Gülay oğlu ilə birlikdə Təmiz Dünya İctimai Birliyinə sığınıb

Qardaşı da onu axtarır, həyat yoldaşı da: biri öldürmək üçün, digəri...

958
(Yenilənib 10:24 14.10.2016)
İki dəfə ailəsi dağılan qadın: "Dedilər, səni küçələrdən yığdıq, yanında da bir küçük gətirmişdin"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 okt — Sputnik. "Təmiz Dünya" İctimai Birliyinin sığınacağında onlarla kimsəsiz qadın var. Valideynləri tərəfindən atılan, həyat yoldaşları tərfindən işgəncələrə məruz qalan, aldadılan, atılan onlarla qadın…

Onlardan biri də 27 yaşlı Gülaydır. O, öz səhvlərinin qurbanı olub. Belə ki, ailəsinin narazılıqlarına önəm verməyən Gülay, 2006-cı ildə öz xalası oğluna qoşularaq qaçır. Əzablı günlər də bundan sonra başlayır.

"Xalamoğlunu sevirdim. Ailə qurduq. 2007-ci ildə bir qızım dünyaya gəldi. Amma xalam məni yola vermirdi. Tez-tez mübahisələrimiz olurdu. 2012-ci ildə xalamoğlundan ayrıldım. O, məndən ayrılandan sonra iki dəfə ailə həyatı qurdu", — deyir Gülay.

Bir müddət atasının evində – Ağstafada yaşayan qadın, 2014-cü ildə Bakıya gələrək yenidən ailə həyatı qurur. Amma nə rəsmi, nə də dini nikah bağlanıb. Sadəcə bir yerdə yaşayıblar.

"İkinci həyat yoldaşımla həmyaşıd idik. Məni qızımla qəbul etdi və birbaşa ailəsinin yanına apardı. Valideynlərinə məni sevdiyini, mənimlə evləndiyini bildirdi. Valideynlərinə deyirdi ki, əgər məni qəbul etməsələr, o da evdən çıxacaq. Ailəsi Masazırda kirayədə qalırdı. Evin böyük oğlu olduğu üçün, valideynləri razılaşmalı oldular. Biz də ayrı ev kirayələyib yerləşdik", — qadın danışır.

Ramalın valideynləri Gülayı qəbul etsələr də, şərt qoyurlar ki, "övlad dünyaya gətirməlisən". Və qadının ikinci ərindən bir uşağı dünyaya gəlir. Sən demə, problemlər hələ qabaqdaymış.

Gülayın ikinci nikahdan dünyaya gəlmiş oğlu
© Sputnik / Irade JELIL
Gülayın ikinci nikahdan dünyaya gəlmiş oğlu

Əvvəllər Ramalın anası və qardaşı ona qarşı mehriban davranıblar: "Qızımı da çox istəyirdilər. İndi də qızım qaynımla nəfəs alır. Ancaq elə ki, ikinci övladın — oğlum dünyaya gəldi, onlar mənim qızımla çox kobud davranmağa başladılar. Bütün diqqət oğluma yönəldi, qızımı sanki unutmuşdular. Onu oğluma əl vurmağa qoymurdular. Nə qədər yoldaşımı başa salmaq istəyirdimsə, alınmırdı. Evdə qızıma qarşı ayrı-seçkilik salmışdılar. Uşağı çox incidirdilər. Yoldaşıma deyirdim ki, ola bilsin sən qızımı istəmirsən, amma onların ikisinin də anası mənəm".

Artıq qaynanası Gülayın ailəsinə müdaxilələr etməyə başlayır. "Yanında uşaq gəlmisən, dilin qısa olmalıdır" kimi atmacalar atır: "Evdən dava-dalaş əskik olmurdu. Evin sahibi də bu davadan bezmişdi. Tələb etməyə başladı ki, biz o evdən çıxaq. Qaynım da evləndiyi üçün kirayə çıxmağa məcbur qalmışdıq. Bundan başqa, yoldaşım mənimlə dava edən kimi gedirdi evdən. Sanki mən kişi, o, qadın idi. Hər dəfə gedəndə 3-4 gün gəlmirdi. Evdə ailə sirrimiz yox idi — gecə söhbətlərinə qədər hər şeyi anasına danışırdı".

Ramal Gülayın sıxışdırmağına, qızına baxmamaqla yanaşı, uşağın atası ilə görüşməsinə də icazə verməyib: "Atası zəng edirdi, qızı görmək istəyirdi. Ramal onu acılayıb, telefonu bağlayır və evdə dava salırdı. Qızımı atası ilə danışmağa da qoymurdu. Deyirdi, onunla bütün əlaqə kəsilməlidir. Həmişə dava salanda deyirdi ki, "qızını da götür, get". Çünki sənədlərim qaydasında olmadığı üçün, rəsmi nikaha girə bilməmişdik".

Bir müddət sonra Gülay yenidən hamilə qalır: "Qarnım böyüyürdü. Amma Ramal mənə nə "dünyaya gətir", nə də "abort etdir" deyirdi. Sonuncu dəfə davamızda "mən təkcə oğluma baxacağam, doğacağın uşağa baxmayacağam" dedi. Bətnimdəki körpə də qız idi. Dedim ki, "ya mənim vəziyyətimi qardaşıma danış, ya da telefonumu ver, atamla danışım, dərdimə bir çarə etsinlər". Heç birini etmədi. Yenə dava etdik. Başladı məni söyməyə. Anam rəhmətə gedib. Bu da mənim anamı söyürdü. Bir neçə dəfə dedim, "anamı söymə", qulaq asmadı. Əlimlə itələdim ki, "anamı söymə". Və başladı məni şantaj etməyə ki, "sən mənim anamı söydün"".

Təmiz Dünya İctimai Birliyinin qadın sığınacağı
© Sputnik / Irade JELIL

Bunun ardınca Ramal evdən çıxıb və az keçməmiş bütün qohum-əqrəbası Gülayın üstünə gəlir: "Söyüşün biri bir qəpik idi. "Belə idin, səni küçələrdən yığdıq, yanında da bir küçük gətirmişdin" deyə təhqir etdilər məni. Sonra Ramal əşyalarını yığıb anasigilə getdi. Və bibimqızına zəng vuraraq məndən ayrıldığını deyib".

Ramal daha sonra Gülayın qardaşına zəng edərək "bacından ayrıldım, gəlin, aparın zibilinizi" deyir. Gülayın qardaşı isə "oğlunu götür, qızı da atasına verib Gülayı öldürəcəyəm" cavabını verir.

"Rayondan Bakıya 7 saatlıq yoldur. Bu müddətdə bibimqızı məni evdən çıxarıb bu sığınacağa gətirdi. Bu dəqiqə yoldaşım uşağa görə, qardaşım isə öldürmək üçün məni axtarır. Burada yaşamaq çox çətindir. İşləyə bilmirəm. Bətnimdəki körpə də ölü doğuldu", — deyir qadın…

958
Teqlər:
Gülay, "Təmiz Dünya" İctimai Birliyi, sığınacaq, həyat hekayəsi, ailə, həyat, qadın
Əlaqədar
"Mənə elə bir iftira atdılar ki..."
Avtobus-evin sakinləri: "Bir otaqda 12 nəfər yaşayırdıq"
Öz gələcəyindən kəsib valideynlərinin bu gününə "calayan" uşaq
Həyat onunla düşmənçilik edir
Ərini başqası ilə evləndirən qadın: onun yaşadıqlarını kimsə yaşaya bilməzdi
BMT iclası

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağa görə toplandı

35
(Yenilənib 02:52 30.09.2020)
Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər

BAKI, 30 sentyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bağlı qapılar arxasında keçən iclasda Şuranın 15  daimi və qeyri-daimi üzvü iştirak edib.

Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərdən narahatlıqlarını ifadə ediblər. Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər.

Təhlükəsizlik Şurası üzvləri, BMT Baş Katibinin tərəflərin döyüşü dərhal dayandırmaq, gərginliyi azaltmaq və gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışını dəstəklədiklərini bəyan ediblər. 

Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırıblar.

35
Teqlər:
açıqlama, fövqəladə iclas, BMT Təhlükəsizlik Şurası, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Ermənistan ordusunun son günlərdə öldürdüyü azərbaycanlıların sayı açıqlandı
İlham Əliyev: "Azərbaycan öz xalqını, öz insanlarını, öz torpağını müdafiə edir" – VİDEO
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib

Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

215
(Yenilənib 01:19 30.09.2020)
Erməni işğalçılarının sentyabrın 27-də başladığı təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçib

BAKI, 30 sentyabr - Sputnik. Bu gün cəbhənin Cəbrayıl rayonunu istiqamətində düşmənin döyüş texnikaları bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Erməni işğalçılarının sentyabrın 27-də başladığı təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçib. Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda ordumuzun hücumu davam edir. Səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Hazırda döyüşlər davam edir. 

Bu gün Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb.

Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib. 

Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan, Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan da bu gün məhv ediliblər. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan isə ağır yaralanıb.

215
Teqlər:
Azərbaycan Ordusu, döyüş texnikası, tank, Cəbrayıl, döyüş, cəbhə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Həsənqaya yaxınlığında Ermənistan ordusunun mövqeləri darmadağın edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Hadrut istiqamətində Ermənistanın komanda müşahidə məntəqəsi darmadağın edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki Karen Babayan məhv edilib