Astara rayonunun Ərçivan qəsəbəsindəki qədim yay evi – ləm

Orta əsrlərin lüks hotelləri belə idi

212
(Yenilənib 10:07 30.11.2016)
Onların tikintisində mismardan istifadə olunmayıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 30 noy — Sputnik. Azərbaycanın bütün bölgələrində qədim yaşayış məskənləri, tarixi-memarlıq abidələri var. Ölkə ərazisində elə qədim yaşayış məntəqəsi yoxdur ki, orada tariximizi, mədəni irsimizi əks etdirən tikililərə, yaşayış yerlərinə rast gəlinməsin.

Cənub zonası da belə qədimi və unikallığı ilə seçilən memarlıq abidələri ilə zəngindir. Bölgədə "ləm" adlanan yay evləri də xüsusi orijinallığı ilə seçilir. XVIII-XIX əsrlərdən qalan bu tikililərə, ən çox Lənkəran, Astara və Masallı rayonlarının ərazisində rast gəlinir. Vaxtilə, təkcə Astaranın Ərçivan qəsəbəsində 50-yə yaxın ləm olub. Zaman keçdikcə, təbii fəlakətlərin təsirindən və yaxud da baxımsızlıqdan bu tikililər dağılıb.

Yay fəslində ailənin rahat oturub-durması, qonaq qəbul etməsi və ya gecələməsində ləmlərdən geniş istifadə olunub. Belə ləmlərdən biri hazırda Ərçivanda qorunur.

  • Astara rayonunun Ərçivan qəsəbəsindəki qədim yay evi – ləm
    "Ləm" adlanan yay evləri daha çox Azərbaycanın cənub zonasında yayılıb
    © Sputnik / Rahim Muradov
  • Astara rayonunun Ərçivan qəsəbəsindəki qədim yay evi – ləm
    Vaxtilə, təkcə Astaranın Ərçivan qəsəbəsində 50-yə yaxın ləm olub
    © Sputnik / Rahim Muradov
  • Astara rayonunun Ərçivan qəsəbəsindəki qədim yay evi – ləm
    Təbii fəlakətlərin təsirindən və yaxud da baxımsızlıqdan bu tikililər vaxt keçdikcə dağılıb
    © Sputnik / Rahim Muradov
  • Astara rayonunun Ərçivan qəsəbəsindəki qədim yay evi – ləm
    Astara rayon sakini Əsədulla Musayevin həyətindəki bu ləmdə "Ulduz" filmindəki Məhəmmədlə Zuleyxanın dialoqu çəkilib
    © Sputnik / Rahim Muradov
  • Astara rayonunun Ərçivan qəsəbəsindəki qədim yay evi – ləm
    Tikilinin damını, əvvəllər su buraxmayan bitkilərlə, o cümlədən lığ, küləş və ya qamışla örtürlərmiş
    © Sputnik / Rahim Muradov
  • Astara rayonunun Ərçivan qəsəbəsindəki qədim yay evi – ləm
    Ləmlərin bəziləri gözəl arxitektura nümunəsi, özünəməxsus tikili olduğuna görə, sonradan yerli əhəmiyyətli abidələr kimi dövlətin qoruması altına alınıb
    © Sputnik / Rahim Muradov
1 / 6
© Sputnik / Rahim Muradov
"Ləm" adlanan yay evləri daha çox Azərbaycanın cənub zonasında yayılıb

Bölgədə hazırda, ümumilikdə 16 ləm qorunub saxlanılır. Bunlardan ən məşhuru — "Ulduz" filminin əsas səhnələrindən olan, Məhəmmədlə Zuleyxanın dialoqunun çəkildiyi ləmdir. Astaraya gələn yerli və əcnəbi qonaqlar, daim filmin çəkildiyi həyətə baş çəkirlər.

Sözügedən tikili, Astara rayon Ərçivan qəsəbə sakini Əsədulla Musayevin həyətində yerləşir. Ev sahibinin Sputnik-in bölgə müxbirinə verdiyi məlumata görə, 110 yaşı olan bu ləmin daş tikili hissəsində yumurta sarısı, keçi tükü və küldən istifadə olunub.

"Ləmlər, əsasən kvadrat formasında tikilir. Bünövrəsi qırmızı kərpicdən, digər hissələri isə yerli meşə materiallarından hazırlanan şalban və taxtalardan tikilib. Damını "suğal" adlanan kirəmit dam örtüyü ilə örtüblər. Ləmdə istifadə olunan bütün taxta işləmələr bir-birinə keçirmə yolu ilə işlənib, yəni, mismardan istifadə olunmayıb", — deyir ev sahibi.

Ə. Musayev danışır ki, həyətindəki ləmi onun babası sonuncu oğlunun şərəfinə tikib: "Bura istirahət yeridir. Yayda insanlar burada dincəlirlər. Əvvəllər maşınlar olmayıb, camaat ancaq arabadan istifadə edib. Yaxınlıqdan keçənlər də burada gecələyiblər. O vaxtlar ustalar küləyin səmtini nəzərə alaraq, ləmi inşa edirdilər. Bunun nəticəsidir ki, ikinci mərtəbəyə qalxanda oranı külək yaxşı tutur. Yəni orda yaxşı sərinlənmək olur".

© Sputnik / Rahim Muradov
Orta əsrlərin lüks hotelləri bunlar idi

Həmsöhbətimizin dediyinə görə, 40 kvadratmetr sahəsi olan tikilinin damını, əvvəllər su buraxmayan bitkilərlə, o cümlədən lığ, küləş və ya qamışla örtürlərmiş: "Sonralar isə qamışı, daha möhkəm tikinti materialı olan kirəmit əvəz edib".

Hazırda Masallıda 1, Lənkəran və Astarada isə bir neçə ləm qalıb. Ləmlər bir qayda olaraq evlərin yaxınlığında — bağlarda tikilib. Ləmlərin bəziləri gözəl arxitektura nümunəsi, özünəməxsus tikili olduğuna görə, sonradan yerli əhəmiyyətli abidələr kimi dövlətin qoruması altına alınıb.

Məlumat üçün bildirək ki, yazıçı Fərman Kərimzadə, bir vaxtlar "Xudafərin körpüsü" romanı üçün materiallar toplayan zaman, Əsədulla Musayevin həyətindəki bu ləmdə istirahət edirmiş.

212
Teqlər:
Əsədulla Musayev, tikili, ləm, qədim yaşayış məskənləri, Ərçivan, Masallı, Astara, abidə, Lənkəran, tarix, ev
Əlaqədar
Nobeli Azərbaycana gətirən möcüzəvi ağac
Azərbaycanda arxeoloqları heyrətləndirən qəbir aşkarlanıb
Əsrarəngiz məkan: suyu yanır, alovu yandırmır
Azərbaycanda 6 əsrlik div evi
"Koba" Azərbaycandakı bu qalada cəza çəkib
Əməkdar artist Tofiq Hüseynov

Əməkdar artist Tofiq Hüseynov vəfat edib

18
(Yenilənib 20:37 05.07.2020)
Aktyor bir saat əvvəl evində dünyasını dəyişib. Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

BAKI, 5 iyul – Sputnik. Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Tofiq Hüseynov vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat yayıb.

Qeyd edilir ki, aktyor bir saat əvvəl evində dünyasını dəyişib.

Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

"Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və teatrın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olmuşdur.

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir.Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışmış, müxtəlif obrazlar oynamışdı. Bunlar: Rza bəy (“O olmasın, bu olsun”,Ü.Hacıbəyov),Əzrayıl (“Bu meydan, bu şeytan”,F.Aşurov),Mərd Mazarov (“Adamın adamı”,Anar),Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə),Tülkü (“Cücələrim” T.Mütəlibbov ),Cəbi (“Hacı Qəmbər”,N.Vəzirov ),Şah Kreon (J.Anuy “Medeya”),Vəzir Zəban (O.Altunbay “Tomris”) obrazlarıdır.

Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb.

Onlardan:Komiyonçu “Kəllə”(N.Hikmət),Knyaz Orbeliani “Brüsseldən məktublar”( H.Həsənov),Oqtay “Rəqabət”(B.Vahabzadə),Hacı Kərim “Ölülər” (C.Məmmədquluzadə), Rüstəm xan(“Eloğlu”,A.Şaiq),Qala rəisi(“Xurşidbanu Natəvan”,İ.Əfəndiyev),Bekar Ağabala “Dirilən adam”( Mir Cəlal),Katib “Ölüləri qəbiristanlıqda basdırın”( İ.Şıxlı),Ağamusa Fərəcov “Dəlilər və ağıllılar” (İ.Əfəndiyev),Əcəl “Alın yazısı”( T.Minnullin) və digər obrazları tamaşaçı maraqla qarşılayıb.

Aktyor “Meteranpaj”(Kamayev),”3-mollanın sərgüzəşti”(Mola Vəli),”Şkafda adam”(Ər),Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında, “Marş” (Komandir),“Dəvətnamə”(Briqadir),”O dünyadan salamlar”(Əli bəy), “Bahar ərəfəsində”(Direktor) və s.filmlərə çəkilib.

Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb", - deyə o bildirib.

18
DYP əməkdaşı sürücünün sənədlərini yoxlayır

İcazələrlə bağlı vəziyyətə aydınlıq gətirildi İqtisadiyyat Nazirliyi müraciət etdi

114
(Yenilənib 20:14 05.07.2020)
İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

BAKI, 5 iyul – Sputnik. Məlum olduğu kimi, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə ölkə ərazisində fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələri müəyyən edilib.

Həmin sahələrdə çalışan işçilərin işə çıxması üçün icazələrin verilməsi Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən edilən və Dövlət Statistika Komitəsinin “İqtisadi fəaliyyət növlərinin təsnifatı”na əsasən fəaliyyəti icazə verilən sahələrə uyğun şəkildə işəgötürənlərin “icazə.e-gov.az” portalına müraciəti əsasında həyata keçirilir. İcazələr həmçinin Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən işçi sayına məhdudiyyət tətbiq edilmiş fəaliyyət sahələri üzrə tələblər nəzərə alınmaqla verilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşlarımızın infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən iyulun 5-dən etibarən Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə işə çıxarılmasına olan tələblərə əsaslanaraq bu həddi keçən qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub.

İqtisadiyyat Nazirliyi bir daha hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, icazələrin bir hissəsinin ləğv edilməsi ilə əlaqədar fəaliyyətinə icazə verilən sahələrdə çalışan hüquqi və fiziki şəxslər icaze.e-gov.az portalına daxil olmaqla işçi heyətinin qeydiyyatl ilə bağlı məsələləri müəyyən edilmiş qaydalar çərçivəsində yenidən tənzimləməlidirlər. İcazələrin verilməsi zamanı əmək müqaviləsi ilə çalışan işçilərin sayı və təsnifat kodu əsas götürülür. Növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürən tərəfindən əvvəlcədən portala daxil olunmalıdır.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətinə icazə verilməmiş sahələr üzrə sistemə müraciət edilməsi mümkün deyildir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fəaliyyətinə icazə verilən və xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda uçotda olan və ya təsərrüfat subyekti (obyekti) həmin şəhər və rayonlarda yerləşən vergi ödəyicisinin siyahısı “icazə.e-gov.az” portalına daxil edilməsi üçün real vaxt rejimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilir. İyulun 5-i 17.00-a olan məlumata görə, artıq “icazə.e-gov.az” portalında 38.348 işəgötürən tərəfindən 453.781 işçi sayına icazə alınıb.

İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İşəgötürən tərəfindən portala daxil edildikdən sonra narıncı zonaya aid olan ərazidə hərəkət etmək icazəsi olan şəxslər işəgötürən tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında həmin zonanı tərk edə bilərlər.

Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əsasən fəaliyyətinə icazə verilmiş sahələrin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür (qərarın əlavəsi):

https://nk.gov.az/media/files/49339ee08e90baca9ebd88f55a5ba958.pdf

Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən işçi sayına məhdudiyyət tətbiq edilmiş fəaliyyət sahələrinin siyahısı ilə bu linklər vasitəsilə tanış olmaq mümkündür:

https://nk.gov.az/az/article/911/print/

https://cabmin.gov.az/media/files/a0d53995ef202836f886389f911971d3.pdf

 

114
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar