Lətif Həsənov

"Qəmlo ilə qohumluğumuza görə daim qorxu altında yaşamışıq"

909
(Yenilənib 18:38 12.10.2016)
Lətif Həsənov: "Rəhmətlik Heydər Əliyevə dedim ki, suçu olanda nə olar, mənim də könlümdən "Qaz-24" keçir. Üstündən bir az keçmiş çağırdılar ki, gəl, maşınını apar"

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 12 okt — Sputnik. Qulaqları zəif eşitdiyindən və gözlərinin nuru azaldığından gəlişimizdən xəbər tutmamışdı. Var qüvvə ilə baltanı iri ağac kötüyünə çalır, tiyənin arxasını yerə vurub onları parçalayır, çilikləyirdi.

Köhnə kişilər qış tədarükünə ciddi yanaşırlar. Belə vaxtda onları işindən ayırmaq heç insafdan deyil. Barəsində yazmaq istəyimizə təəcüblə yanaşdı: "Axı, mən qəhrəman deyiləm".

Lətif Həsənov İmişli rayonunun Şahverdili kəndinin ən yaşlı sakinlərindən biridir. Onun həyat hekayəsi qarlı-aşırımlı yollardan, Milli dərəsindən, Vedibasar kəndlərindən, milli münaqişənin acısından, müharibənin aclığından, qazamatdan, deportasiyadan, kolxoz zülmündən, qara çərən basmış, ilan mələyən düzlərdə cənnətməkan yaratmaqdan… keçir.

Qabarlı əlləri ilə quru yurdda ailəsinə ev tikib, bir çətən külfət saxlayıb. Bu sadə insanın söhbəti maraqlı, əməlləri ibrətamizdir. Axtarsaq, onun fəaliyyətində qəhrəmanlıq nümunələri də tapa bilərik…

"Qəmlo ilə qohumluq faktı daim bizi təqib edib"

Lətif Həsənov deyir k, ata babası uzun illər Vedi mahalındakı 32 kəndə ağalıq edib, igidliyinə görə "Bəla Həsən" adı ilə tanınıb. "Axırıncı aşırım" filmindəki Qəmlonun prototipi — Qəmbəralı Həsənin qız nəvəsi, deməli, həm də onun bibisi oğludur.

"Mən Qəmlo öldürülən ildə doğulmuşam. Buna görə də onun barəsində bildiklərim böyüklərdən eşitdiklərimdir. Amma Qəmlo ilə qohumluq faktı zaman-zaman bizi təqib edib, qorxu altında saxlayıb", — deyir Lətif kişi.

Eyni zamanda onunla fəxr ediblər: "Qürur duymuşuq. Filmdə fərqli, həm də mənfi obraz kimi təqdim edilməsinə baxmayın, müsəlman kəndlərinin daşnak hücumundan qorunmasında rəhmətliyin böyük əməyi, şücaəti olub".

Köçhaköç

Xatırlamasına görə, yaşadıqları Qarabağlar (sonralar Vedi adlandırılıb) rayonunun Hand kəndində cəmi 18 ev olub, 1939-cu ildə Şura hökuməti buranı yaşayış məntəqəsi kimi ləğv edib: "Biz Gilənar kəndinə köçdük. Fərəməz əmimgil Ellicə kəndinə, bibim oğlu Mövlanverdinin ailəsi Əziz kəndinə getdi. Beləcə qohum-qardaşın hərəsi bir tərəfə dağıldı".

  • Lətif Həsənov
    Lətif Həsənov qış tədarükü görərkən
    © Sputnik / Kamal Almuradlı
  • Lətif baba və Qumru nənə 63 ildir ki, həyatda birgə addımlayırlar
    Lətif baba və Qumru nənə 63 ildir ki, həyatda birgə addımlayırlar
    © Sputnik / Kamal Almuradlı
  • Lətif Həsənov və həyat yoldaşı Qumru xanım
    Lətif Həsənov və həyat yoldaşı Qumru xanımın gənclik fotosu
    © Sputnik / Kamal Almuradlı
  • Qumru nənə
    Səksən üç yaşı olmasına baxmayaraq, Qumru nənə bir gün belə işsiz dayanmır, dizini büküb oturmur
    © Sputnik / Kamal Almuradlı
  • Lətif və Qumru Həsənovlar qohumlarının əhatəsində
    Lətif və Qumru Həsənovlar qohumlarının əhatəsində
    © Sputnik / Kamal Almuradlı
  • Qəmbəralı Həsən
    Qəmbəralı Əlirza oğlunun naməlum rəssam tərəfindən çəkilmiş şəkli
    © Sputnik / Kamal Almuradlı
  • Məmmədhəsən kişi
    Lətif Həsənovun atası Məmmədhəsən kişi
    © Sputnik / Kamal Almuradlı
1 / 7
© Sputnik / Kamal Almuradlı
Lətif Həsənov qış tədarükü görərkən

Böyük Vətən Müharibəsi başlanandan az sonra Lətifin atası cəbhəyə göndərilib və Mozdok uğrunda gedən döyüşdə itkin düşüb. Bundan sonra ailələrinin ağır yükünü anası Sona xanım çəkib. Bütün çətinlik, məşəqqət və məhrumiyyətlərə baxmayaraq, bu qadın 100 ildən artıq ömür yaşayıb və 1992-ci ildə Şahverdili kəndində vəfat edib. Sonuncu yaşayış məntəqəsinə gəlmələri isə könüllü olmayıb, onları, Vedi rayonunda yaşayan digər minlərlə azərbaycanlı ailəsi kimi, dədə-baba torpaqlarından zorla köçürüblər.

"Dörd gün bağlı yük vaqonunda yol gəldik. Çöl-biyabanda qatar dayandı, qapıları açdılar ki, "çatmısınız, düşün". Heç kəs yerə enmək istəmirdi. Düz on gün beləcə dirəniş göstərdik. Axırda zorla bizi vaqonlardan yerə tökdülər", — həmsöhbətimiz o günləri belə xatırlayır.

Adamlarla birgə kolxozun mal-qarası da bu yerlərə gətirilibmiş. Amma iqlimə uyğunlaşa bilmədiklərindən növbəti ilin yayında həmin heyvanların hamısı tələf olur. Dağ yerinin adamları yandırıcı günə, nəfəskəsən bürküyə birtəhər tab gətirərək, adam boyu verən çərənləri, tikanları təmizləyib, qamışdan, torpaq doldurmadan özlərinə ev tikir, ağac əkib kölgələnəcək yaradırlar. İllər sonra burada təşkil edilən Mirbəşir Qasımov adına və "Qələbə" kolxozları rayonun ən qabaqcıl təsərrüfatlarından birinə çevrilir.

Amma ilk vaxtlar buradakı şəraitə uyğunlaşa bilməyən 23 yaşlı gənc, ailə quran kimi baş götürüb Şəmkir rayonunun Çinarlı kəndində yaşayan əmisinin yanına gedir. Onları boş qalmış alman evlərindən birində yerləşdirir və üzümçülük sovxozunda işə götürürlər. Bir müddət sonra yaxınlarının təkidi ilə yenidən Şahverdili kəndinə qayıtmalı olurlar.

Turpla ev tikib, suçuluqla "Qaz-24" alıb

Lətif kişi deyir ki, hazırkı evini turp əkib satmaqla tikib: "Bir il turpun qiyməti baha olmuşdu. Həyətyanı təsərrüfatımı şumlayıb, turp toxumu səpdim. El köməyi ilə onu torpaqdan çıxartdıq. Düz 4 ton məhsul olmuşdu".

"Qatarla Rusiyanın Tula şəhərinə aparıb satdım. O qədər pul olmuşdu ki, ciblərə yerləşdiriləsi deyildi, içərisində turp apardığım kisəyə yığdım. Qayıdıb həmin pulla tikinti materialları aldım və bu evi tikməyə başladıq", — danışır ağsaqqal.

Dediyinə görə, mərhum prezident Heydər Əliyev 4 dəfə bu kənddə olub: "Bir dəfə sahə evində kolxozçuların hamısı ilə ümumi görüş keçirdi. Dedi, "kimin nəyə ehtiyacı varsa, desin". O vaxtlar avtomobil almaq çətin idi, gərək illərlə növbə gözləyəydin. Dedim, suçu olanda nə olar, mənim də könlümdən "Qaz-24" keçir. Üstündən az vaxt ötəndən sonra "raypo"dan xəbər göndərdilər ki, "gəl, maşınını apar"".

Seyidbaba ocağının möcüzəsi

Niyyət edibmiş ki, oğlu Vilayət hərbi xidmətdən sağ-salamat qayıtsın, ailə üzvləri ilə birgə ana babasının ocağını ziyarət etsin: "Uşaq 1982-ci ilin mayında gəldi, bir ay sonra yola çıxdıq. Kotuz kəndinədək avtomobillə, qalan, təxminən 30 kilometrlik yolu isə piyada getdik. Biz gedən vaxt orada heç kəs yaşamırdı. Çay daşlarından olan hasarlar uçmuş, əyilmiş, evlər yerə çökmüşdü. Amma babamın qəbrinin ətrafı təmiz idi. Axı həmin illərdə ora tez-tez müxtəlif yerlərdən ziyarətə gələnlər olurdu".

Lətif kişi Seyidbaba ilə bağlı möcüzələrdən də danışır: "Həyətində bitən armud ağacının bir budağı evin divarından içəri keçmiş, hərəsi bir rəngdə meyvə gətirmişdi. Dağ keçiləri bu həyətə gəlir, nənəm onları sağıb südündən pendir tuturdu".

Dediyinə görə, Seyidbaba və oğlu Həsən ötən əsrin əvvəllərində ortaya milli münaqişə düşən vaxtı qətlə yetirilib. Sonuncu münaqişədən sonra daha bu ocağı da ziyarət edə bilməyirlər.

Qızıl və brilyant toyları da arxada qalıb…

Lətif babanın 86, həyat yoldaşı Qumru xanımın isə 83 yaşı var. Onlar 63 ildir ki, birgə həyat yaşayırlar. Övladları artıq baba və nənə olublar. Amma hələ də əllərini işdən üzmək, dizlərini qatlayıb oturmaq istəmirlər.

Dediklərinə görə, onları gümrah saxlayan elə iş-güc, açıq havada, təbiətin qoynunda olmaqdır. Həyətyanı təsərrüfatlarında yaxşı bağ salıblar, hər cür meyvə ağacları yetişdiriblər.

Amma yaşıdları azaldıqca qəribsəməyə başlayıblar. Hələ hava soyumamış odun doğramaq da bəlkə elə yarpaq tökümünün gətirdiyi sərinliklə bağlıdır…

909
Teqlər:
Qəmlo, Şahverdili kəndi, Lətif Həsənov, İmişli rayonu, Böyük Vətən Müharibəsi
Əlaqədar
Tale onların üzünə heç gülmədi...
73 il canında qəlpə "bəsləyən" insan
Çörəyi "daşdan çıxan" adam və ya azərbaycanlı "Rembo"
Dünya bu uşağın qarşısında üzüqaradır
"Mel"in köçürdüyü gəlinlər artıq nənə olublar...
Cütlük, arxiv şəkli

Oğlanlar evlənməyə qız tapmayacaqlar - Demoqrafik təhlükə

24
(Yenilənib 21:48 26.01.2021)
Ekspertlər hesab edirlər ki, əgər hazırkı disbalans davam edərsə, demoqrafik prosesə və genefonda mənfi təsir göstərə bilər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. “İlk hamiləliyimdə bətnimdəki uşağın oğlan olduğunu bilən həyat yoldaşım az qalırdı məni ovucunun içində saxlasın. Ürəyim nə istəyirdi alırdı. Tale elə gətirdi ki, uşaq 4 ayında bətnimdə inkişafdan qaldı. Məcbur olub uşağı abort etdirdik. İkinci dəfə hamilə qalanda uşağın cinsini öyrənmək üçün hər həftə qaynanam məni həkimə aparırdı. Yoldaşım deyirdi ki, oğlan olmasa, abort etdirərsən. Gecə-gündüz dua edirdim ki, bətnimdəki uşaq oğlan olsun. Həkim uşağın qız olduğunu deyəndə qaynanam tez yoldaşıma zəng elədi. O da dedi ki, uşağı elə orada götürdüb, evə gəlsin. Evimizdə buna görə çox söz-söhbət yarandı. Mən sağlam qız uşağını hamiləliyimin 12-ci həftəsində abort etdirdim”.

Yeni doğulmuş uşaq, arxiv şəkli
© AP Photo / Fernando Antonio

Söhbətin bu yerində gözləri dolan Mahirə (adı şərtidir) hər dəfə başına gələn bu hadisəni yadına salanda bir ana kimi özünü günahkar hesab etdiyini deyir. Azərbaycanın rayonlarının birindən olan həmsöhbətimiz ailə qurub, Bakıya köçdükdən sonra iki oğlan uşağı dünyaya gətirib. Deyir ki, baldızı boşanıb ata evinə qayıtdığından yoldaşı qız uşağının doğulmasına qarşı olub...

Elə Dövlət Statistika Komitəsinin doğulan uşaqların cins nisbəti ilə bağlı yaydığı məlumat da cəmiyyətdə oğlan uşaqlarının dünyaya gəlməsinə daha çox marağın olduğundan xəbər verir. Komitənin yaydığı xəbərə görə, 2020-ci ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116454 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda oğlan uşaqlarının doğulmasına olan maraq son illər qismən azalsa da, bu tendensiya davam edir: “Hələ əvvəlki illərlə müqayisədə ölkəmizdə qız uşaqlarının doğulmasına qarşı diskriminasiya azalıb.

Ümumiyyətlə, Azərbaycanda qız uşağı yük kimi qəbul olunur. Cəmiyyətdə qızların davranışlarına çox ciddi diqqət yetirilir. Onların qoyulan çərçivədən çıxması, azadlığı namussuzluq kimi qəbul olunur.

Bütün bunların nəticəsində cəmiyyətdə qız uşaqlarının doğulmasına qarşı mənfi fikirlər yaranır. Valideynlər hesab edirlər ki, bizim cəmiyyətdə qızın yükünü çəkmək çətindir. Bu da selektiv abortlara gətirib çıxarır. Səhiyyə Nazirliyinin təlimatlarına görə, dölün ana bətnində cinsinin deyilməsi, cinsə görə abort yolverilməzdir. Son illər həkimlər bu qaydaya əməl etməyə başlasalar da, bu məsələyə nəzarət gücləndirilməlidir. Eyni zamanda, doğulan qız uşaqlarının oğlan uşaqlarına nisbətdə azalmasının qarşısını almaq üçün qadınların cəmiyyətdə sosial müdafiəsini gücləndirmək lazımdır. Əks halda, bu əhalinin cins tərkibində disbalans yaradacaq. Oğlanlar evlənməyə qız tapmayacaqlar, qarışıq nikahlar artacaq”.

Statistik rəqəmlərdən də görünür ki, doğulan uşaqlar arasında cins nisbəti illər üzrə dəyişib. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olduğu halda, 2010-cu ildə hər 100 qıza 118, 2011-2014-cü ildə 116, 2015- 2017-ci illərdə 114 oğlan düşüb. 2018-ci ildə bu nisbət yenidən artaraq 115-ə yüksəlib. 2019-cu ildə isə bu göstərici yenidən azalaraq, 114-ə enib. Ümumiyyətlə, 1990-cı ildən sonra ölkədə yenidoğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003 və 2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, oğlan uşaqlarının doğulmasına maraq müxtəlif xalqlarda var. Amma dünyanın heç bir yerində selektiv abortlara icazə verilmir: “Ana bətnindəki dölün məhv edilməsinə tibbi göstəriş varsa, qadın məsləhətxanasının nəzdindəki həkim ekspertizası komissiyasından təsdiqləndikdən sonra icra oluna bilər. Amma hamiləliyin pozulmasına sosial göstərişlər də var. Hamiləliyin pozulması bu halda 12 həftəyədəkdir. Burada da bölünmələr var. Bunlar tibbi və sosial göstərişlərdir. Sosial göstərişlərdə hamiləliyin iri müddətində sonlandırılmasına icazə verilir. Əgər hamilə qadının həyat yoldaşı vəfat edibsə, əri cəzaçəkmə müəssisəsindədirsə, kişi yaxud qadının heç biri işləmirsə, ailədə uşaq sayı 5-dən çoxdursa, bu hallarda abort sosial göstəriş sayılır. Bu zaman hamiləlik 12 həftədən sonra da sonlandırıla bilər”.

S.Məmmədova deyir ki, “Reproduktiv Sağlamlıq Haqqında” qanun layihəsində selektiv abortların qarşısının alınması üçün dölün ana bətnində cinsinin təyin edilməsinin qadağan olunması təklif olunub: “Layihədə təklif olunub ki, ultrasəs müayinəsi (USM) zamanı uşaqların cinsi deyilməsin. Qanun təsdiqlənərsə, bu halların qarşısını almaq olar”.

Baş mama-ginekoloq bildirir ki, hamiləliyin 10-11 həftəsinə qədər cinsiyyət üzvlərinin formalaşması gedir. USM vasitəsilə 12 həftədən sonra dölün cinsini təyin etmək mümkündür: “Hamiləliyin erkən mərhələsində qandan və dölün hüceyrəsindən analiz götürməklə cinsi təyin etmək olur. Amma qeyri-invaziv yolla hamiləliyin 12 həftəsində dölün ultrasəs müayinəsi edərək cinsini müəyyən etmək olur. Biz bunu tibbi göstəriş olmadığı halda məhdudlaşdırmalıyıq”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, selektiv abortlara qadağa məsələsi Milli Məclisə təqdim olunan “Reproduktiv Sağlamlıq Haqqında” qanun layihəsinin iş planına salınıb. Onun sözlərinə görə, bunun üçün müvafiq təkliflər verilib: “Biz təbii balansı qorumağa çalışmalıyıq ki, sonradan cəmiyyətdə disbalans yaranmasın. Selektiv abort birmənalı olaraq qadağan olunmaldır!”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, demoqrafik strukturun gender balansının maksimum nisbəti 100-106 çərçivəsində olmalıdır. Son illər isə əhalinin gender balansı normal səviyyədən (100-107) qeyri-normal səviyyəyə (100-115) qalxıb: “Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans davam edərsə, demoqrafik prosesə və genefonda mənfi təsir göstərə bilər. Abortlar arasında selektiv abortların sayını göstərən statistika olmasa da, yeni doğulan cinslər arasında olan disbalans göstəricisi böyük ehtimal ilə selektiv abortların payına düşür. Azərbaycanda 2000-2019-cu illərdə abortların sayı da 17 min 500-dən 37 min 300-ə qalxıb. Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması və səhiyyə xidmətlərinin inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində qadınlar arasında bu məsələlərlə bağlı maarifləndirmə kampaniyaları aparılır.

24
İş adamı, arxiv şəkli

Sahibkarlara koronavirusla bağlı xəbərdarlıq

6
(Yenilənib 21:38 26.01.2021)
Sahibkarlara koronavirusa görə xəbərdarlıq edən agentlik sıravi vətəndaşları da sayıq olmağa səsləyib. Onlar 1003 çağrı mərkəzinə şikayət edə bilrlər

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı sahibkarlara müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, sahibkarlar xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

İctimai iaşə müəssisələrində virusun yayılmasının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara mütləq əməl edilməlidir. Belə ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir ictimai iaşə müəssisəsində müştəri qəbulu 2 dəfə azaldılmalı, hər adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır.

Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. İctimai iaşə müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələr, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması əsas şərtlərdəndir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onlar dəyişəkli, təmiz iş geyimi, gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələr və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Həmçinin kafe və restoranlarda məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməli, yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.

Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır. Vətəndaşlardan ictimai iaşə müəssisələrində qaydalara əməl edilmədiyi halları ilə rastlaşdıqda bu barədə Agentliyin 1003-Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

6
Teqlər:
AQTA, xəbərdarlıq, Koronavirus, epidemiya, COVID-19, sahibkar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Türkiyənin məşhur aktyoru Ərdoğanı sərt tənqid edib - VİDEO

0
(Yenilənib 22:35 26.01.2021)
Türkiyədə solçu fikirləri ilə tanınan İlyas Salman Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib və ondan heç vaxt mükafat almayacağını deyib

BAKI, 26 yanvar — Sputnik. Türk kinosunun tanınmış komediya aktyoru İlyas Salman ötən gün qatıldığı televiziya proqramında gündəmi alt-üst edən çıxış edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə solçu fikirləri ilə tanınan İlyas Salman: "Rəcəb Tayyib Ərdoğan mənə mükafat verəcəyini desə və mükafatla bərabər böyük miqdarda pul da verəcəyini bilsəm, onun əlindən mükafat almağa getmərəm", - deyib.

​Yeşilçam filmlərinin tanınmış aktyoru axirət inancı olmadığını söyləyib: "Ölümdən qorxmuram. Çünki axirətə, cənnət və cəhənnəmə inanmıram. Əgər cənnət və cəhənnəm varsa, mən cəhənnəmi seçirəm. Çünki orada cəhənnəm zəbanilərinin qaynadığı qazanların istisində oturmaq niyyətindəyəm".

Məlumat üçün bildirək ki, aktyor ötən əsrin 70-80-ci illərində Türkiyədə çəkilmiş filmlərin əksəriyyətində rol alıb. "Çöpçüler kralı", "Banker Bilo", "Şaşkın Ördek", "Deliye Her gün Bayram", "Ben Milyoner Değilim", "İbişo", "Aptal Aşık" və s. filmlərdə çəkilən aktyorun əsas tərəf-müqabili Kamal Sunal olub.

0