Kompüter qabağında oturan adam, arxiv şəkli

Yalan ayaq da tutar, yeriyər bu da fakt!

203
(Yenilənib 11:14 07.11.2016)
Özümüz primitiv yalanlara ömür, onların prioritet olduğunu düşünənlərə isə haqq qazandırırıq

BAKI, 7 noy — Sputnik. Yalanın ömrü qısa olar. Hər halda, kiminsə ağlına gəlmiş bu şok ideya artıq zərb-məsələ çevrilib. Ona görə də yalan deməyəcəm: onları qınamıram artıq. Sayt redaktorlarını…

Jurnalistlər
© Sputnik / Murad Orujov

Hamımız onlara "ağır olun", deyirik. "Səhifənizi saraltmayın", "başlıqlarınızı şokkuldatmayın", "milli mentalitetimizə sadiq olun", "milli-mənəvi dəyərlərimizi uca tutun" deyə irad bildiririk onlara.

Amma gözümüzün içinə kimi yalan deyirik, riyakarlıq edirik. Çünki heç birimiz ağır, sanballı, düşündürən məqalələrə maraq göstərmirik, düşünmək istəmirik. Xəbər lentindəki başlıqların hansı ucuz çağırışa, içi boş sensasiyaya, 3-4 ədəd dalbadal şoka arxasını söykəyibsə, onu klik edirik. Həmin primitiv yalana ömür, onun prioritet olduğunu düşünən redaktorlara da haqq qazandırırıq.

Bir zamanlar jurnalistin çörəyi imzasından, redaktorun çörəyi buraxdığı sanballı qəzetin səhifələrindən çıxırdısa, bu gün ikisi də gözünü klikə zilləyib. IP-dən mədət umacaq, oxu sayına yalvaracaq hala gəliblər. Və onları bu hala biz salmışıq. İmzalarına, araşdırmalarına, təhlillərinə, səviyyəli məqalələrinə dəyər verməyərək… bu günkü acınacaqlı vəziyyətə salmışıq onları.

Oxucunun zövqünü oxşamağa, klikini qazanmağa, "like"ını əldə etməyə çalışan bu internet-media əhlini biz şikəst etmişik. Biz ucuz şou, şok, sensasiya dalınca qaçdıqca, onlar da bizimlə ayaqlaşmağa çalışırlar. Bizim nə yediyimizdir onları maraqlandıran, milli-mənəvi dəyərlər deyil. Çünki balalarına milli-mənəvi dəyər yox, çörək yedirirlər.

Saytların xəbər lentinə, Top-10-larına baxdıqca, bu cəmiyyətin zövqünün nə qədər cılızlaşdığını görürsən. Vay-şüvən xarakterli, "təcili" anonslu, önündə "həyacan təbili", sonunda "dəhşətli faktlar" olan başlıqların oxu sayı (özlərinin təbirincə desək) şok həddədir. İçləri boş, səhifədən ağappaq olsa belə…

Amma, hansısa politoloqun ağıllı şərhini, iqtisadçının əsaslandırılmış proqnozunu, köşə yazarının cəmiyyətin dərdindən ağlayan sətirlərini it yerinə qoyan yoxdur. "Şok: Anqolada ikibaşlı buzov doğuldu" xəbərini, iki həftədən bir fırladıb lentə atsan belə, yenə onun içərisinə cuman yüzminlərin mində biri, hansısa sosial yüklü araşdırma yazısına oxu sayı qazandırmır. Və bu, bizim səviyyəmizin göstəricisidir.

Elə isə, şəhadət barmağını alnımıza dayayıb, media əhlinin qarasınca deyinmək yerinə, ayıbımıza kor olaq. Dilimizi dinməzimizdə saxlayıb, şok-ları klikləməyə davam edək. Onlar da eyni dozanın bir müddətdən sonra təsir etmədiyini gözəl bildiklərindən, zaman-zaman şok-ların sayını artırmağa davam etsinlər.

Yadıma xalq yazıçısı İsmayıl Şıxlının ustad qələmi ilə tumarlanmış məşhur rəvayət düşdü:

Kişinin səhrada qəfil halı pisləşir və qızdırmadan yanır. Bunu görən dəvə ağzında su daşıyaraq sahibinin ağrılarını dindirmək, ona yardım etməyə başlayır. Heyvanın canıyananlığından vəcdə gələn kişi dilini sürüyə-sürüyə "Səni çox incitmişəm, çox əzab vermişəm sənə. Amma artıq ölürəm, mənə haqqını halal et" deyir. Bu mənzərə qarşısında gözləri yaşaran dəvə isə cavab verir: "Sahibimsən, bütün etdiklərini sənə halal edirəm. Lakin bir dəfə karvanla uzun yol gəlmişdik, taqətdən düşmüşdüm. Sən ayaqlarımı sürüdüyümü görüb, mənim ipimi bir eşşəyin quyruğuna bağladın. Bunu sənə heç vaxt bağışlamayacam".

Milli-mənəvi dəyərlərimizi eşşəyin quyruğuna özümüz bağlamışıq. Tak çto, çox atdanıb-düşməyək!

P.S.

İndi redaktor, bu mənasız söz yığınına bir şok başlıq qoymasa, ay klik etdiniz ha. Onun sətirlərindən bal damlasa belə…

203
Teqlər:
şok, sensasiya, yalan, media, KİV, mətbuat
Əlaqədar
Sivilizasiyaların müharibəsi
Ən pis variant
Ərəblərin yolu Bakıdakı bu küçədən düşərsə...
İdeal şəhər tapıldı
Köhnə kişilərin söhbəti
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

6
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

6
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

7
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

7