Deputat Çingiz Qənizadə

Deputat: Qaçqın məcburi köçkünlərə ayrılan vəsaitlər yeyilir

219
Millət vəkilinin fikrincə, müavinətlərin ödənilməsinə görə yeyinti və korrupsiya halları varsa, onda bu pulları qaçqın və məcburi köçkünlərə vermək lazımdır ki, qaz, işıq və su pulunu özləri ödəsin.

BAKI, 7 dek-Sputnik. “Hesablama Palatasının rəyinə əsasən qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdikləri kommunal xərclərə görə ayrılan vəsaitlərdə yeyintilər müşahidə olunur. Bununla bağlı dəqiq faktlar və rəqəmlər ortaya qoyulub. Təklif edirəm ki, Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarında düzəlişlər edilməklə, yəni qaçqın və məcburi köçkün ailələrinə güzəştlərin müavinətlə əvəz edilməsi məsələsi dəyişdirilməklə, biz onlara ayrılmış bu güzəştləri yerli icra hakimiyyəti orqanlarının əli ilə deyil, məhz qaçqın və məcburi köçkün ailələrinin özlərinin əli ilə həyata keçirilməsini reallaşdıraq.”

Sputnik-in xəbərinə görə, bunu millət vəkili Çingiz Qənizadə Milli Məclisin plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı deyib.

Millət vəkilinin fikrincə, bu müavinətlərin ödənilməsinə görə yeyinti və korrupsiya halları varsa və bunu rəsmi dövlət orqanları açıqlayırsa, onda bu pulları qaçqın və məcburi köçkün soydaşlarımıza vermək lazımdır ki, onlar qaz, işıq və su pulunu özləri ödəsin.

“Bununla da, Hesablama Palatasının da qeyd etdiyi kimi, yeyinti və korrupsiya hallarının qarşısını alaq. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi də bu fikirdədir və onlar da bu məsələni qaldırıb.” – deyə Qənizadə bildirib.

Millət vəkili Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının daha bir "reket" saytın redaktorunu həbs etməsinə də toxunub: “Bu, artıq 3-cü həbsdir. Hesab edirəm ki, sağlam jurnalistlər, qeyri-hökumət təşkilatları, cəmiyyət Azərbaycanda "xərçəng" kimi bəla olan "reket" jurnalistikaya qarşı hüquq-mühafizə orqanlarının apardığı bu cür əməliyyatları alqışlamalı və müdafiə etməlidirlər.”

219