Учения по профилактике свиного гриппа

Azərbaycanda "Afrika taunu" ilə bağlı reydlər keçirilir

67
(Yenilənib 20:06 06.10.2016)
Yolçu Həsənov: "Hazırda Rusiyadan Azərbaycana donuz əti və donuz piyi gətirilmir"

BAKI, 6 okt — Sputnik. "Azərbaycanda donuzlar arasında "Afrika taunu" xəstəliyinə görə epizootik vəziyyət sabitdir. Bunun üçün mütəmadi olaraq reydlər aparılır, nümunələr götürülür, donuzların qapalı şəraitdə saxlanılmasına nəzarət həyata keçirilir".

Лаборатория
© Sputnik / Максим Богодвид

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov Sputnik-ə açıqlamasında deyib. O bildirib ki, bu xəstəliyə tutulan heyvanlar müalicə olunmur, basdırılır: "Yəni, zərərsizləşdirilir, dezinfeksiya edilir, yandırılır. Onun müalicəsini heç bir ölkədə aparmırlar".

"2008-ci ildə Qəbələ rayonunun Nic kəndində donuzlarda "Afrika taunu" xəstəliyi aşkar edilib. Həmin vaxt bütün donuzlar zərərsizləşdirilib. Orada 3 il donuz saxlanmasına icazə verilməyib. Həmin ərazidə bu xəstəliyin qarşısı alındıqdan sonra donuz saxlamağa icazə verilib. Amma bu şərtlə ki, donuzlar qapalı şəraitdə saxlanılsın, onlara verilən yemlər çiy deyil, bişmiş formada olsun. Bizdə çox böyük komplekslər yoxdur. Haradasa 50-60 donuzçuluq təsərrüfatları var. Onlara da tam nəzarət olunur", — Xidmət rəsmisi bildirib.

Y. Həsənovun sözlərinə görə, hazırda Rusiyadan Azərbaycana donuz əti və donuz piyi gətirilmir: "Biz həftəlik Beynəlxalq Epizootik Büronun məlumatlarını alırıq. O bülletendə göstərilir ki, hansı ölkələrdə bu xəstəlik var. Rusiyada artıq 4 ildən çoxdur ki, bu xəstəlik davam edir. Çünki, onlarda böyük komplekslər var. İstehsal üçün ölkəyə yalnız sağlam ölkələrdən donuz piyi və donuz əti gətirilir. Ən çox İspaniyadan gətirilir. Ümumiyyətlə, Azərbaycanda iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir".

Qeyd edək ki, Rusiyanın baş naziri Dmitri Medvedyev Rusiya ərazisində "Afrika taunu"nun aradan qaldırılması və yayılmasının qarşısının alınması planını təsdiq edib. "Hazırda Rusiya ərazisində donuzlar arasında "Afrika taunu"nun yayılması kimi əlverişsiz epizootik vəziyyət inkişaf edir. Donuzların "Afrika taunu"nun Rusiya ərazisinə daxil olması və yayılmasının qarşısını almaq üçün tədbirlər planını təsdiq edən fərman imzalanıb" — deyə Rusiya hökumətinin saytında yer alan məlumatda bildirilib.

Onu da bildirək ki, 1957-ci ilə qədər "Afrika taunu" yalnız Afrikada müşahidə edilib, sonralar Avropa və Amerika qitəsində də qeydə alınıb. Keçmiş SSRİ məkanında "Afrika taunu" müşahidə edilməyib. 2007-2008-ci illərdə "Afrika taunu" Gürcüstan, Rusiya və Ermənistanda qeydə alındıqdan sonra, 2008-ci ilin qış aylarında ilk dəfə Azərbaycanın Qəbələ rayonunun Nic kəndində də qeyd edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri - Yolçu Həsənov (Xanvəli)
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri - Yolçu Həsənov (Xanvəli)

"Afrika taunu" baş vermiş təsərrüfatda karantin tətbiq olunur, həmin təsərrüfat ətrafında 5-20 km radiusda təhlükəli zona və 100-150 km radiusda isə yoluxma qorxusu ola biləcək zona müəyyən edilir və bu zonalarda müvafiq tədbirlər aparılır. Xəstə təsərrüfatda olan bütün donuzlar qansız üsulla öldürülür.

Öldürülmüş və xəstəlikdən tələf olmuş donuzlar, peyin, yem qalıqları və az qiymətli müxtəlif avadanlıqlar yandırılır. Heyvan tövlələrində və onun ətraf sahələrində 3-5 gün fasilə ilə 3 dəfə 4%-li xlorlu əhəng məhlulu, 5%-li birxlorlu yod məhlulu, 5%-li formalin məhlulu ilə dezinfeksiya edilir. Eyni vaxtda, həşərat və gəmiricilərə qarşı da qırıcı tədbirlər aparılır.

Məlumat üçün bildirək ki, "Afrika taunu" yalnız donuzdan-donuza keçə bilir, insanlar və digər heyvanlar ona yoluxmur.

67
Teqlər:
Yolçu Həsənov, epizootik vəziyyət, "Afrika taunu", donuz, virus, Dövlət Baytarlıq Nəzarəti Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, xəstəlik, Azərbaycan
Əlaqədar
Bu virus iki milyarddan çox insanı məhv edə bilər
Qorxunc virus daşıyan meyvələrlə bağlı xəbərdarlıq
Təhlükəli virus şərqə tərəf yayılmağa başlayıb
ABŞ-ı təhlükəli virus təhdid edir
Bu virusa görə ölkədə fövqəladə vəziyyət elan olundu
Azərbaycanla Gürcüstan arasında virus çəkişməsi