Jurnalkistika

Jurnalistlərin "yaralı yeri": haqqın olanı ala bilməyəsən

317
(Yenilənib 17:29 30.09.2016)
Mətbuat əhlini ən çox narazı salan mətbuat xidmətləri bəlli oldu

BAKI, 30 sen — Sputnik. Azərbaycan jurnalistlərinin ən böyük problemlərindən biri dövlət qurumlarının mətbuat xidmətlərindən informasiya əldə etməklə bağlıdır. Bir çox dövlət qurumlarının mətbuat xidmətləri KİV-lə əməkdaşlıqda maraqlı və fəal olsa da, bunun tam əksini nümayiş etdirən, bəzi hallarda barəsində "orda oturub ki, idarəsinin mətbuatla əlaqələrinə mane olsun" kimi fikirlər səslənən MX-ləri də var.

Sputnik hansı qurumların jurnalistləri daha çox narazı saldığına dair, media təmsilçiləri arasında kiçik sorğu keçirib.

İradə Cəlil — "Ekspress" qəzetinin müxbiri: "Ailə qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov yerində tapılmır. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla da heç cür əlaqə saxlamaq olmur. Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev nə zənglərə cavab verir, nə mesajlara. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovu da xüsusi qeyd etmək lazımdır — suallardan yayınır və rəsmi cavab vermir".

Günel Cəlilova — "Bakı-xəbər" qəzetinin əməkdaşı: "Nəqliyyat Nazirliyindən Namiq Həsənov demək olar, mətbuatla işləmir. Təhsil Nazirliyinə ünvanlanan suala 3-4 gün ərzində cavab verilə-verilməyə".

Tural Balabəyli — Müstəqil.az saytının əməkdaşı: "Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Namiq Həsənov mətbuatla demək olar, işləmir. Onu tapmaq çox çətindir".

Fuad Həsənov - müstəqil jurnalist: ""Azərsu" ASC nin mətbuat xidməti ilə əlaqə qurmaq mümkünsüzdür. Gün ərzində dəfələrlə zəng etsəm də, zənglərə cavab vermir. Və bu, hər dəfə təkrarlanır".

Gülşanə Mustafayeva — İnterpress.az saytının müxbiri: "Qafqaz Müsəlmanları İdarəsinin və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin işlərindən narazıyam. Bu idarələrin mətbuatla işləməsi çox zəifdir".

Gülşən Şərif — Poliqon İnformasiya Agentliyinin əməkdaşı: "Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən şikayətçiyəm. Bu idarə ilə əlaqə yaratmaq sadəcə olaraq mümkünsüzdür".

Pərvin Zeynalov — Qaynarinfo.az saytının müxbiri: "Ən narazı olduğum qurum Təhsil Nazirliyinin mətbuat xidmətidir. Cəsarət Valehov ona ünvanlanan suallardan qaçır. Bir də yeni dəb yaranıb mətbuat xidmətləri arasında. Biz jurnalistlərdən elektron ünvanlarına sualları yazmağımızı xahiş edirlər. Halbuki elə məsələlər var ki, gündəmdədir, bu səbəbdən digər mətbuat orqanları ilə rəqabətdə olduğundan çalışırsan ki, rəsmi mövqeyi birinci alıb verəsən, amma rəsmi mövqe vaxtında verilmir. Hətta bəzi qurumların bir çoxunun mətbuat xidmətinin əlaqə nömrəsi tapılmır. Məsələn, Dövlət Gömrük Komitəsi, Penitensiar Xidmət".

Gülşən Raufqızı — Modern.az saytının əməkdaşı: "Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayıs Piriyev "sorğularınızı mail adresinə göndərin" deyir. Amma aylarla cavablandırmır. Uyğun bir vaxtda isə hamının diqqətində olan məsələyə dair açıqlamanı öz istədiyi mətbuat orqanında yayımlayır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə də hansısa sualı ünvanlayanda, sanki onlara aid olmayan bir məsələni aydınlaşdırmağa çalışırsanmış kimi münasibət sərgiləyirlər".

Təranə Xudabaxşiyeva — Sputnik Azərbaycan İnformasiya Agentliyinin əməkdaşı: "Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev və Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BŞBDYPİ) mətbuat xidmətinin rəisi Vaqif Əsədov, demək olar ki, zənglərə cavab vermir. Telefonu açanda da müxtəlif bəhanələr göstərərək suallardan yayınırlar".

317
Teqlər:
media, KİV, mətbuat, mətbuat xidməti, jurnalist
Əlaqədar
Mətbuat Şurası Ali Media Mükafatı laureatlarının adlarını açıqlayıb
Sputnik Mətbuat Şurası ilə birgə Zərdabinin xatirəsini yad etdi
"İlin mətbuat xidməti rəhbəri" seçildi
Dünya mətbuatında "gözlənilməz addım"
Beynəlxalq söz və mətbuat azadlığı günü