Hökumət evi

Bu dövlət qurumu 10 milyon manatı hara xərcləyib?

109
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində həyata keçirilmiş auditin nəticələri açıqlanıb

BAKI, 14 dek — Sputnik. Hesablama Palatasının Kollegiyası 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə (Agentlik) və onun tabeliyində olan "Azalternativenerji" MMC (Cəmiyyət) tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib. Palatadan Sputnik-ə bildiriblər ki, audit dövlət büdcəsindən ayrılmış aparatın və Cəmiyyətin saxlanılması üçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat məbləğində vəsaiti əhatə edib.

Agentliyin tabeliyində olan "Azalternativenerji" MMC tərəfindən 17 obyektdə (günəş, külək və kiçik su elektrik stansiyası) bütün qurğularla alternativ enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı 2015-ci ildə 8157799,0 kVt.s və 2016-cı ilin birinci rübündə isə 1949889,0 kVt.s təşkil edib. 2015-ci ildə elektrik enerjisi istehsalı ümumi istehsalat gücünün 46,0%-ni təşkil edib, 4 obyektin layihə gücündən 10,0%, 5 obyektin layihə gücündən 20,0%, 4 obyektin layihə gücündən 50,0%, 2 obyektin layihə gücündən 90,0% və 2 obyektin layihə gücündən isə 90,0%-dən çox istifadə olunub. Audit olunan obyektlər tərəfindən istehsal edilmiş elektrik enerjisinin 88,1%-i satışa ötürülüb, 11,9%-i daxili istehlaka və itkiyə yönəldilib.

"Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nda müəyyən edilmiş tədbirlər vaxtında və tam icra edilməyib, "Azalternativenerji" MMC-nin idarəetmə orqanlarından olan Müşahidə Şurası və Elmi metodiki Mərkəz yaradılmayıb, Proqramda nəzərdə tutulmuş tədbirlər bəzi hallarda gecikmə ilə yerinə yetirilib, Proqramda qoyulan məqsədlərin bəzilərinə nail olunmayıb, "2015-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası" layihəsinin müvafiq direktiv orqanlarında təsdiq edilməsi təmin edilməyib.

Layihə güclərinin işə salınmasına çəkilən xərclərin təhlili layihə gücü eyni olan bir neçə obyektin smeta dəyərlərinin müxtəlif olduğunu göstərir. Agentlik tərəfindən bu, həmin ərazilərdə infrastruktur işlərinin müxtəlifliyi ilə əlaqləndirilsə də, eyni güclərin yaradılmasına çəkilən xərclərin əhəmiyyətli fərqlənməsi obyektlərin layihələndirilməsi işinin təkmilləşdirilməsinin və əlaqələndirilməsinin zəruri olduğunu qeyd etmək imkanı verir.

Müəyyən edilib ki, bəzi hallarda enerji satışı üzrə hesablaşmaların uçotu vaxtında aparılmayıb, quraşdırılmış alternativ enerji mənbələri obyektlərinin istismara verilməsi ilə bağlı işlərin həyata keçirilməsi tam təmin edilməyib, bəzi aktivlər əsas vəsait kimi uçota alınmayıb, 2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər görülməyib.

Hesablama Palatasının Kollegiyası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yol verilmiş nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya qərarının surəti və müvafiq təqdimat Agentliyə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

109
Teqlər:
"Azalternativenerji" MMC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, vəsait, Hesablama Palatası, Agentlik, nöqsan, xərc
Əlaqədar
Fondun yerli şöbəsində nöqsanlar ortaya çıxdı
Əlilliyi olan gənclər cəmiyyətdəki nöqsanları dilə gətirdilər
Rəhbərlik sərnişin avtobuslarında ciddi nöqsanlar aşkarladı
İnstitut rəhbəri nöqsanlara görə işdən qovuldu
Nöqsanlara yol verən 100 nəfər nazirlik və komitə işçisi vəzifədən azad olunub

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev

Təhsil naziri şikayətləndi: Fikirlərim təhrif edilib, elə demək istəmirdim

59
(Yenilənib 23:16 22.01.2021)
Emin Əmrullayev: "Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir".

BAKI, 22 yanvar - Sputnik. "Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir:

"Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O, bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür".

"Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”, - deyə nazir əlavə edib.

59
Teqlər:
Emin Əmrullayev, Azərbaycanın təhsil naziri, təhsil naziri

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0