Meditasiya edən qız

Ruhuna hökm etmək, yoxsa stressdən qaçış?

283
(Yenilənib 16:36 23.09.2016)
Yoqa təlimlərinin insana faydaları ilə bağlı ziddiyyətli yanaşmalar mövcuddur

BAKI, 23 sen — Sputnik. Həyatımızı stressiz təsəvvür etmək mümkün deyil. Bu sıxıntını dəf etmək üçün sakitləşdiricilər, antidepresantlar qəbul edənlərə də tez-tez rast gəlmək olur.

Və bir də başqa üsula — yoqaya əl atanlar var. Bu sahənin mütəxəssisləri yoqa ilə məşğul olmağın psixoloji rahatlıq gətirdiyini bildirirlər. Qeyd edək ki, hazırda Bakıda yoqa təlimlərinin aylıq ödənişinin qiyməti 50 manatdan başlayır və seanslara görə artır.

Gülnarə İnanc, yoqa müəllimi
© Photo : Şəxsi arxiv
Gülnarə İnanc, yoqa müəllimi

Yoqa müəllimi Gülnarə İnanc Sputnik-ə açıqlamasında bu sahənin bir sıra üstünlükləri olduğunu deyib: "İnsan həyat tərzini dəyişmək üçün ruhu və bədəni arasında tənasüb yaratmalı, şüurunu təmizləməlidir. İnsanın ruhu və şüuru təmizləndikcə onun maddi dünyası, o cümlədən bədəni sağlamlaşmağa, gözəlləşməyə və gəncləşməyə başlayır. Buna şəxsiyyətin formalaşması, özünüdərk də demək olar. Yoqa fəlsəfəsi və texnikası da buna nail olmaq üçün bir alətdir. Yoqa yalnız nəfəsin tənzimlənməsi, meditasiya və hərəkətlərdən ibarət deyil, eyni zamanda bunların vəhdətidir. Yoqa həyat tərzi və fəlsəfədir. Bütün bunların əsasında isə insanın Allahla əlaqəsinin güclənməsi durur. Yoqada insan Yaradanla əlaqənin fraqmentar deyil, davamlı olmasına çalışır".

Mütəxəssis yoqadan başqa şəxsiyyətin formalaşması üçün tsiqun, taytsizi, uşu və digər təlimlərin olduğunu dilə gətirib: "Bu təlimləri fiziki təlimlərlə, fitness, aerobika ilə əvəz etmək olmaz. Birincilərdə insan ruhunun təmizlənməsi, şüurun aram olması, daxili təmkinin əldə olunması, xaosdan, dəngəsizlikdən azad olması və sair nəzərdə tutulur. Bütün bunlar isə insanın əqli inkişafını gücləndirir, bədənini çevik, plastik, güclü edir, gizlin qalan qabiliyyətlərimizi üzə çıxarır. Fiziki təlimlərdə isə bədənin tonusu artır, amma insanın şüurunda heç bir dəyişiklik baş vermir".

Kamil Quliyev, karate üzrə qara kəmər ustası
© Photo : ŞƏXSİ ARXİV
Kamil Quliyev, karate üzrə qara kəmər ustası

Yoqa dərslərinin qiymətinı gəlincə, G. İnanc bunun elə də baha olmadığını söyləyib: "Fitnes, yaxud aerobikaya nisbətən yoqa təlimləri daha ucuz başa gəlir. Məslə burasındadır ki, yoqa dərslərinin verdiyi nəticələri digər fiziki təmrinlərlə müqayisə etmək olmaz. Yaxşı yoqa təlimçisi ilə qısa müddətdə böyük nəticələr əldə etmək olar. Başqa bir tərəfdənsə, bu, insanların öz tənbəlliyinə bəraət qazandırmaq vasitəsidir. İnsan həqiqətən dəyişmək istəsə, büdcəni elə qurar ki, hər şeyə pulu və vaxtı çatar. Sizə bir maraqlı fakt deyim. Mən ildə bir neçə dəfə şəxsiyyətin formalaşması üzrə pulsuz seminar-treninqlər keçirirəm. Başqa vaxtlar mənə problemlərindən şikayət edənlər həmin tədbirlərə gəlməmək üçün yüz bəhanə gətirirlər".

Rauf İbrahimov, Kempo Federasiyasının prezidenti
© Photo : Tural Huseyn
Rauf İbrahimov, Kempo Federasiyasının prezidenti

Peşəkar karateçi, qara kəmər sahibi Kamil Quliyev isə yoqanın karate idman növündən yarandığını bildirir. O, fiziki-mənəvi tərbiyə barədə Sputnik əməkdaşı ilə söhbətində deyib: "İnsan yaradılışının əvvəlində silahsız döyüş növü — karate mənimsənilib. Ov, özünü müdafiə etmək və digər ehtiyaclar üçün. Sonrada bunlar idman növü kimi təkmilləşərək dövrümüzə gəlib çatıb. Yoqaya gəlincə, buna kütləvi maraq yoxdur. Eyni zamanda, yoqa üçün 50 manatdan başlayan qiymətlər indiki reallığımız üçün bahadır".

Kempo Federasiyasının prezidenti Rauf İbrahimov da yoqa ilə məşğul olmağı şərt hesab etmir: "İnsan bədəni hərəkət edirsə və bədəndən lazımi qədər tər ifraz olunursa, şərt deyil ki, yoqa ilə məşğul olasan. İdmanla məşğul olmaq dözüm, iradə və sağlamlıq deməkdir. Məqsəd, dözüm, iradə nümayiş etdirmək, qarşıya qoyduğun məqsədə çatmaq və beynəlxalq arenalarda uğur qazanmaqdır".

Həkim Adil Qeybulla da yoqa ilə mütləq məşğul olmağın vacibliyi fikri ilə razı deyil. "Bu idman növü zamanla sınaqdan çıxıb. Mən ümumiyyətlə, daha çox ixtisaslaşmış idman növündənsə, kütləvi idmanla məşğul olmağın tərəfdarıyam. İnsanların az hərəkətliliyi və çox qida qəbul etməsi oynaqlarda problem yaradır, bədəndə artıq piylənmə yaranır. Buna görə də insanlar komplekslərini atıb üzgüçülüklə, qaçışla, velosiped sürməklə məşğul olsalar, daha yaxşı olar. Hətta bu yöndə dövlət proqramı hazırlanıb, tətbiq edilsə, alqışlayaram", — o, Sputnik-ə şərhində bildirib.

283
Teqlər:
Rauf İbrahimov, Kamil Quliyev, Gülnarə İnanc, yoqa, stress, Adil Qeybulla, idman
Əlaqədar
İdmançını tez "parladıb", tez "söndürən" qidalar
Hüseynzadə: Azərbaycan idmançılarının medalları çoxlarını narahat edib
"Dopinq Qərbdə icad olunub, amma nədənsə, onların idmançılarında dopinq tapılmır"
"Artıq idmanı siyasətə qarışdırıblar"
Psixoloqlar: İqtisadi böhran cəmiyyətdə stressə səbəb olur
Cəmiyyətin psixoloji vəziyyəti və stressə qarşı profilaktika