CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhərrəmlik ayı ilə bağlı fətva verildi

© Sputnik / Murad OrujovAllahşükür Paşazadə
Allahşükür Paşazadə - Sputnik Azərbaycan
Abunə olmaq
QMİ Qazılar Şurası: "Moizə və xütbələrdə erməni ekstremistləri tərəfindən zəbt olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Ali Baş Komandanın əmrinə hər an hazır olmaq vurğulanmalıdır"

BAKI, 27 sen — Sputnik. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası bu gün keçirdiyi tədbirdə Məhərrəmlik ayı ilə bağlı fətva verib. Sputnik xəbər verir ki, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçən toplantıda oxunan fətvada deyilir: "Hicri-qəməri təqvimi ilə 1437-ci il başa çatır. Yeni Hicri 1438-ci ilin başlanğıcı — Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-cı il oktyabr ayının 3-nə təsadüf edir. Müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır.

Аллахшукюр Пашазаде - Sputnik Azərbaycan
CƏMİYYƏT
QMİ sədri: Azərbaycanda dini münaqişə yoxdur

Lakin, təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin nəsillərin yaddaşında əbədi yaşaması, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də dindarlar üçün böyük əhəmiyyət kəsb edir.

Belə ki, ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı, Peyğəmbər nəvəsinin iman, mənəviyyatın saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə fədakarlıq və dəyanət örnəyi olmalıdır".

Tədbirdə qeyd olunub ki, məhərrəm ayının 10-u, yəni Aşura günü oktyabrın 12-nə təsadüf edir. Bildirilib ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir: "Təziyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər".

Fətvada o da vurğulanıb ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənəni davam etdiriləcək: "Moizə və xütbələrdə erməni ekstremistləri tərəfindən zəbt olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Ali Baş Komandanın əmrinə hər an hazır olmaq vurğulanmalı, dindarlar daima Vətən təəssübünü, milli və dövləti mənafelərini uca tutmağa çağırılmalıdır".

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri Siyavus Novruzov da iştirak edib.

Xəbər lenti
0