Təmiz Dünya İctimai Birliyinin qadın sığınacağı

Həyatını uduzan qadın...

2174
(Yenilənib 16:47 03.10.2016)
Sevgisi naminə hər şeyindən keçir, qarşıda onu gözləyən, xoşbəxt ola biləcəyi həyatdan belə

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 okt — Sputnik. Yerli Bakı ləhcəsi ilə danışan qadın məni qarşıladı. Mətbəxdə yemək hazırlayırdı. Əvvəlcə elə düşündüm ki, buranın işçilərindəndir. Sonra oturdu. "Həyatımı danışmaq istəyirəm" dedi. Və göz yaşları içində söhbətə başladı.

Kəmalə Həsənova
© Sputnik / Irade JELIL

Danışdıqca ağlayır, peşmançılıqlarını dilə gətirirdi. Sanki, az öncə məni gülə-gülə qarşılayan o, deyildi. Bu həyatı uduzduğunu deyirdi…

Mehriban Zeynalovanın sədrlik etdiyi "Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağında zorakılığa məruz qalmış, döyülmüş, söyülmüş, tərk edilmiş, ölümə buraxılmış onlarla qadın var. Atası, qardaşı, yoldaşı olduğu halda, kimsəsiz olan qadınlar.

Bu sığınacaq haqqında çox eşitmişdim. Nəhayət, yolumu oradan salıb, bir də göz yaşananların şahidi olmaq, insanlarla dərdləşmək qərarına gəldim.

"Yoldaşım məndən 13 yaş böyükdür. Sevib ailə qurmuşdum. Qonşumuz idi. O zaman mən başqası ilə nişanlı idim. Onun sevgisi və ona olan sevgim üçün hər şeydən keçdim, məni gözləyən, bəlkə də gözəl həyatdan da. Sevdim. Sən demə, bu sevgi mənim ömürlük cəzam olacaqmış. 21 yaşım var idi o zaman".

Səma Məmmədova (ad şərtidir — İ.C.) "Təmiz Dünya"ya pənah gətirən qadınlardandır. Üç qızı, bir oğlu var. Həyat yoldaşı ondan əvvəl də evli olubmuş. Ancaq Səma bu haqda ailə qurandan sonra xəbər tutur: "O, Rusiyada evli olub, bir qızı da var idi. Bunu mən evlənəndən sonra bildim. Amma onu çox sevirdim deyə, hər şeyi qəbul etdim".

Həyat yoldaşının çox mehriban, ailəcanlı adam olduğunu da deyir. Evə də yaxşı baxrmış. Amma iki il öncə içkiyə başlayır. Və onların həyatında hər şey dəyişir.

  • Təmiz Dünya İctimai Birliyinin qadın sığınacağında zorakılığa məruz qalmış, döyülmüş, söyülmüş, tərk edilmiş, ölümə buraxılmış onlarla qadın var
    "Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağında zorakılığa məruz qalmış, döyülmüş, söyülmüş, tərk edilmiş, ölümə buraxılmış onlarla qadın var
    © Sputnik / Irade JELIL
  • Atası, qardaşı, yoldaşı olduğu halda, kimsəsiz olan qadınlar
    Atası, qardaşı, yoldaşı olduğu halda, kimsəsiz olan qadınlar
    © Sputnik / Irade JELIL
  • Səma Məmmədova (ad şərtidir — İ.C.) Təmiz Dünyaya pənah gətirən qadınlardandır. Üç qızı, bir oğlu var.
    Səma Məmmədova (ad şərtidir — İ.C.) "Təmiz Dünya"ya pənah gətirən qadınlardandır. Üç qızı, bir oğlu var.
    © Sputnik / Irade JELIL
  • Səmanın qızları məktəbə də getməyiblər — ataları qoymayıb ki, uşaqları təhsil alsınlar
    Səmanın qızları məktəbə də getməyiblər — ataları qoymayıb ki, uşaqları təhsil alsınlar
    © Sputnik / Irade JELIL
  • Səmanın dediyinə görə, əri qızları döyən zaman araya girdiyi üçün, dəfələrlə möhkəm döyülüb
    Səmanın dediyinə görə, əri qızları döyən zaman araya girdiyi üçün, dəfələrlə möhkəm döyülüb
    © Sputnik / Irade JELIL
  • Səma artıq 7-ci aydır ki, uşaqları ilə birgə Təmiz Dünya İctimai Birliyinin qadın sığınacağında yaşayır
    Səma artıq 7-ci aydır ki, uşaqları ilə birgə "Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağında yaşayır
    © Sputnik / Irade JELIL
  • Polis Səmanın harada olduğundan xəbərdar olsa da, həyat yoldaşı onu axtarır və kimsə onun başına nəsə gəlməyəcəyinə dair zəmanət verə bilməz…
    Polis Səmanın harada olduğundan xəbərdar olsa da, həyat yoldaşı onu axtarır və kimsə onun başına nəsə gəlməyəcəyinə dair zəmanət verə bilməz…
    © Sputnik / Irade JELIL
1 / 7
© Sputnik / Irade JELIL
"Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağında zorakılığa məruz qalmış, döyülmüş, söyülmüş, tərk edilmiş, ölümə buraxılmış onlarla qadın var

Elçin (ad şərtidir — İ.C.) Səma ilə sevib ailə qursa da, Rusiyadakı ailəsi ilə də əlaqəsini davam etdirirmiş: "İçki içən kimi dəyişir, başlayırdı qızlarımızı döyməyə. Əlindən ala bilmirəm. Oğluma heç nə etmir, amma qızları kəmərlə döyürdü. Tutub evin o biri başına atırdı. Gördüm ki, qızlarım onun əlində öləcəklər. Bu il mayın 10-da uşaqlarımı götürüb evdən qaçdım. Ayın 26-sına kimi qohumlarımın evində qaldıq. Sonra Mehriban xanıma sığındıq".

"Çox qəribə xaisyyəti var Elçinin. Hər şey qaydasında olur, evə yaxşı bazarlıq edir, qızlar nə istəyirlərsə alır. Amma elə ki, içdi, çevrilir, olur düşmənimiz. Səhər isə etdiklərinin heç birini xatırlamır. And içir ki, artıq içməyəcək, amma yenə içir, yenə eyni vəziyyət yaranır. Bu problemdən dolayı 4 dəfə polisə müraciət etmişəm", — müsahibimiz nəql edir.

Səmanın qızları məktəbə də getməyiblər — ataları qoymayıb ki, uşaqları təhsil alsınlar. Böyük qızı 2002, ortancıl 2004, balaca isə 2007-ci ildə dünyaya göz açıb. Qızlar dünyaya gələndə Elçin çox sevinirmiş.

Səmanın dediyinə görə, əri qızları döyən zaman araya girdiyi üçün, dəfələrlə möhkəm döyülüb: "Qollarım şiş idi. Bilmirdim, nə edim. Anam deyirdi ki, "mənim evimdən uşaq aparmamısan ki! Uşaqları at atalarının üstünə, qayıt gəl"".

Elçin sərxoş vəziyyətdə qızlarını döysə də, oğluna toxunmur: "Yoldaşım oğluma sərxoş olanda da toxunmur. Ona atasının adını qoyub, çox istəyir. Mən başa düşə bilmirəm, səhər açılanda bu insan bizə yalvarır. Qızları qucaqlayıb öpür, üzr istəyir. Bədənlərinə baxıb, ağalyır. Axşam içən kimi yenə dəyişir, bıçaq çəkir üstümüzə. Mən bilmirdim, sərxoş necə olur. Birinci dəfə sərxoş olanda başladı məni döyməyə, ütü ilə yandırdı məni. Anam, qohumlarımız hamısı mənə deyirdi ki, "döz". İki il dözdüm, təkcə məni vursaydı, yenə dözərdim. Amma qızlarımın bədəninə baxanda ölmək istəyirdim, dözə bilmirdim".

Qadının sözlərinə görə, Elçin Rusiyadakı qızını görməyə də gedirmiş. Hətta bağını sataraq Rusiyadakı qızına toy da edib: "İçir, məni döyür, "sən çıx get, məni Rusiyada qəbul edən var, uşaqlara da özüm baxacağam" deyir. Bir neçə il öncə bağımızı satdı ki, qızına toy etsin. Qızıl komplektini də mən seçmişdim onun qızı üçün. Mən onu sevdiyim üçün hər şeyə dözürdüm, hər şeydən keçirdim".

"Həmin gün evdən çıxanda məktub qoydum. Yazdım ki, "polisə şikayət edəcəyəm". Getdim, şikayət etdim. Xırdalan körpüsünün üstündə qarşıma çıxdı. Qolumdan tutub dartdı, az qalmışdı, məni körpüdən atsın. Həmin gün içkili deyildi. Düşmən kimi davranırdı mənə qarşı. Qızlarımın ikisi qaçmışdı polis idarəsinə, balacam yanımda idi. Polislər gələnə kimi Elçin qaçdı", — gözüyaşlı qadın söyləyir.

Səma artıq 5-ci aydır ki, uşaqları ilə birgə "Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağında yaşayır. Az-çox yeməyə çörəyi olsa da, qızlarının gələcək həyatından narahatdır. Etiraf edir ki, Elçin içkini tərgitsə, onun yanına qayıtmağa, hər şeyi ona bağışlamağa hazırdır. Təki uşaqları atasız böyüməsin…

Söhbətini bitirib yemək hazırlamağa başladı. "Bu gün sığınacağın menyusunda düşbərə olacaq" dedi.

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova, Səmanın durumunu nəzərə alıb, onun fotolarını çəkməyimizi münasib görmədi. Yəni, polis Səmanın harada olduğundan xəbərdar olsa da, həyat yoldaşı onu axtarır və kimsə onun başına nəsə gəlməyəcəyinə dair zəmanət verə bilməz…

2174
Teqlər:
"Təmiz Dünya", həyat hekayəsi, Mehriban Zeynalova, Bakı, qadın
Əlaqədar
Həyat onunla düşmənçilik edir
Keçmiş məhbusun dözülməz həyat hekayəsi
Bu yükü kimsə daşıya bilməzdi...
Roman kimi həyat, yaxud bir təbəssümün arxasındakı sirr
Ərini başqası ilə evləndirən qadın: onun yaşadıqlarını kimsə yaşaya bilməzdi

Müdafiə Nazirliyi: "Madagizdəki erməni əsgərlər döyüşə girməkdən imtina edirlər"

6
Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

"Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər", - deyə Vaqif Dərgahlı qeyd edib.

6
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, Ermənistan ordusu, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Hadrut istiqamətində Ermənistanın komanda müşahidə məntəqəsi darmadağın edilib
Ağdərə istiqamətində Ermənistan ordusunun tankı məhv edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki Karen Babayan məhv edilib

XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam riayət edir

45
Hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində gedir, əslində Ermənistanın bu müraciəti onun Azərbaycanın torpaqlarının işğalına dair ictimai etirafı kimi də başa düşülə bilər

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi açıqlama yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, açıqlamada deyilir:

"Azərbaycana qarşı müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı Ermənistan tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) ünvanlanmış müraciətə dair Məhkəmənin 28 sentyabr 2020-ci il tarixində dərc edilmiş press-relizinə, həmçinin Avropa Şurasının (AŞ) kommunikasiya departamentinin rəhbərinin İHAM tərəfindən bu müraciətə qısa müddətdə baxılacağı barədə verdiyi məlumata dair aşağıdakıları bildiririk:

İlk növbədə, 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atmışlar. Mülki əhalini və mülki obyektləri açıq və məqsədyönlü şəkildə hədəfə alan Ermənistan bu günədək hərbi qulluqçulardan əlavə, aralarında ahıl, qadın və uşaqların olduğu doqquz nəfər Azərbaycanlı mülki vətəndaşı qətlə yetirmiş, onlarla mülki şəxsi yaralamış və çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan vurmuşdur. Beynəlxalq humanitar hüquq və insan hüquqlarını kobudcasına pozan Ermənistan hökumətinin bu müraciəti onun ikiüzlü siyasətinin növbəti təzahürüdür.

Digər yandan, nəzərə alsaq ki, hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində gedir, əslində Ermənistanın bu müraciəti onun Azərbaycanın torpaqlarının işğalına dair ictimai etirafı kimi də başa düşülə bilər.

Görünən odur ki, Ermənistan ənənəsinə sadiq qalaraq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsini öz siyasi oyunlarına alət etməkdən və bu müstəsna hüquq müstəvisindən çirkin siyasi məqsədlər üçün istifadə etməkdən çəkinmir. Avropa Məhkəməsinin Ermənistanın məkrli siyasi oyunlarından kənarda dayanacağına ümid edirik.

Hesab edirik ki, Beynəlxalq hüququn fundamental norma və prinsiplərini, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrini, beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını kobud şəkildə pozmaqda davam edən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Çıraqov Ermənistana qarşı iş üzrə pilot xarakter daşıyan 2015-ci il tarixli qərarını bu günədək icra etməyən Ermənistanın insan hüquqlarının müdafiəsi mexanizmlərindən sui-istifadə etmək cəhdinin qarşısı alınmalıdır.

Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Ermənistandan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri mülki əhalini, mülki obyektləri və mülki infrastrukturu hədəfə almır. Ermənistanın məqsədli şəkildə atəş nöqtələrini yaşayış məntəqələrinin yanında yerləşdirdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi işğal olunmuş ərazilərdə məskunlaşdırılmış əhaliyə hərbi obyektlərdən kənarda durmaq barədə rəsmi çağırış edib.

Onu da qeyd edək ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 15-ci maddəsinə uyğun olaraq, Azərbaycan tərəfi hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Konvensiya üzrə bəzi öhdəliklərdən geri çəkilmə hüququndan (deroqasiya) istifadə etməsi haqqında sentyabrın 28-də Avropa Şurasının Baş katibini məlumatlandırıb.

Bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində apardığı əks əməliyyatlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət etməkdədir".

45
Teqlər:
Azərbaycan XİN, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Sahibə Qafarova "TRT Haber"ə Ermənistanın hərbi təxribatları barədə müsahibə verib
Hikmət Hacıyev dünyanın aparıcı KİV-lərini Qarabağ döyüşləri barədə məlumatlandırdı
Angela Merkel Prezident İlham Əliyevə zəng edib
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur