Uşağa dərman içirdən valideyin. Arxiv şəkli

Onlar həm həyat daşıyıcılarıdır, həm ölüm

92
Mütəxəssislər antibiotiklərin qəbulu məsələsində maksimum dərəcədə ehtiyatlı davranmağı tövsiyə edirlər

BAKI, 8 sen — Sputnik. Alimlər antibiotiklərin erkən yaşlardan başlayaraq qəbul edilməsinin nə qədər ziyanlı olduğuna aydınlıq gətiriblər. Niderlanddan olan mütəxəssislər bu qənaətə gəliblər ki, həyatın ilk iki ilində antibiotik qəbul etmək insanların gələcək sağlamlığına son dərəcə neqativ təsir göstərir.

Uşaqların ilk iki il ərzində antibakterial preparatlarla müalicə edilməsi də onların gələcəyi üçün təhlükəlidir. Antibakterial vasitələrlə müalicə edilən uşaqlar gələcəkdə müxtəlif növ dermatitlərdən və allergiyalardan (pollinozdan) əziyyət çəkirlər.

Məlum olub ki, antibiotikləri erkən yaşlarda qəbul edənlər arasında dermatitlərin inkişafı riski 15-41 % təşkil edir. Uşaqlıqda antibakterial müalicənin qəbul edilməsi nəticəsində allergiyaların yaranma faizi 14-56-dır.

Məsələni Sputnik-ə dəyərləndirən həkim-dermotoloq Mahir Məmmədlinin sözlərinə görə, antibiotikləri elə seçmək lazımdır ki, uşaqlara verəndə yan təsirləri yüngül olsun: "Çünki, antibiotiklərin 1 bakteriya öldürmək effekti varsa, min də bizə lazım olan bakteriyaları məhv edir. Uşaqlarda antibiotiklərin təyin olunması xüsusi ehtiyat tələb edir. Bacarmaq lazımdır ki, yan təsirləri minimum səviyyədə olsun. İlkin mərhələdə əgər uşaqda soyuqdəymə, infeksiya varsa, təbii vasitələrdən istifadə etmək lazımdır. Əgər təbii vasitələr effekt vermirsə, çıxılmaz vəziyyət olanda artıq antibiotikdən istifadə etmək olar".

"Ümumiyyətlə, antibiotiklərdən çox istifadə edəndə, əsasən allergik xəstəliklər yarada bilir. Çünki, onlardan çox istifadə edən zaman bədənin müqaviməti, immunitet də aşağı düşür. Bir mütəxəssis kimi antibiotiklərdən ilkin mərhələdə istifadə olunmasının tərəfdarı deyiləm", — mütəxəssis vurğulayıb.

M. Məmmədli təbii vasitələrdən daha çox istifadə olunmasını tövsiyə edir: "Məsələn, hər bir xəstəlikdə bədəni qorumaqdan ötrü temperatur reaksiyası olur. Görürsən ki, 2-3 gün bədən qızdırmalıdır. Bu qızdırma zamanı çox zaman həkimlər birbaşa antibiotik təyin edirlər. 2-3 gün ərzində qızdırmanın olması təbiidir. Çünki, qızdırma insanın daxilindəki xəstəliklərə qarşı immunitet formalaşdırır. Bədən özü öz daxilindəki müqavimət vasitəsilə xəstəliyə qalib gəlir. Qalib gələ bilmədiyi təqdirdə, fəsadlar ağır olduqda isə antibiotikdən istifadə etmək olar. Amma ümumiyyətlə, antibiotikdən kütləvi istifadə olunmasının tərəfdarı deyiləm".

Həkim-allerqoloq Tofiq İsmayılov isə bütün fəsadları antibiotikin üzərinə yıxmağı məsləhət görmür. "Hər şeyi antibiotikin üzərinə qoymaq düzgün deyil. Təbiətdə nə varsa, allergiya verə bilər. Minlərlə allerginlər var", — o, Sputnik-ə açıqlamasında deyib.

Həkimin sözlərinə görə, istər bağırsaq infeksiyası olsun, istər pnevmaniya olsun, istər yuxarı tənəffüs yollarının iltihabı xəstəliyi olsun — bunları, antibakterial terapiya aparılmadan müalicə etmək mümkün deyil: "Antibakterial terapiya aparılmasa, uşağın vəziyyəti ağırlaşa bilər, uşaq ölə də bilər. Antibiotik fəsad verə bilər, amma bu, o demək deyil ki, bundan istifadə etmək olmaz".

"Bəzən rayon yerlərində hər uşaq xırıldayanda antibiotik vururlar. Görürsən ki, uşağı gətirirlər və o, neçə ədəd antibiotik qəbul edib. Mənasız yerə bunu işlətmək olmaz", — T. İsmayılov qeyd edib.

92
Teqlər:
Tofiq İsmayılov, Mahir Məmmədli, antibiotik, zərər, həkim, dərman
Əlaqədar
Son vaxtlar antibiotiklər niyə təsir etmir?
İnsanları qorxulu xəstəliklərdən qoruyan 7 təbii antibiotik
Tarif Şurası dərmanların qiymətini qaldırdı
Dərmanların qiyməti tənzimlənməlidirmi?
Zobun, arıqlamağın, cavanlaşmanın, bir sözlə, min bir dərdin dərmanı