Spirtli içki içən adam. Arxiv şəkli

Azərbaycanda satılan spirtli içkilərlə bağlı müdhiş fakt

1046
Bazarda külli miqdarda yararlılıq müddəti keçmiş, artıq təhlükəli vəziyyətə gəlmiş spirtli içkilər var

BAKI, 21 sen — Sputnik. Azərbaycanda 21777 nəfər alkoqolizm və alkoqol psixozu xəstəsi kimi tibb müəssisələrində qeydiyyatdadır. Bu da əhalinin hər 100 000 nəfərinə 227,2 xəstə edir.

Ötən il ilk dəfə alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulan xəstələrin sayı 619 nəfər olub. Bu da il ərzində əhalinin hər 100 000 nəfərindən 6,9-nun qeyd olunan xəstəliyə tutulması deməkdir.

Qeyd edək ki, alkoqolizm — tərkibində etil spirti olan içkilərə meyletmə xəstəliyidir. Bir dəfə spirtli içki içmə nəticəsində baş verən kəskin sərxoşluq alkoqolizmi ilə xronik alkoqolizm fərqləndirilir. Xronik alkoqolizmdə alkoqola (spirtli içkilərə) qarşısı alına bilməyən aludəlik və xumarlıq sindromu inkişaf edir.

Birdəfəlik kəskin alkoqolizm sərxoşluğu zamanı kəskin alkoqol intoksikasiyası baş verir. Yüngül və orta dərəcədə alkoqol sərxoşluğu xüsusi müalicə tələb etmir. Ağır sərxoşluq hallarında isə komatoz hala qədər inkişaf edən müxtəlif şüur pozğunluqları, qıcolma tutmaları baş verə bilər.

Həkim Rasif Bağırov Sputnik-ə açıqlamasında alkoqolizmə meylliliyin müxtəlif səbəblərinin mövcud olduğunu deyib: "Müxtəlif ölkələrdə insanların həyat şəraiti aşağı düşdükcə alkoqolizmə meyllənən insanların sayı çoxalır. Çünki, insan özünün hər hansı ehtiyaclarını cəmiyyətdə olan müxtəlif müsbət proseslər ilə təmin edə bilməyəndə getdikcə alkoqolizmə yuvarlanır".

Ekspert digər səbəblərə də toxunub: "İnsanların orqanizminin alkoqola qarşı münasibəti fərqlidir. İnsanlar var ki, spirtli içki qəbul edirlər, amma aylarla qəbul etməsə, heç yadına düşmür. Amma elələri var ki, orqanizmində o qədər həssaslıq yaranır ki, artıq içki qəbul etmədən onun üçün yaşamaq çətin olur. Alkoqolizm insanın daxili orqanlarında çox ciddi pozğunluqlar yaradır. Ona görə də alkoqolizm bir sosial bəladır".

"Alkoqolizmin müalicəsinin çox fərqli üsulları var. Yüngül və ağır alkoqol xəstəlikləri var və hər birinin özünəməxsus müəyyən metodlardan istifadə etməklə müalicəsi mövcuddur. Narkoloji dispanserlərdə xəstəliyin müalicəsini uğurla həyata keçirmək olur" — deyə həkim qeyd edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Sputnik-ə açıqlamasında alkoqolla bağlı maraqlı məqamlara toxunub: "Əhali bilməlidir ki, spirtli içkilərin üzərində buraxılma tarixi və son yararlılıq müddəti olmalıdır. Bazarda olan spirtli içkilərin 95 faizində bu, yoxdur. Çox təəssüf olsun ki, yerli istehsalçılar bəzən spirtli içkilərin üzərinə müddətsiz yazır. Bu, standartlara ziddir. Bu o deməkdir ki, bazarda külli miqdarda yararlılıq müddəti keçmiş, artıq təhlükəli vəziyyətə gəlmiş spirtli içkilər var".

Onun sözlərinə görə, əhali arasında səhv bir məlumat var ki, spirtli içki nə qədər qalsa, o qədər yaxşı olar: "Bu, səhv məlumatdır. Burada söhbət xüsusi yerlərdən, temperaturdan gedir. Məsələn, Fransanın cənubunda şərab zavodunda olmuşam. Burada zirzəmidə xüsusi böyük, bir neçə ton tutan palıd çəlləklərdə, xüsusi temperaturda, işıqda spirtli içki saxlayırlar. Hətta dedilər ki, "hündürdən danışmayın, şərab oyanar"".

"Bu cür saxlanılırsa, olar. Lakin, əhali bilməlidir ki, satış şəbəkələrində araqların saxlanma müddəti 1 ildir, konyaklar 3 ildir, şərablar 6 aydır", — E. Hüseynov vurğulayıb.

O, üzərində buraxılma tarixi, son yararlılıq müddəti olmayan içkiləri almamağı tövsiyə edib: "Bu fakt onu göstərir ki, ölkənin əmtəə bazarında çoxlu sayda vaxtı keçmiş spirtli içkilər var. Üstəlik, Bakı ətrafında zavodlar var. Heç bir üzüm plantasiyası olmadan naməlum mayelərdən spirtli içkilər istehsal edirlər. Bunlar hamısı təhlükəli spirtli içkilərdir".

1046
Teqlər:
alkoqol, Rasif Bağırov, Eyyub Hüseynov, spirtli içki, xəstə, alkoqolizm
Əlaqədar
Alkoqollu içkilərlə bağlı iki dövlət standartı təsdiq edilib
Ekspert: Prezident əhalinin tütün və alkoqol həssaslığını nəzərə aldı
Alkoqolizmin qənimi tapıldı
Ramazanda spirtli içki içməyin cəzası nədir?
Prezidentlərin görüşündə spirtli içki qalmaqalı