Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan
BAKI, 1 sen — Sputnik. "Həyat yoldaşım Böyük Vətən Müharibəsi iştirakçısı olub. Övladlarımdan biri Əfqanıstan, ikisi Qarabağ müharibəsində iştirak edib. Bir oğlum hərbi xidmət zamanı tapdığı xəstəlikdən cavan yaşında dünyasını dəyişib. Amma nə bir qapımı döyən var, nə halımı xəbər alan".
Xaçmaz rayonunun Alekseyevka kəndində yaşayan Nargilə Bilal qızı Məmmədova söhbətə gileylə başlayır. Amma 84 yaşlı qarı elə də deyingən deyil, əksinə, olduqca gülərüz, təmkinlidir. Şirin diksiya, aramla danışır, hər kəlməbaşı Allaha şükür edir.
Onu ilk növbədə "Qəhrəman ana" kimi təqdim etmək doğru olar — 12 uşaq dünyaya gətirib. Amma işsiz xanımlar barədə deyilən kimi, "evdar qadın" da olmayıb — üst-üstə 40 ilədək sovxoz və kolxozlarda çalışıb. O qədər hadisələr, yerlər görüb ki, həyat hekayəsini danışarkən bəzən "baş yol"dan çıxıb "ara küçə"lərə, "dalan"lara burulur. Şirinli-acılı bütün xatirələri zəhmətli işlərdən və müharibələrdən keçir…
"… Ya sən hökumət işindən çıx, ya mən axundluqdan imtina edim"
Nargilə xanım 1932-ci ildə Quba rayonunun Hacıqaib kəndində anadan olub. Quba məscidinin axundu olan atası övladlarının yaxşı təhsil almasına çalışıb. Amma dövrün ab-havası gənc qıza təhsil və işlə bağlı müstəqil seçim etmə imkanı verməyib.
"Məktəbdə yaxşı oxuduğumdan, məni məhkəmədə işə götürmüşdülər. İşləyə-işləyə həm də təhsilimi davam etdirmək istəyirdim. Amma altı ay keçəndən sonra atam qarşıma şərt qoydu: ya sən hökumət işindən çıx, ya mən axundluqdan imtina edim", — deyir həmsöhbətimiz.
Evə qayıdan gənc qız başlayır barama yetişdirməyə. Elə ilk il uğurlu olur — dövlətə başqalarından dörd dəfə artıq məhsul verir: "Baramanın pulu ilə özümə cehizlik əşyalar aldım. Qubanın raykom katibi də mənə mükafat verdi".
Sovxozdan sovxoza…
Nargilə xanım deyir ki, gələcək həyat yoldaşı 1943-cü ildə orduya çağırılıbmış, müharibədən sonra dağılmış şəhərlərin bərpasında iştirak edib və bir də 1950-ci ildə evə buraxılıb. Bir il sonra onların toyu olur və 12 nömrəli sovxoza (indiki Zərdabi qəsəbəsinə) gəlin köçür. Ömrünün ən xoşbəxt günlərini məhz orada yaşadığını deyir.
1960-cı ildə onlar Xaçmazın Alekseyevka kəndinə köçürlər: "O vaxt sovxoz sədri işləyən Şabanov ərimlə bir yerdə həm orta məktəbdə oxumuşdu, həm də hərbi xidmətdə olmuşdu. O, bizi bura gətirdi".
Bir-birinin ardınca uşaqlar dünyaya gəlir. Amma qadın sovxoz-kolxoz işindən də qalmır: "Nəsibovun sədr olduğu dövrdə 2 hektar sahəni götürüb, soğan əkmişdim. Eyni vaxtda sovxozun yardımçı (heyvandarlıq) təsərrüfatında sağıcı da işləyirdim. O vaxt adamları bekar durmağa qoymurdular. Amma deyim ki, zəhməti qiymətləndirirdilər də. Mənə kolxoz sədrlərindən biri avtomobil vermək istəyirdi. Bilmirəm, necə oldusa alınmadı".
Yarpaq tökümü…
Həmişə deyirmişlər ki, təqaüdə çıxanda illərin yorğunu olan ayaqlarını uzadıb dincələcəklər. Amma müharibə və əmək veteranlarına şirin qocalıq yaşamaq qismət olmur.
Əfqanıstandan sağ qayıdan oğlu Rövşən Qarabağdakı qanlı döyüşlərə cəlb olunur. Az sonra digər oğlu Yusif də Minskdən geri qayıdıb Milli Ordunun sıralarında cəbhəyə yollanır. Sonuncu yaralanıb qayıdır və hələ də bədənində qəlpə daşıyır.
1995-ci ildə ömür-gün yoldaşının vəfatından sonra Nargilə xanım böyük oğlunu, 40 yaşında olan qızını da son mənzilə yola salıb. Hərbi xidmətdə olarkən xəstələnib vaxtından qabaq evə buraxılan sonbeşiyi — Alikin həyatını xilas etmək üçün qarı olmazın əzab-əziyyətlər çəkir: "Oğlum xəstəxanaya düşəndə nə qədər adamdan borc aldım, adına olan torpaq sahəsini, həyətimizdə saxladığımız inəklərin hamısını satdım. Hər gün ona qan köçürülürdü. Amma heç nə bu ölümün qarşısını ala bilmədi…".
"Niyə bizim adımız hökumətin dəftərində olmasın?!"
Nargilə xanım hazırda Alikin dul qalan arvadı, 2 azyaşlı uşağı ilə birgə qalır. Ailə onun 150 manatlıq pensiyası, valideynini itirmiş uşaqlara ödənilən müavinətlə dolanır. Yaşadıqları ev 1964-cü ildə tikilib.
Deyir daha bu evin də "sroku" keçib: "Artıq bu evdə yatmağa da qorxuruq. Təzəsini tikməyə isə gücüm yoxdur. Çarəsizik, kömək istəyirəm".
Əri və övladları müharibə, özü isə əmək veteranı olan 84 yaşlı qadına ən çox təsir edən biganəlikdir: "Mən özümçün heç nə istəmirəm. İndiyədək də heç bir yerə də müraciət etməmişəm. Amma niyə bizim adımız hökumətin dəftərində olmasın?!".
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.