmaq mənasızdır, çünki praktiki bilik tələb edir.

Peşə təhsilinə yanaşmaya gəlincə, bu sahə ilə bağlı artıq müasir dövrün yeni fikirləri var. Yəni peşə təhsili təkcə gənclərin təhsili deyil, müxtəlif yaşlı insanlar da peşələrini dəyişmək istəyə bilərlər. İşini itirənlər yeni peşə öyrənməyə can ata bilərlər. Rusiyada "ömürboyu təhsil" proqramları istiqamətində atılan addımlar təqdirəlayiqdir. Yəni insanlar təqaüdə çıxandan sonra özlərini lazımsız hesab etmirlər. Müxtəlif qısamüddətli kurslara gedir, başlarını qatır, hətta əllərinin əməyi ilə çörək pulu qazanırlar. Belə nümunələri görüb mən də özümə "Heç vaxt heç nəyə gec deyil" şüarını seçmişəm.

- Bu gün insanların həyatında peşə təhsilinin rolu nə qədərdir?

- Peşə təhsilinə bizim insanlar adətən bir qədər barmaqarası yanaşırlar. İlk növbədə peşə təhsilinin imicini qaldırmaq lazımdır ki, insanlar bu sahəyə tələbat hiss eləsinlər. Hamı ali təhsil almaq istəyir, amma bu məcburiyyətə çevrilməməlidir. Müasir dünyada kompyuter ixtisası, aqrar sahə, dülgərlik, santexnik, dizayner, avtomobil ustası, turizm, aşpazlıq və s. sahələr üzrə peşə təhsili almaq və işinin peşəkarı olmaq mümkündür. Bu sahələrin yaxşı ustası olmaq bəlkə də ali təhsil almaqdan üstündür. Bu ixtisaslara hər yerdə və hər zaman ehtiyac var. Əmək bazarında zamanla yeni ixtisaslar meydana gəlir. Mən gənclərə tövsiyə edərdim ki, valideynlərini xərcə salıb repetitor yanına getməklə ali məktəb qazanmaqdansa, bu sahələrə də diqqət yetirsinlər. Daha sonra subbakalavr da oxumaq olar. Digər tərəfdən, peşəyə yiyələnənlər üçün dünyanın hər yerində iş var. Məsələn, Kanada kimi bir ölkədə heç bir ölkənin diplomu tanınmır, amma əlində peşəsi olan istənilən adam üçün o ölkələrin qapısı açıqdır. Yaxşı peşə asanlıqla məkanını da, həyatını da dəyişməyə kömək edər. Yetər ki, peşənin ustası olasan və sevəsən.

- Azərbaycandakı peşə təhsili verən məktəblərin ümumi səviyyəsi, maddi-texniki təchizatı, pedaqoji heyəti müasir dövrün standartlarına cavab verirmi?

- Mən təhsil sahəsi ilə işlədiyim üçün Bakıda və respublikanın rayonlarında bir neçə peşə məktəblərinə səfər etmişəm və tədris prosesi ilə tanış olmuşam. Hətta Avropa İttifaqının bir layihəsi çərçivəsində Cəlilabadda Peşə məktəbində olarkən məni razı salan və qane etməyən məqamlarla üzləşdim. Hesab edirəm sadalayacaqlarım elə ölkənin peşə təhsili sahəsinin necəliyinə güzgü tutar. Bəzi məktəblərdə infrastruktur yaxşı olsa da, bəziləri əsasən nəzəri dərslərə üstünlük verirlər. Təbii ki, bu da şagirdlərin praktiki bilik almasına mane olur. Dərs vəsaitləri də köhnədir. Hərçənd bəzilərində yeni kurikulumlara keçid var.

Bəzən Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla peşə təhsili sahəsində müəyyən layihələr həyata keçirilir. Məsələn, məktəblər müəyyən texniki avadanlıqlarla təmin olunur. Bir neçə məktəbdə müasir standartlara cavab verən texniki avadanlıqları görmüşəm. Amma bu sahədə mükəmməl təhsildən danışmaq istəyiriksə, bunlar kifayət deyil. Üstəlik peşəni tədris edən müəllimlərin biliyi də müasir standartlara cavab verməlidirlər. Əksər məktəblərdə sovet dövründən qalma peşə təhsilinin tədrisi ilə qarşılaşırsan. Bu məktəblərdə keçmiş sovet idarəetmə üsulu qalır. Təbii ki, belə məktəblərdən yaxşı bir mütəxəssisin çıxacağı da bəzən sual altında olur. Düzdür, indi ölkəmizdə peşə təhsilinə diqqət artırılıb. Müxtəlif təhsil pillələri ilə bağlı həyata keçirilən təhsil siyasəti ilk peşə-ixtisas təhsilindən də yan keçmir. TN yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması da bunun təsdiqidir. Bununla belə peşə təhsili sahəsində dünya təcrübəsi öyrənilib tətbiq edilməlidir.

- Azərbaycanda peşə təhsili sahəsində hansı islahatlara ehtiyac var?

- Təbii ki, bu sahədə ciddi islahatlar həyata keçirilməlidir. Xüsusən, regionlarda işsizliyin qarşısını almaq, bazarın artan tələbatlarını qarşılamaq üçün əmək bazarına uyğun peşələrin tədrisinə başlamaq lazımdır. Lazımsız peşələr sıradan çıxır. Həmin müəssisənin buraxdığı məhsulun bazarın tələblərinə cavab verib-vermədiyini müəyyənləşdirmək üçün qiymətləndirmə mexanizmi olmalıdır. İşəgötürənlərin də peşə təhsilinə marağını yaratmaq lazımdır. Təhsil müddətində iri şirkətlərlə birgə işbirliyi olmalıdır. Cənubi Koreyada hər bir müəssisə əldə etdiyi gəlirin cüzi bir hissəsini Peşə Təhsili Fonduna yönəldir. Stimullaşma olanda, özəl sektorun da peşə təhsilinə marağı yaranır. İşəgötürən məzunu işə götürməyə maraqlı olanda onda peşəyə maraq da, tələbat da yaranacaq. Müasir peşə təhsilinin qayəsi əmək bazarının tələbatlarını ödəmək, bazara uyğun kadr yetişdirməkdir.

- Nə etmək olar ki, peşə məktəbləri öz əvvəlki şöhrətini bərpa etsin və gənclər arasında populyarlıq qazansın?

- Peşə təhsilinin əhəmiyyətliliyini məktəb partası arxasından uşaqlara aşılamaq lazımdır. Şagird özünəyanaşmada "yarımçıq papaqçılıq" məsəlini anlayıb öz yolunu müəyyənləşdirməlidir. Ailədə də valideyn övladını əməyə məhəbbət ruhunda böyütməli, peşələrin əhəmiyyətliliyini və gəlirliliyini başa salmalıdır. Özünə düzgün istiqamət seçən şagird isə təbii ki uduzmayacaq.

Bizdə məşhur bir söz var: filankəsin əlləri qızıldır. Bu elə işinin peşəkarı olan insan haqqında yerində deyilmiş sözlərdir. Peşə məktəblərinin mahiyyətini zamanında şagirdlərə izah eləsələr, onlar da həvəs və hədəflərini düzgün müəyyənləşdirmiş olarlar.

- Azərbaycanda bu gün ən çox hansı peşə sahiblərinə ehtiyac duyulur?

- Kadr hazırlığında yeni dəyər yaradan ixtisaslar və ölkə üçün prioritet sayılan ixtisaslar var. Əgər əvvəllər təhsilalanlar daha çox mühasibat uçotu, dülgərlik və ya aşpazlıq üzrə təhsil alırdılarsa, bu gün daha çox kompyuter qrafikası, dizayn, proqram təminatının yaradılması, o cümlədən aqrar regionlarda kənd təsərrüfatı sahələri və turizm üzrə oxumağa maraq göstərirlər. Peşə məktəbinin verdiyi ixtisaslar regionun coğrafi mühitinə görə də fərqlənir. Məsələn, Bakıda tədris olunan peşələrin hamısı Cəlilabadda və ya Gəncədə tədris olunmur. Çünki ixtisasın tədrisi regionun tələbatından da asılıdır. Mənə elə gəlir ki, əmək bazarında yeni ixtisaslar yarandığı kimi, zaman-zaman insanların peşə təhsilinə münasibəti də dəyişəcək. Bunu zamanın özü tələb edəcək.

102
Bakıda neft nasosları, arxiv şəkli

Azərbaycan nefti neçəyə satılır?

0
(Yenilənib 11:43 27.11.2020)
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 27 noyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 48,28 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,14 dollar geriləyərək 47,66 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,87 dollar ucuzlaşaraq 44,84 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0