CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəml atıram, fala baxıram - əsrlərin fırıldağı

© Photo : STRFalabaxan qadın. Arxiv şəkli
Falabaxan qadın. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Və ya insanlar niyə əli dara düşəndə falçı yanına qaçırlar?

BAKI, 17 avq — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq bölgə şöbələri Daxili İşlər Nazirliyinin yerli bölmələri ilə birlikdə, Ucar və Şamaxı rayonlarında "falçı" adı altında fəaliyyət göstərən şəxslərə qarşı yoxlama tədbirləri həyata keçirib. Komitənin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, buna səbəb son günlər KİV-lərdə falçılıq adı altında fəaliyyət göstərən şəxslərlə bağlı məlumatların yer almasıdır.

Vatikandakı Müqəddəs Pyotr meydanı. Arxiv şəkli - Sputnik Azərbaycan
"Falçı yeri"nin yaradılmasına razılıq verildi

Yoxlama tədbirləri zamanı falçılıq adı altında fəaliyyət göstərən, Ucar rayonu Qaracallı kənd sakini Məlahət Qafarova və Şamaxı rayon sakini Sveta İsmayılova müəyyən edilərək dindirilib. Dindirilmə zamanı hər iki şəxslə mövcud qanunvericilik barəsində söhbət aparılıb, adıçəkilən şəxslərin qanunazidd fəaliyyətləri nəticəsində əldə ediləcək əmlakın inzibati və cinayət məsuliyyəti yaradacağı ilə bağlı xəbərdarlıq edilib. Hər iki şəxs yol verdikləri əməldən peşman olduqlarını və bu fəaliyyətlə bir daha məşğul olmayacaqlarını bildirib.

Qeyd edək ki, dələduzluq faktı əsasında falçılıq fəaliyyəti ilə məşğul olan və saxtakarlıq edərək əhalinin pulunu mənimsəyən şəxslərə qarşı İnzibati Xətalar və Cinayət Məcəlləsinə uyğun olaraq respublikanın digər bölgələrində də hüquq-mühafizə orqanları ilə birlikdə bu kimi halların qarşısının alınması üçün tədbirlər davam etdiriləcək. Vətəndaşların diqqətinə çatdırılır ki, aldadılaraq inamından sui-istifadə olunan, pulu mənimsənilən şəxslər mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

İnsanların niyə falçılara üç tutmaları ilə bağlı Sputnik-in sualını cavablandıran psixoloq Şükran Dədəyevin sözlərinə görə, bunun əsasında falçıların, problemləri tez və fəal şəkildə həll edəcəyinə insanları inandırmaları dayanır: "Falçılar onların yanına gedənləri inandırırlar ki, problemləri tez bir şəkildə həll edəcəklər. Məsələn, insanlar psixoloqa müraciət edəndə bir az müalicə prosesi uzandığına görə, onlar daha çox falçılara müraciət etməyə həvəslidirlər. Çünki, onların yanına gedəndə falçılar birbaşa kömək təklif edirlər. Onların probleminin tezliklə həll edəcəyini deyirlər. Əslində bunun əsasında bu, dayanır".

Psixoloq deyib ki, insanların falçılara üz tutması təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur: "ABŞ-da da, Avropada da falçı yanına gedənlər var. Amma Azərbaycan kimi ölkələrdə, xüsusilə də yeni müstəqil olan dövlətlərdə bu məsələ kütləvidir. İlk səbəb, dediyim kimi, falçıların problemi tez həll edəcəklərinə inandırmalarıdır. İkincisi, Azərbaycan kimi ölkələrdə psixoloji xidmət tam formalaşmayıb. İnsanların psixoloji məsləhət almaq səviyyəsi hələ tam formalaşmayıb".

"Bizdə psixoloji xidmət səviyyəsi qənaətbəxş deyil. Bizim ümumtəhsil məktəblərində psixoloqlar, demək olar ki, yoxdur. Halbuki, uşaqlıqdan vətəndaşlar psixoloqa, psixoterapevtə müraciət edəcəklər və getdikcə falçılıq kimi məsələlər aradan qalxacaq", — Ş. Dədəyev bildirib.

Teoloq Elşad Miri isə Sputnik-ə açıqlamasında məsələni belə şərh edib: ""Qurani-Kərim"də bildirilir ki, qeybi Allahdan başqa heç kəs bilə bilməz. Bunu peyğəmbər özü belə, bilmədiyi halda, hansısa cılız insanların bu şəkildə iddialarla ortaya çıxmaları ancaq şarlatanlıqdır, insanları aldatmaqdır. Hətta peyğəmbərimizin bir sözü var ki, belə insanların yanına gedən şəxslər Məhəmmədə göndəriləni inkar etmiş olurlar".

"Yəni, bu gün belə bir iş görmək "Quran"ı inkar etmək deməkdir. Ona görə də falçılığın qarşısı birmənalı şəkildə alınmalıdır və insanlar da maarifləndirilməlidir", — teoloq bildirib.

O, sözügedən yoxlamaların regionlarda deyil, Bakıda da aparılmasını məqsədəuyğun hesab edib: "Çünki, onlar regionda çox pul qazana bilmirlər, paytaxtda üz tutublar".

Xəbər lenti
0