Əmirqulu Əmiraslanov və Xumar Mehdiyeva

"Hansı quruluşda yaşadığımızdan xəbərimiz olmayıb..."

440
(Yenilənib 10:22 29.11.2016)
Onlar özlərini kommunizmin bir addımlığında güman edərək, sosializmə sidq ürəklə inanıblar

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 29 noy — Sputnik. SSRİ-nin dağılmasından onilliklər keçsə də, əksər soydaşlarımızın yaddaşında o dövrün nostaljisi hələ də yaşamaqdadır. O dövrü bəziləri, bütün sosial təbəqələrin hüquqlarının təmin olunduğu ideal cəmiyyət, bəziləri dağıtdıqca azalmayan xəzinə, bəziləri isə milli, dini dəyərlərin unutdurulduğu bir quruluş kimi dəyərləndirirlər.

Bu dəfəki həmsöhbətlərim, özlərini kommunizmin bir addımlığında güman edərək, sosializm quruluşuna sidq ürəklə inanan, daha yaxşı dolanmaq üçün daha çox işləmək prinsipi ilə yaşamış, el arasında vəzifələri ilə deyil, ziyalılıq və sadəlikləri ilə hörmət qazanmış yaşlı ər-arvaddır. Samux rayon Qarayeri qəsəbəsində yaşayırlar.

Ailə başçısı, 80 yaşlı Əmirqulu Əmiraslanov Azərbaycanın Aqro-toksikologiya üzrə ilk elmlər namizədi olub. Bir müddət elmi işçi kimi çalışdıqdan sonra, Xanlar rayonunun, eyni zamanda bölgənin ən böyük üzümçülük sovxozu olan, "Azərbaycan sovxozu"nda aqronom kimi işə başlayıb.

İşə başladığı il "Keçici Qırmızı Bayrağı" sovxozlarına gətirməkdə böyük xidmətləri olub. Bundan sonra demək olar ki, Qorbaçovun "Suxoy Zakon"una kimi bayraq heç bir sovxoza güzəştə gedilməyib.

Əmirqulu Əmiraslanovun təltif olunduğu Lenin medalı
© Sputnik / Ilham Mustafa
Əmirqulu Əmiraslanovun təltif olunduğu Lenin medalı

Həyat yoldaşı, 71 yaşlı Xumar Mehdiyeva isə Kuban Kənd Təsərrüfatı Akademiyasını bitirdikdən sonra, bir il şərab zavodunda laborant kimi fəaliyyət göstərib. 24 yaşında isə, o vaxtkı Xanlar rayonunun ən böyük qəsəbəsi, 10 minədək əhalisi olan,17 millətin nümayəndəsinin yaşadığı Qarayeri qəsəbə sovetində sədr kimi işə başlayıb. 14 il bu vəzifədə işləyib. Öz istəyi ilə işdən çıxdıqdan sonra, onun məsləhəti ilə başqa bir qadın qəsəbəyə sədr təyin edilib.

Əslində Kommunizmdə imiş

Yaşadıqları dövr haqda danışan həmsöhbətlərim "əslində, kommunizmdə yaşayırmışıq, amma bunu, yalnız indi başa düşürük" deyirlər. Xumar xanımın sözlərinə görə, o dövrdə pis dolanmayıblar.

"Əvvəllər 100 manat əməkhaqqı alırdım. 180 də yoldaşım alırdı. Gənc ailə idik, bir az da valideynlərimiz kömək edirdi. Buna baxmayaraq, ilin sonunda aldığımız mükafatı, yoldaşımın alimlik pulunu yığıb əmanət kassalarına qoyurduq ki, uşaqlar böyüyəndə onlara xərcləyərik. İşlədikcə məvacibim də artırdı. İşdən çıxana yaxın 160 manat olmuşdu", — deyir qadın.

Əmirqulu Əmiraslanovun da o dönəmdən ciddi bir şikayəti yoxdur: "O dövrdə institutu bitirəndən sonra iki il nazirin sərəncamında olurdun. Təyinatla gedib, azı 2 il ucqar, zəif inkişaf etmiş kolxozlarda işləyirdin. Getdiyin yerdə hər bir şəraitlə təmin olunurdun. Çox vaxt heç geri dönmürdü gedənlər, taleyini ora ilə bağlayırdılar".

"Dolanışığa gəldikdə isə, əməkhaqqından əlavə mükafatlar olurdu. Planı vaxtından əvvəl və ya artıqlaması ilə verəndə mükafat yazılırdı. Fəhlə isə günəmuzd işləyirdi. Nə qədər çox işləsə, o qədər çox əməkhaqqı alırdı. Çox vaxt onların əməkhaqqı vəzifəli şəxslərdən artıq olurdu. 1000-2000 manat mükafat alanlar olurdu", — deyir təcrübəli aqronom.

Lakin Qorbaçov Mərkəzi Komitənin Baş Katibi olandan sonra Azərbaycan sovxozunun da xoş günlərinin sonu başlayır. "Suxoy zakon"un tətbiqi ilə, hələ XIX əsrdə almanlar tərəfindən inkişaf etdirilən, 22-24 % şəkər tərkibi ilə becərilən üzüm bağları azaldılır. "Suxoy zakon" qəsəbə əhalisinin də güzəranına ciddi təsir edir.

Yetişməyən məktublar

Hazırda həmsöhbətlərimin hər ikisi təqaüddədir. Xumar xanım 180 manat, Əmirqulu Əmiraslanov isə 210 manat təqaüd alır. Birtəhər bu pulla dolanmağa çalışdıqlarını deyən aqronom, onlara düşən halal təqaüddən məhrum olduqlarını bildirir.

"14 il yoldaşım dövlət qulluğunda işləyib. Lakin buna görə təqaüdünü ala bilmir. Neçə yerə getmişəmsə, deyirlər, "yalnız müstəqillik dövründə işləyənlərə aiddir". Amma "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 5.2.3 maddəsində aydınca göstərilir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında, azı 5 il müddətinə işləyənlərə artım şamil olunur. Bu faktı aidiyyəti qurumların qarşısına qoysam da, qoyan yoxdur", — Ə. Əmiraslanov bildirir.

Lakin yaşlı cütlüyün problemi bununla da bitmir: "Mən də elmi dərəcəmə görə əlavə təqaüdümü ala bilmirəm. Əsas gətirirlər ki, "gərək, sən elmi tədqiqat və tədrisdə işləyərdin". Alimin hamısı institutda işləməz ki. 1979-cu ildə sovxoza 3 elmlər namizədi gəldik — mən, direktor və müavini. Onun nəticəsi idi ki, "Keçici qırmızı bayrağ"ı sovxozumuza gətirə bildik".

"Axı mən sovxozda işləyən müddətdə elmi işçilik maaşımı almışam. Təqaüdə çıxanda bəs niyə bu, hesablanmamalıdır?", — deyir həmsöhbətim.

O, müvafiq qurumlara ünvanlandığı məktubların, ya ünvana yetişmədiyini, ya da yetişsə də, nəticəsiz qaldığını əlavə edir…

440
Teqlər:
Əmirqulu Əmiraslanov, Qarayeri qəsəbəsi, quruluş, sosializm, Samux rayonu, kommunizm, SSRİ
Əlaqədar
Azərbaycanın bir kəndinin komandası 14 dəfə SSRİ çempionu olub
Xalq artisti: "SSRİ-də doğulmuşlar" adlı konsert proqramına ilk dəfədir qatılıram
Azərbaycanlı müğənni "SSRİ-də doğulmuşlar" siyahısında
Vladimir Putin: "SSRİ-ni dağıtmaq lazım deyildi"
On bir ölkənin vətəndaşları SSRİ dönəmindəki həyatı hazırkı şəraitlə müqayisə etdilər
SSRİ rəhbərliyinin növbəti kağız üzərində qalmış qərarı
Keçmiş SSRİ ölkələrində minimum əmək haqqı nə qədərdir?
Bakıda Aşura günü, arxiv şəkli

DİN Aşura ilə bağlı əhaliyə müraciət etdi

0
(Yenilənib 18:01 14.08.2020)
Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq

BAKI, 14 avqust — Sputnik. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, insanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən "Aşura" günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir.

Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Məhərrəm ayının başlaması avqustun 21-nə təsadüf edəcək
Bakıda qadın on nəfəri cəriməyə saldı
COVID-19 xəstələri həbs edildilər: başqalarını da yoluxdurmaq istəyirmişlər - FOTO
Xəstə şəxs Bakını tərk etmək istəyəndə saxlanıldı
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Ermənistanın Gəncə hədəsinə Azərbaycan Müdafiə Nazirliyindən cavab

8
Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir

BAKI, 14 avqust — Sputnik. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimin nümayəndələrinin səsləndirdiyi fikirlər heç bir mahiyyət kəsb etmir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı, işğalçılıq siyasətinin göstəricisidir və bu onların növbəti təxribat əməlləri törətmək niyyətindən xəbər verir.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaşayış məntəqələrimizi və dinc əhalini atəşə tutaraq bir nəfər kənd sakinini qətlə yetirən düşmən təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə alındı.

Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistan silahlı qüvvələrinin standart praktikasıdır. 2016-cı il aprel hadisələri, Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi kimi əməllərin şahidi olduq.

Bir daha qətiyyətlə bildiririk ki, Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir. Ermənistanın hər bir təxribatının qarşısı Tovuz döyüşlərində olduğu kimi qətiyyətlə alınacaq və bu kimi təxribatların törədilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir.

8
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan üçün ən böyük təhlükə Paşinyan hakimiyyətinin siyasətidir"
Akar: "Azərbaycanla Türkiyə hər cür təhdid və təhlükəyə qarşı həmişə bir yerdə olacaq"
Ermənistan ordusu bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub
"Bu ölkədə azərbaycanlılara qarşı açıq nifrət aşılanır" - Hikmət Hacıyev
Paşinyan BBC-nin efirində: "Azərbaycandan üzr istəməyə hazırsınızmı?"