Yeni tikili binalar

Sosial mənzillər aztəminatlı ailələr üçün əlçatmaz olacaq

9011
Ekspertlər, həmçinin hesab edirlər ki, sosial mənzillərin istifadəyə verilməsi mənzil bazarında qiymətlərə ciddi təsir göstərməyəcək

BAKI, 26 dek — Sputnik. "Bu, yeni bir sosial layihədir. Bu layihənin icra edilməsi bir daha onu göstərir ki, sosial məsələlərin həlli bizim üçün həmişə prioritet olub. Bu il aprel ayının 11-də mənim sərəncamımla Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Bu agentliyin əsas vəzifəsi vətəndaşların mənzil-məişət problemlərini həll etməkdən ibarətdir".

Bunu prezident İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı vurğulayıb ki, sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaq.

"Yasamal rayonunda icra edilən layihə birinci layihədir. Bundan sonra da layihələr icra ediləcək. Burada 29 yaşayış binasının, uşaq bağçasının, məktəbin tikintisi nəzərdə tutulur. Bu yaşayış kompleksində 1800-dən çox mənzil inşa ediləcək. Ümid edirəm ki, biz bu birinci layihənin açılışını 2018-ci ildə qeyd edəcəyik", — ölkə rəhbəri qeyd edib.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Sputnik-ə açıqlamasında bildirib ki, aztəminatlı ailələr bu layihədən hələ ki yayarlana bilməyəcək: "Artıq şərtlər açıqlanıb. Bizim hələlik gəldiyimiz qənaət ondan ibarətdir ki, aztəminatlı ailələr, çox təəssüflər olsun ki, bu layihədən indiki şərtlər daxilində yararlanmaq imkanında deyil".

"Çünki orada söhbəti gedən gənc ailələr — dövlət qulluqçuları, hərbi qulluqçular və digər kateqoriyalar üzrə sosial ipoteka bölümünə aid olan kateqoriyalardır. Bura orta ümumtəhsil tədris müəssisələrində işləyən müəllim heyəti və müəyyən idmançı qruplarını da əlavə ediblər", — Osmanlı izah edib.

Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
© Sputnik / Sabina Aliyeva
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru

"Biz çox istəyərdik ki, bu layihədən faydalana biləcək qruplar arasında aztəminatlı, yəni mənzilə ehtiyacı olan, mənzil-məişət şəraiti yaxşı olmayan, çox ağır şəraitdə yaşayan ailələr də yararlana bilsin, amma indiki şərtlər daxilində bu, mümkün olmayacaq. Hesab edirik ki, gələcəkdə müzakirələr aparıldıqdan sonra həmin kateqoriyalar da bu siyahıya əlavə olunacaq" — deyə R. Osmanlı əlavə edib.

Ekspertin sözlərinə görə, 1800-1900 mənzilin inşası nəzərdə tutulur ki, bu da bir aylıq alqı-satqı predmeti olan mənzillərin, təqribən 10%-nə bərabərdir: "Ona görə də, bu, mənzil bazarındakı qiymətlərdə əhəmiyyətli dəyişikliyə gətirib çıxarmayacaq".

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə isə, bu layihənin mənzil bazarına təsirləri olacaq. Belə ki, o, sosial evlərin strateji yol xəritəsi çərçivəsində tənzimləndiyini qeyd edib.

Həmin strategiyaya əsasən, sosial evlərin mənzil bazarına təsirlərini minimuma endirmək üçün tələbatın 10%-nin ödənilməsi nəzərdə tutulub: "Birinci mərhələdə vətəndaşlara 2000 mənzil təklif ediləcək, növbəti illərdə isə 3000 mənzilin vətəndaşlara təklif edilməsi nəzərdə tutulub. Bu isə o deməkdir ki, illik mənzilə olan tələbatın 10%-i sosial mənzillər tərəfindən ödəniləcək" — o, Sputnik-ə açıqlamasında bildirib.

"Təbii ki, sosial evlərin inşası mənzil bazarına təsir göstərəcək. Birincisi, bunun mənzil bazarına psixolojı təsirləri var. Çünki bazara yeni yolla mənzillər təklif olunur. Digər tərəfdən isə, bunun iqtisadi təsiri var. Çünki təklif artır və bu, bazardakı təklifin bir hissəsini bazardan çıxarır. Mənzil almaq istəyənlərin bir qismi artıq sosial mənzil vasitəsilə mənzil alır və nəticədə tələb azalır. Tələbin azalması isə qiymətlərə təsir göstərir" — ekspert əlavə edib.

Vüqar Bayramov
Vüqar Bayramov

Bayramov hesab edir ki, sosial mənzillərin istifadəyə verilməsi mənzil bazarında qiymət azalmasına səbəb olacaq: "Amma ciddi qiymət azalması gözlənilmir. Çünki sosial evlərə malik olan ölkələrin, o cümlədən Türkiyənin təcrübəsi göstərir ki, sosial evlər tələbatın əhəmiyyətli hissəsini ödəmədiyi üçün, mənzil bazarında ciddi qiymət azalmalarına gətirib çıxarmır".

Qeyd edək ki, mənzillərin vətəndaşlar tərəfindən alınması prosesində səffaflığın təmin edilməsinə xüsusi diqqət göstəriləcək. Bu məqsədlə "Elektron hökumət" portalında "Güzəştli mənzil" elektron sistemi yaradılacaq. Sistem 2017-ci il mayın 1-dən etibarən fəaliyyətə başlayacaq.

9011
Teqlər:
ekspert, Vüqar Bayramov, Ramil Osmanlı, vətəndaş, aztəminatlı ailələr, ev, bina, mənzil, Mənzil İnşaatı Dövlət Agentliyi, layihə, sosial
Əlaqədar
Aztəminatlı ailələr hansı şərtlərlə mənzil ala biləcəklər?
Paytaxtın mənzil bazarında bahalaşma
Mənzillərə verilən qazı gizlicə kəsirlər - əhali donur
"Güzəştli mənzil" sisteminin güzəştli ipotekadan hansı fərqləri olacaq?
Aztəminatlı ailələrin mənzil xəyalı gerçək olacaq
Dairəvi Alban Məbədi, arxiv şəkli

Alban tarixinə ögey yanaşma: Nazirlik abidələrə lövhə vurmaqla işini bitmiş sayır

781
(Yenilənib 21:09 18.04.2021)
"Bəzən sosial şəbəklərdə yazırlar ki, "7 manat çox bahadır". Hansı ki, o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəklini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyası, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında təəssüflə bildirir ki, Azərbaycanda tarixi abidələr və muzeylərlə bağlı maarifləndirmə işləri çox zəifdir:

"Son aylar nisbətən diqqət artıb. Turizm Mədəniyyət Nazirliyindən ayrıldıqdan sonra az da olsa fərqi hiss edirəm. Mədəniyyət Nazirliyinin nümayəndələri dəfələrlə mənim yaratdığım muzeydə olublar. Amma buna baxmayaraq, tarixi abidələrin qeydə alınması ilə bağlı proses bir az da ləngiyib. Mənim yaratdığım muzeyə Amerikadan, Türkiyədən, Kanadadan, Sinqapurdan gələn xarici qonaqlar olur. Bəzən hətta yol ötən sürücülər belə yaratdığım muzeyə baş çəkir. Ən azı bəşər övladının yaratdığı dəyər olduğunu anlayırlar. Təəssüf ki, bu, Azərbaycanda bu sahəyə maraq arzulanan səviyyədə deyil".

Alim tariximizə laqeyd münasibətlə bağlı Kütləvi İnformasiya Vasitələrinə və dövlət qurumlarına səslənib:

"Çox istəyərdim ki, KİV, dövlət qrumları bu məsələyə xüsusi önəm versinlər. Tarixi abidələrimiz bizim milli pasportumuzdur. Buradakı insanların dünənki tarixidir. Sabahkı tariximiz üçün bir şahiddir. Çinlilərin bir sözü var, "keçmişini yaxşı öyrən, o, gələcəyin müəllimidir". Tarixi öyrənmək üçün kitab oxumaq kifayət deyil. Mütləq tarixi məkanları, muzeyləri də ziyarət etmək lazımdır. Məsələn, Qax rayonunun Güllük kəndində böyük təpənin üzərində çox möhtəşəm abidə var idi. Amma hazırda abidənin yalnız bünövrəsi qalmaqdadır. Bu da insanların cahilliyindən, maariflənmə işinin aparılmamasından irəli gəlir. Yaxşı olar ki, alban abidələri haqqında mediada maarifləndirmə işləri aparılsın".

Alim qeyd edir ki, o sökülən başqasının deyil, bizim - Qafqazın tarixidir.

"Azərbaycanın tarixi abidələrinin tətqiqatçısı, numizmat-alim Yevgeni Paxomov yazıb: "Misir tarixi üçün ehramların nə qədər böyük əhəmiyyəti varsa, Qafqaz tarixi üçün də Katex kəndində tikilən bu səddin bir o qədər böyük əhəmiyyəti var". Mən bu abidənin restavrasiyası üçün keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevə dəfələrlə müraciət etdim. O söz verdi, mütəxəssislər gəldi. Həftələrlə o abidənin üzərində işlədik. Mədəniyyət Nazirliyi ora bir lövhə vurmaqla öz işini bitmiş hesab elədi", - deyə mütəxəssis bildirib.

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin mütəxəssisi Qənirə Qaforava isə deyir ki, onun çalışdığı muzeydə vəziyyət heç də pis deyil. Dediyinə görə, ziyarətçi sarıdan da əziyyət çəkmirlər:

"Bizim muzeyimizə hər zaman maraq olub. Çünki, Azərbaycanda ilk yaranan muzeydir. Burada iki muzey yerləşir – həm Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi. Bura Tağıyevin yaşayış yeri olub. Gələn ziyarətçi iki muzeyi ziyarət edir. İstər yerli, istərsə də xarici ziyarətçilər hər zaman maraqla gəliblər. Pandemiya dövründə bir müddət bağlandı, amma hazırda açıqdır və ziyarətçilərimiz muzeyimizə baş çəkirlər. Hazırda Tarix muzeyi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti bağlıdır. Amma Tağıyevin 10 otaqdan ibarət xatirə muzeyi açıqdır. Xaricilər üçün 5 manat, yerli ziyarətçilər üçün 2 manatdır, amma məktəbli və tələbələr üçün 1 manatdır. Xaricilər muzeyimizi çox maraqla izləyirlər".

Milli Xalça Muzeyinin Mətbuat xidmətinin rəhbəri Ülvina Fərzəliyeva da mövzuya münasibətini bildirib:

"Giriş 7 manatdır. 6 yaşına qədər uşaqlar üçün pulsuzdur. 6 manatdan yuxarılara 3 manat, məktəb və tələbələrə də 3 manat. Azərbaycan Xalça muzeyi ölkənin ilk İnklüziv muzeydir. Fiziki məhdudiyyətli insanlar da rahat şəkildə muzeyimizi ziyarət edə bilirlər. Onların əlil arabasında girişi, liftlərdən istifadəsi, ekspozisiyalarla tanışlıq üçün bütün şərait yaradılıb. Bundan əlavə, bizdə görmə əngəlli insanlar üçün xovsuz və xovlu texnikanın birgə tətbiqi ilə xalçalarımız üzərində ornamentlər toxunub. Bunu ənənəvi texnologiya şöbəsinin toxucuları ona görə ediblər ki, görmə əngəlli insanlarımız da xalçalara toxunub hiss edə bilsinlər. Bundan əlavə, həmin ornamentlərlə bağlı brayl əlifbası ilə məlumat verilib".

Fərzəliyeva sosial şəbəkələrdə muzeyə girişin baha olmasına narazılıq edənləri də unutmayıb:

"Deyirlər, 7 manat çox bahadır. Halbuki o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəkillərini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat bir kofenin, bir çayın puludur. Gələn insanlar deyirlər ki, "sanki bir anlıq nağıllar aləminə düşdük". Bizim muzeyimizi ziyarət edənlər uzun müddət o ab-havadan çıxmırlar". 

781
Bıçaq əlində qadın, arxiv şəkil

Bacılar arasında bıçaqlaşma baş verib - Lənkəranda

94
(Yenilənib 17:34 18.04.2021)
1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

BAKI, 18 aprel - Sputnik. Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsi 43 ünvanında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.

Hadisənin ailə münaqişəsi zəminində bacılar arasında baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

94
Rusiya XİN-nin binası, arxiv şəkli

Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edildi

0
Rusiya Xarici İşlər Nazirliyinin “persona non qrata” elan etdiyi şəxslər Moskvanı 19 aprelə qədər tərk etməlidirlər.

BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

0