Bina

Daha bir kommunal xidmət bahalaşır

2632
(Yenilənib 16:21 23.11.2016)
Mənzillərə verilən isti suyun qiyməti artırılacaq

BAKI, 23 noy — Sputnik. Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib. Dəyişikliyə əsasən, isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb. Bu qərar 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək.

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Samir Əliyev Sputnik-ə açıqlamasında deyib ki, dövlət tərəfindən tənzimlənən qiymətlər bir qayda olaraq vahid qiymətdən ibarət olur: "Uzaqbaşı regional olaraq burada fərq ola bilər. Məsələn, ayrı-ayrı xidmətlər, məhsullar üzrə Bakı şəhəri üçün bir qiymət, regionlar üçün bir qiymət ola bilər və s. Evlərin isti su ilə təminatında qiymətlər tənzimlənirdi. Bundan sonra tənzimlənməyəcək".

"İsti su qiymətlərinin dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılması birmənalı olaraq qiymətin artması deməkdir. Yəni, bu addımdan sonra qiymət artacaq. İstənilən halda qiymətlərin artımı baş verəcək. Çünki, qiymət tənzimlənməyəcək. Burada qiymət ucuzlaşmasından söhbət gedə bilməz", — ekspert bildirib.

S. Əliyevin sözlərinə görə, dünya təcrübəsində bu xidmət bəzi ölkələrdə tənzimlənir, bəzi ölkələrdə isə tənzimlənmir: "Əslində bu addım gözlənilirdi. Görünür, ilkin olaraq bu sektordan başlayıblar. Azərbaycanda bu addım heç də hamıya zərbə vurmayacaq. Çünki, bu sektor əhalinin hamısına deyil, müəyyən bir təbəqəsinə, xüsusilə də şəhər mərkəzlərində yaşayan təbəqəyə təsir edəcək. Məhdud insanlar hazırda mərkəzləşdirilmiş isti sudan istifadə edir. Bu addım qiymət artımına, eyni zamanda, differensial qiymətə gətirib çıxardacaq".

"Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, isti suyun dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılması onun qiymətinin yenidən formalaşdırmasına imkan verəcək: "Biz soyuq suyun qiymətini və onu qızdırmaq üçün sərf olunan xərcləri və cüzi də qurumun gəlirini qoyub qiymət müəyyənləşdirəcəyik. Yaxın günlərdə isti suyun əhali üçün qiyməti müəyyənləşəcək".

"Hələlik bunun üzərində iş gedir, hesablamalar aparılır, qiymət hökümətlə razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq. Bu, istilik təchizatının fəaliyyətinin sağlamlaşdırılmasına xidmət edəcək ki, idarə zərərlə işləməsin və tədricən gəlir gətirən təşkilata çevrilsin", — R. Əliyev qeyd edib.

2632
Teqlər:
isti su, "Azəristiliktəchizat", su, Rafiq Əliyev, Samir Əliyev, Nazirlər Kabineti, qiymət
Əlaqədar
“ASAN Kommunal” mərkəzləri yaradılacaq
“İlin sonunda neftin qiyməti təkrar 41-42 dollaradək ucuzlaşa bilər”
Bu qış qazın qiymətinin qalxması nə dərəcədə realdır?
2017-ci ildə bu avtomobillərin qiyməti pik həddə çatacaq
Rövnəq Abdullayev: Neftin qiymətinə baxmayaraq layihələr uğurla icra edilir