İranda quş qripinə qarşı tədbirlər, arxiv şəkli

İranda qırğın başladı: Azərbaycan öz qapılarını bağlayacaq?

7090
(Yenilənib 18:08 27.12.2016)
Rəsmi açıqlama: "Heç bir qadağa olmayacaq. Çünki, indi şimaldan cənuba miqrasiya davam edir."

BAKI, 27 dek — Sputnik. İranda son həftələrdə "quş qripi" ilə mübarizə istiqamətində 100 minlərlə quş zərərsizləşdirilib. RİA Novosti xəbər verir ki, Franspress agentliyi, İranın yerli məmurlarına istinadla məlumat yayıb.

İran mətbuatının yazdığına görə, son bir neçə gündə, Qəzvin əyalətindəki fermalardan təkcə birində, 63 min toyuq, 800 mindən çox yumurta və cücə məqsədli şəkildə zərərsizləşdirilib. Noyabr ayının ortasından bəri isə daha 725 min quş zərərsizləşdirilib.

Verilən məlumata görə, "quş qripi" İranın 7 əyalətində yayılıb. Artıq mərkəzi əyalətlərdə də bu problem yaşanır. İran hökuməti vəhşi quşların belə, bu infeksiyanın yayılmasından şübhələnərək ölkə ərazisində ovçuların lisenziyasını dayandırıb və əhaliyə müraciət edərək bazarlarda mənşəyi məlum olmayan ov quşlarının alınmasına qadağa qoyub.

"Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin sədri Füzuli Əşrəfov Sputnik-ə açıqlamasında deyib ki, hazırda Azərbaycanda quş ovuna qadağa yoxdur, quş ovu respublikada açıqdır: "Sadəcə olaraq lisenziya vermirlər, deyirlər ki, "lisenziya yoxdur". Lisenziyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizə Departamenti verir. Bizdə olan məlumata görə, lisenziya verilməsi dayandırılıb".

"Vətəndaşlar gedib gəlir bizə deyirlər ki, "Ovçular Cəmiyyəti niyə tədbir görmür?" Bu tədbirləri biz görə bilmirik, səlahiyyətimizdən kənardır. Respublikada 25 mindən yuxarı ovçu var. Bunların, təqribən 500-nə lisenziya verirlər, qalanlarına deyirlər ki, yoxdur" — Əşrəfov bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə, "quş qripi" təhlükəsindən dolayı, quş ovuna qadağa yoxdur: "Qadağa, haradasa 10 il bundan qabaq olub və 7-8 il davam edib, sonra "quş qripi" aşkarlanmadığı üçün ləğv olunub. Artıq 2 ildir ki, rəsmi ov mövsümü açıqdır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Sputnik-ə açıqlamasında məsələyə münasibət bildirib: "Quş əti çox tez çirklənən bir məhsuldur. Ona görə də onun açıq satılması, üzərində buraxılma tarixi, yararlılıq müddəti olmadan satılması yolverilməzdir. Çox təəssüf ki, sanitar orqanları bu sahədə yaxşı iş aparmır. Gərək əhali belə yerlərdən mal almasın".

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov isə Sputnik-ə açıqlamasında deyib ki, həm Rusiya, həm də İrandan idxal olunan quş ətinə qoyulan məhdudiyyət öz qüvvəsində qalır: "Hələlik Beynəlxalq Epizootik Bürodan həmin ölkələrdə stabil bir vəziyyətin yarandığı barədə məlumat bizə daxil olmayıb. Hələ xəstəlik var".

"Azərbaycanda quş ovuna qadağa keçən ildən götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi ilə qadağa aradan qaldırılıb" deyən Həsənov, "İrandakı xəstəliyə görə, quş ovuna təkrar qadağa qoyula bilərmi?" sualına da aydınlıq gətirib.

"Belə qadağa olmayacaq. Çünki, indi şimaldan cənuba miqrasiya davam edir. Yəni, yekunlaşıb. Haradasa, martın ortalarından başlayaraq artıq onların geri qayıdışı başlayacaq. Onda əgər bir narahatçılıq yaranarsa, məhdudiyyət qoyula bilər. Yəni, bu məsələ qaldırıla bilər. Hələlik ölkəmiz üçün realda elə bir təhlükə yoxdur", — Xidmət rəsmisi bildirib.

O, Azərbaycanda bu sahədə vəziyyətin stabil olduğunu qeyd edib: "Epizootik nöqteyi-nəzərdən hər şey qaydasındadır. Payız miqrasiyası ilə əlaqədar, təxminən 15 gün olar ki, "quş qripi" ilə bağlı ölkə ərazisində keçirilən monitorinq yekunlaşıb. Yəni, payız miqrasiyası ilə əlaqədar 2 dəfə monitorinq apardıq. Hələlik vəziyyət stabildir".

"Biz quş ətinin keyfiyyətinə nəzarəti həyata keçiririk. Xəstəliyini yoxlayırıq, ondan sonra satışına icazə veririk. Hər hansı bir sağlam ərazidən gəlirsə, mütləq arayış əsasında gəlir. O arayış əsasında məhsul bazara daxil olur. Əgər məhsul sağlam olmazsa, aktlaşdırılır, heyvanı gətirən sahibinin öz vəsaiti hesabına zərərsizləşdirilir", — Y. Həsənov əlavə edib.

7090
Teqlər:
Füzuli Əşrəfov, Yolçu Həsənov, quş, toyuq, "quş qripi", Eyyub Hüseynov, qadağa, İran, təhlükə
Əlaqədar
"Quş qripi" müayinələrinin nəticələri açıqlandı
"Quş qripi"nə qarşı növbəti yoxlamalara başlanır
Azərbaycan İrandan gətirilən diri quş və quşçuluq məhsullarına məhdudiyyət qoyub
Yeni "quş qripi" təhlükəsinə qarşı reydlər başlayır
Bakı-İstanbul təyyarəsi quş dəstəsi ilə toqquşub
Azərbaycanda "quş qripi" ilə bağlı növbəti rəsmi açıqlama