Hökumət Evi

Mədəniyyət Turizm Nazirliyinin bütün rayon şöbələri ləğv edildi

9988
(Yenilənib 13:30 11.11.2016)
Yeni qərar gələn ilin yanvarından qüvvəyə minəcək. Həmin vaxtadək şöbələr fəaliyyətini, işçilər isə işlərini davam etdirəcəklər.

BAKI, 11 noy — Sputnik. Mədəniyyət və Turizm Nazirliyinin yeni qərarı ilə, nazirliyin rayon şöbələri ləğv edilib. Bu barədə Sputnik-ə nazirlikdəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, bu məsələ bir neçə ay öncədən planlaşdırılsa da, qərar ötən günlərdə verilib. Qərara əsasən, rayonlardakı yerli şöbələr faktiki olaraq ləğv edilib, onların rəhbərliyi və əməkdaşları işdən azad olunub.

Yeni qərar gələn ilin yanvarından qüvvəyə minəcək. Həmin vaxtadək şöbələr fəaliyyətini, işçilər isə işlərini davam etdirəcəklər.

Mənbə əlavə edib ki, ləğv olunmuş şöbələrin əvəzinə, bir neçə rayonun birləşdiyi regional mədəniyyət idarələri yaradılacaq. İdarənin işçi heyəti isə, ləğv olunmuş şöbələrin birinin işçi personalının sayına bərabər olacaq. Yəni, ləğv olunmuş 4 rayon şöbəsinin əməkdaşlarından, yalnız birində olan qədər işçi heyəti saxlanılacaq.

Xəbəri dəqiqləşdirmək və əlavə məlumatlar əldə etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Nazirlikdən Sputnik-ə verilən açıqlamada xəbəri təkzib etməsələr də, detallar barədə açıqlama da vermədilər. Bildirildi ki, bu istiqamətdə işlər tam yekunlaşmadığı üçün, əlavə məlumat verə bilməyəcklər.

Sözügedən yenilik bir sıra suallar ortaya çıxarır: Əvvəla, bu qərar hansı zərurətdən meydana çıxdı? Ölkənin mədəniyyət siyasətində nə kimi dəyişikliklərə səbəb olacaq? Ləğv olunan şöbələrin, ümumilikdə nə qədər əməkdaşı işsiz qalacaq? İşini itirmiş əməkdaşlarının aqibəti necə olacaq?

Nizami Cəfərov - deputat, filoloq, alim
© Photo : APA
Nizami Cəfərov - deputat, filoloq, alim

Bu və digər suallara nazirliyin özündən cavab almağı çox istərdik. Təəssüf ki, cəhdlərimiz nəticəsiz qaldı. Bununla belə, məsələyə Milli Məclisin deputatlarının münasibətini öyrəndik.

Parlamentin Mədəniyyət komitəsinin keçmiş sədri Nizami Cəfərov haqqında söhbət gedən struktur dəyişikliklərini faydalı hesab edir: "Bu, dövlət səviyyəsində verilmiş qərardır. Bunun əhəmiyyəti odur ki, istər təhsil, istər mədəniyyət, istərsə də digər sahələrin regional şəkildə idarə olunması daha doğrudur. Bunun həm idarəçilik baxımdan, həm geniş bir bölgəni idarə etmək baxımından, həm maliyyə baxımından böyük əhəmiyyəti var".

"Hal-hazırkı sistem — hər rayonda bir şöbənin olması iş prosesinin daha effektli getməsinə imkan vermir. Bunun üzərində illərdir düşünülüb və belə qərar verilib ki, regional idarələr yaradılsın", — deputat bildirib.

O, ləğv olunan şöbələrin işdən çıxarılan kadrlarına yeni iş veriləcəyini də qeyd edib: "Müəyyən qədər ixtisarlar olacaq, amma ümumilikdə yeni sistem və effektli iş üçün bu, cüzi bir itkidir. Yerdə qalan işçilər başqa sahələrdə yerləşdiriləcək. O qədər də çox kadr itkisi olmayacaq. Bunlar hamısı düşünülüb".

Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva
© Photo : REPORT
Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Gövhər Baxşəliyeva da şöbələrin ləğvini səmərəli idarəetmə cəhətdən vacib sayır: "Hər rayonda mədəniyyət şöbəsinin olmasına artıq ehtiyac yoxdur. Bütün dünya iqtisadi böhran yaşayır, eyni zamanda neft qiyməti aşağı düşür. Buna görə də Azərbaycan rəhbərliyi maksimal dərəcədə vəsaitlərə qənaət edərək islahatlar keçirir və daha səmərəli işlər görülür".

"Hər rayonda bir mədəniyyət şöbəsinin olması, amma görülən işin səmərəli olmamasındansa, bir neçə rayonu əhatə edən bir idarənin olması və daha səmərəli fəaliyyət göstərməsi məqsədəuyğundur. Bu, işçilərin işləməsindən, vətənpərvərliyindən, vicdanından asılıdır", — G. Baxşəliyev bildirib.

Kadrların ixtisarı və işsiz qalan əməkdaşların aqibəti haqda isə millət vəkili belə düşünür: "Regional mərkəzlərin işçiləri daha çox məvacib alacaqlar. 10 nəfərə az maaş verməkdənsə, 3-5 nəfərə daha çox maaş verib, daha keyfiyyətli iş tələb etmək sərfəlidir".

"Bu sistem bütün dünyada hər bir ölkədə tətbiq olunur. Kapitalist sistemi budur. Daha savadlı, daha potensiallı kadrlar tez və yaxşı iş tapa bilirlər. Bunun özü də gənclərin öz üzərində daha çox işləmələrinə səbəb olur. Biz ölkəmizin inkişafını istəyiriksə, bu kimi islahatlara getməliyik", — deputat vurğulayıb.

9988
Teqlər:
işsiz, işçi, rayon şöbələri, Nizami Cəfərov, Gövhər Baxşəliyeva, Mədəniyyət və Turizm Nazirliyi, qərar, ləğv
Əlaqədar
Jerar Depardye adına mədəniyyət mərkəzi açılıb
"Mədəniyyət təcrid oluna bilməz"
Rusiyada "Müsəlman mədəniyyəti günləri" keçiriləcək
Mədəniyyəti əsarətdən xilas etməli
Müharibə mədəniyyəti
"Xalq artisti öz mədəniyyətini cəmiyyətin mədəniyyətinə uyğunlaşdıra bilmirsə..."
Cütlük, arxiv şəkli

Oğlanlar evlənməyə qız tapmayacaqlar - Demoqrafik təhlükə

42
(Yenilənib 21:48 26.01.2021)
Ekspertlər hesab edirlər ki, əgər hazırkı disbalans davam edərsə, demoqrafik prosesə və genefonda mənfi təsir göstərə bilər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. “İlk hamiləliyimdə bətnimdəki uşağın oğlan olduğunu bilən həyat yoldaşım az qalırdı məni ovucunun içində saxlasın. Ürəyim nə istəyirdi alırdı. Tale elə gətirdi ki, uşaq 4 ayında bətnimdə inkişafdan qaldı. Məcbur olub uşağı abort etdirdik. İkinci dəfə hamilə qalanda uşağın cinsini öyrənmək üçün hər həftə qaynanam məni həkimə aparırdı. Yoldaşım deyirdi ki, oğlan olmasa, abort etdirərsən. Gecə-gündüz dua edirdim ki, bətnimdəki uşaq oğlan olsun. Həkim uşağın qız olduğunu deyəndə qaynanam tez yoldaşıma zəng elədi. O da dedi ki, uşağı elə orada götürdüb, evə gəlsin. Evimizdə buna görə çox söz-söhbət yarandı. Mən sağlam qız uşağını hamiləliyimin 12-ci həftəsində abort etdirdim”.

Yeni doğulmuş uşaq, arxiv şəkli
© AP Photo / Fernando Antonio

Söhbətin bu yerində gözləri dolan Mahirə (adı şərtidir) hər dəfə başına gələn bu hadisəni yadına salanda bir ana kimi özünü günahkar hesab etdiyini deyir. Azərbaycanın rayonlarının birindən olan həmsöhbətimiz ailə qurub, Bakıya köçdükdən sonra iki oğlan uşağı dünyaya gətirib. Deyir ki, baldızı boşanıb ata evinə qayıtdığından yoldaşı qız uşağının doğulmasına qarşı olub...

Elə Dövlət Statistika Komitəsinin doğulan uşaqların cins nisbəti ilə bağlı yaydığı məlumat da cəmiyyətdə oğlan uşaqlarının dünyaya gəlməsinə daha çox marağın olduğundan xəbər verir. Komitənin yaydığı xəbərə görə, 2020-ci ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116454 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda oğlan uşaqlarının doğulmasına olan maraq son illər qismən azalsa da, bu tendensiya davam edir: “Hələ əvvəlki illərlə müqayisədə ölkəmizdə qız uşaqlarının doğulmasına qarşı diskriminasiya azalıb.

Ümumiyyətlə, Azərbaycanda qız uşağı yük kimi qəbul olunur. Cəmiyyətdə qızların davranışlarına çox ciddi diqqət yetirilir. Onların qoyulan çərçivədən çıxması, azadlığı namussuzluq kimi qəbul olunur.

Bütün bunların nəticəsində cəmiyyətdə qız uşaqlarının doğulmasına qarşı mənfi fikirlər yaranır. Valideynlər hesab edirlər ki, bizim cəmiyyətdə qızın yükünü çəkmək çətindir. Bu da selektiv abortlara gətirib çıxarır. Səhiyyə Nazirliyinin təlimatlarına görə, dölün ana bətnində cinsinin deyilməsi, cinsə görə abort yolverilməzdir. Son illər həkimlər bu qaydaya əməl etməyə başlasalar da, bu məsələyə nəzarət gücləndirilməlidir. Eyni zamanda, doğulan qız uşaqlarının oğlan uşaqlarına nisbətdə azalmasının qarşısını almaq üçün qadınların cəmiyyətdə sosial müdafiəsini gücləndirmək lazımdır. Əks halda, bu əhalinin cins tərkibində disbalans yaradacaq. Oğlanlar evlənməyə qız tapmayacaqlar, qarışıq nikahlar artacaq”.

Statistik rəqəmlərdən də görünür ki, doğulan uşaqlar arasında cins nisbəti illər üzrə dəyişib. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olduğu halda, 2010-cu ildə hər 100 qıza 118, 2011-2014-cü ildə 116, 2015- 2017-ci illərdə 114 oğlan düşüb. 2018-ci ildə bu nisbət yenidən artaraq 115-ə yüksəlib. 2019-cu ildə isə bu göstərici yenidən azalaraq, 114-ə enib. Ümumiyyətlə, 1990-cı ildən sonra ölkədə yenidoğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003 və 2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, oğlan uşaqlarının doğulmasına maraq müxtəlif xalqlarda var. Amma dünyanın heç bir yerində selektiv abortlara icazə verilmir: “Ana bətnindəki dölün məhv edilməsinə tibbi göstəriş varsa, qadın məsləhətxanasının nəzdindəki həkim ekspertizası komissiyasından təsdiqləndikdən sonra icra oluna bilər. Amma hamiləliyin pozulmasına sosial göstərişlər də var. Hamiləliyin pozulması bu halda 12 həftəyədəkdir. Burada da bölünmələr var. Bunlar tibbi və sosial göstərişlərdir. Sosial göstərişlərdə hamiləliyin iri müddətində sonlandırılmasına icazə verilir. Əgər hamilə qadının həyat yoldaşı vəfat edibsə, əri cəzaçəkmə müəssisəsindədirsə, kişi yaxud qadının heç biri işləmirsə, ailədə uşaq sayı 5-dən çoxdursa, bu hallarda abort sosial göstəriş sayılır. Bu zaman hamiləlik 12 həftədən sonra da sonlandırıla bilər”.

S.Məmmədova deyir ki, “Reproduktiv Sağlamlıq Haqqında” qanun layihəsində selektiv abortların qarşısının alınması üçün dölün ana bətnində cinsinin təyin edilməsinin qadağan olunması təklif olunub: “Layihədə təklif olunub ki, ultrasəs müayinəsi (USM) zamanı uşaqların cinsi deyilməsin. Qanun təsdiqlənərsə, bu halların qarşısını almaq olar”.

Baş mama-ginekoloq bildirir ki, hamiləliyin 10-11 həftəsinə qədər cinsiyyət üzvlərinin formalaşması gedir. USM vasitəsilə 12 həftədən sonra dölün cinsini təyin etmək mümkündür: “Hamiləliyin erkən mərhələsində qandan və dölün hüceyrəsindən analiz götürməklə cinsi təyin etmək olur. Amma qeyri-invaziv yolla hamiləliyin 12 həftəsində dölün ultrasəs müayinəsi edərək cinsini müəyyən etmək olur. Biz bunu tibbi göstəriş olmadığı halda məhdudlaşdırmalıyıq”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, selektiv abortlara qadağa məsələsi Milli Məclisə təqdim olunan “Reproduktiv Sağlamlıq Haqqında” qanun layihəsinin iş planına salınıb. Onun sözlərinə görə, bunun üçün müvafiq təkliflər verilib: “Biz təbii balansı qorumağa çalışmalıyıq ki, sonradan cəmiyyətdə disbalans yaranmasın. Selektiv abort birmənalı olaraq qadağan olunmaldır!”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, demoqrafik strukturun gender balansının maksimum nisbəti 100-106 çərçivəsində olmalıdır. Son illər isə əhalinin gender balansı normal səviyyədən (100-107) qeyri-normal səviyyəyə (100-115) qalxıb: “Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans davam edərsə, demoqrafik prosesə və genefonda mənfi təsir göstərə bilər. Abortlar arasında selektiv abortların sayını göstərən statistika olmasa da, yeni doğulan cinslər arasında olan disbalans göstəricisi böyük ehtimal ilə selektiv abortların payına düşür. Azərbaycanda 2000-2019-cu illərdə abortların sayı da 17 min 500-dən 37 min 300-ə qalxıb. Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması və səhiyyə xidmətlərinin inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində qadınlar arasında bu məsələlərlə bağlı maarifləndirmə kampaniyaları aparılır.

42
İş adamı, arxiv şəkli

Sahibkarlara koronavirusla bağlı xəbərdarlıq

8
(Yenilənib 21:38 26.01.2021)
Sahibkarlara koronavirusa görə xəbərdarlıq edən agentlik sıravi vətəndaşları da sayıq olmağa səsləyib. Onlar 1003 çağrı mərkəzinə şikayət edə bilrlər

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı sahibkarlara müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, sahibkarlar xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

İctimai iaşə müəssisələrində virusun yayılmasının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara mütləq əməl edilməlidir. Belə ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir ictimai iaşə müəssisəsində müştəri qəbulu 2 dəfə azaldılmalı, hər adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır.

Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. İctimai iaşə müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələr, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması əsas şərtlərdəndir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onlar dəyişəkli, təmiz iş geyimi, gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələr və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Həmçinin kafe və restoranlarda məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməli, yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.

Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır. Vətəndaşlardan ictimai iaşə müəssisələrində qaydalara əməl edilmədiyi halları ilə rastlaşdıqda bu barədə Agentliyin 1003-Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

8
Teqlər:
AQTA, xəbərdarlıq, Koronavirus, epidemiya, COVID-19, sahibkar

Putin prezident Baydenlə ilk dəfə danışdı, ABŞ-ın arzusunu yerinə yetirdi

7
(Yenilənib 23:17 26.01.2021)
Vladimir Putin Cozef Baydenlə ABŞ prezidenti qismində ilk dəfə telefonla danışıb. ABŞ-ın təşəbbüsü ilə baş tutan danışıqda Baydenin arzusunda olduğu məsələ həllini tapıb

BAKI, 26 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə bu gün telefonla danışıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Co Baydenin mətbuat katibib Cen Psakinin sözlərinə görə, telefon danışığı ABş tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib. 

Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb. 

Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.

Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq

7