Xatirə İsmayılova

Həyat onunla düşmənçilik edir

545
(Yenilənib 11:05 17.08.2016)
Öz həyatını hissə-hissə qələmə alıb. "Əlvida yarım, əlvida" əsərini sevdiyi insanla yaşadığı illərə həsr edib. Daha doğrusu, yaşamaq istədiyi, amma yaşaya bilmədiyi arzularına...

İradə Cəlil, Sputnik Azırbaycan

BAKI, 17 avq — Sputnik. Həyat bizim düşündüyümüzdən çox qısadır və özümüz də bilmədən, hiss etmədən bir gün yarıda qırılır. Biz ona yarı deyirik. Əslində isə həyat Tanrının bizim üçün "bitdi" dediyi zaman bitir. Və o zaman başa düşürük ki, axıtdığımız göz yaşları, keçirdiyimiz iztirablar, çəkdiyimiz əzab-əziyyət hədər imiş.

O zaman anlayırıq ki, bu dünyada heç kim üçün göz yaşı axıtmağa, əzab çəkməyə dəyməz. O an başa düşürük ki, bu həyata tək gəlmişik və tək də gedəcəyik. Bu həyat yolunda qarşımıza çıxan insanlar isə, bizim sınağımız, imtahanımız, dərsimiz olur.

"Atam evdə başqa kişi tutur"

Xatirə İsmayılova doğulandan fiziki qüsurludur. Dediyinə görə, doğuş zamanı həkimlər tərəfindən zədə alıb. Bu zədə Xatirənin həyatı bahasına başa gəlib. Nə istədiyi sənətə sahib ola bilib, nə də arzuladığı kimi sevib-sevilib. Ailə həyatı da yarım olub Xatirənin.

O, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. "Anam öz qohumu ilə ailə qurubmuş. Sonradan anamın həyat yoldaşı erməni qızı ilə evlənir və anam iki qızını da götürüb ata evinə qayıdır", — deyir.

Xatirənin atasının birinci arvadı isə rus olub: "Özü ilə 1945-ci ildə müharibədən gətirib. Atam ailəsi ilə Tərtərdə yaşayırmış. Bir gün ona deyirlər ki, arvadın sənə xəyanət edir. Atam inanmır. Bir gün arvadına "işə gedirəm" deyib gizlənir. Axşam atam evdə başqa kişi tutub, arvadı ilə dalaşıb. Arvadı da polisə şikayət edib. Atamı həbs ediblər. Hardasa iki ilə yaxın həbsdə qalır".

"Atam həbsdən çıxdıqdan sonra Tərtərdə restoranda işləyirmiş. Anam da şəhərə iş axtaramağa gəlibmiş. Atam anamı o zaman görüb, bəyənib. 1964-cü ildə atamla anam ailə həyatı qurur. Onu da deyim ki, atamın məndən başqa övladı olmayıb. Mən 1966-cı ildə doğulmuşam. Biz əkiz olmuşuq. Əvvəlcə bacım normal doğuşla dünyaya gəlib. Sonra anama gücləndirici dərman veriblər. Gecə saat 12-də isə mən dünyaya gəlmişəm. İkimiz üçün də normal doğuş yazılsa da, mən doğuş zamanı zədə almışam", — Xatirə danışır.

"Əgər bu uşağa da bir şey olsa, səni öldürəcəyəm"

O, doğuş zamanı onurğa sütunundan zədə aldığı üçün qüsurlu olur. Birinci doğulan uşaq 40 gündən sonra tələf olur. Atası Yusif kişi, anasına deyir ki, "əgər bu uşağa da bir şey olsa, səni öldürəcəyəm".

Xatirənin anası Züleyxa ərinin qorxusundan Xatirəni mütəmadi olaraq həkimlərə aparır. Xatirə 5 yaşına qədər çətin yeriyir və dil açmır. Əks müalicə olunduğu üçün bu müalicə onun sağlamlığına mənfi təsir edir.

"Yadıma gəlir, 5-6 yaşım vardı. Anam məni Bakıya nevroloji xəstəxanaya gətirmişdi. Anama deyirlər ki, "uşağı qoy, burada müalicə olunsun, bir ay sonra gəlib apararsan". Amma anamın məni orada qoymağa ürəyi gəlmir", — X. İsmayılova deyir.

Xatirə orta məktəbə 8 yaşında gedib. Birinci sinfə getməyi də problemli olub. Direktor onu məktəbə qəbul etmək istəmirmiş, deyirmiş ki, qüsurludur, evdə otursun, müəllim gəlib evdə ona dərs keçər. Amma Xatirənin bacısı (ata bir, ana ayrı) buna mane olur: "Bacım Solmaz direktorla dava-dalaş edəndən sonra mən də normal uşaqlar kimi məktəbə getmişəm. Tərtər rayon 5 saylı məktəbdə oxumuşam. Birinci sinif müəllimim mənə qarşı diqqətli davranıb, eləcə də 10 il bir sinifdə oxuduğum yoldaşlarım. Bütün qiymətlərim "5" olub".

"Heç bir zaman həkim ola bilməz"

Xatirənin arzusu həkim olmaq idi. Çünki onu bu hala həkimlərin saldığını düşünürdü. Sonradan anasının başına gələn hadisə onun bu istəyini daha da gücləndirir: "Bütün rayon bilirdi ki, mən həkim olacağam. Bir gün anam işdə zəhərlənmişdi. İş yoldaşları neçə dəfə təcili yardıma zəng vursalar da, yardım gəlib çıxmır. Axırda taksi tutub anamı həkimə aparırlar. Görürlər, xəstəxananın həyətində 3 təcili yardım maşını var, onlara isə "yoxdur" deyilirdi. Həkimlər də yatıbmış. Bir az qışqır-bağırdan sonra anamı müalicə edirlər".

Onun həkim olmaq arzusu həyata keçmir. Qüsurlu olduğu üçün xəstəxananın baş həkimi sağlamlıq arayışına qol çəkmir: "Hamı imtahanlara hazırlaşanda xəstəxananın baş həkimi mənim sağlamlıq arayışıma qol çəkmir, anam üçün xəbər göndərir ki, "qoyun, bir ay psixoloji xəstəxanada yatsın, arayış gətirin ki, sağlamdır, sonra qol çəkim". Anam çox gedib-gəlir, axırda razılığa gəlirlər ki, 100 manat müqabilində mənə arayış veriləcək. Anamın yanında arayışa qol çəkib nəsə yazır. Deyir, gəlib apararsan".

Həmin günün səhəri Xatirə bacısı ilə xəstəxanaya gedib sağlamlıq arayışını həkimin otağından oğurlayır. Və bütün sənədlərini qaydaya salandan sonra məlum olur ki, baş həkim sağlamlıq arayışında Xatirənin heç bir zaman həkim ola bilməyəcəyi qərarını da qeyd edib.

"Ayaz Mütəllibova şikayət etdim"

Xatirə bunu bildikdən sonra həvəsdən düşür, amma yaxınlarının təkidi ilə sənədlərini Bakı Dövlət Universitetinə təqdim edir. İmtahan zamanı bütün suallara düzgün cavab verən Xatirəyə müəllim bildirir ki, daha 6 suala cavab versə, onu qəbul edəcək. Xatirə 6 sualdan 5-nə cavab verir. Ancaq müəllim onu qəbul etmir və deyir ki, oxumaq onun sağlamlığı üçün zərərlidir.

"Ağlaya-ağlaya çıxdım. Universitetin qarşısında oturub ağlayırdım, bir kişi yaxınlşadı, niyə ağladığımın səbəbini soruşdu. Dedim, suallara da cavab verdim, amma məni qəbul etmirlər. O adam məni universitetin rektoru Faiq müəllimin yanına apardı. Faiq müəllimin tapşırığı ilə mənim sənədlərimi qəbul etdilər və imtahan verərək qəbul olundum", — danışır müsahibimiz.

Gənc qızın universitet illəri maraqlı keçir. Əlaçı tələbə olmur, amma kəsirləri də olmur. Universiteti bitirəndən sonra Xatirə Tərtərə qayıtmaq istəmir. Amma nə işi, nə də qalmağa evi olduğu üçün Universitetdən təyinat istəyir: "Mənim "adam"ım hər zaman Allahım olub, bir də özüm. 1990-cı ildə Universiteti bitirdim və təyinat istədim. Təyinatımı indiki iş yerimə verdilər. Universitet bitmiş, hər kəs çıxıb getmişdi. Mən isə anamla yataqxanada qalırdım. Mənə təyinat vermişdilər. Amma rəhbərlik məni işə qəbul etmirdi ki, bu təyinat oğlan üçün verilib. O zaman hakimiyyətdə Ayaz Mütəllibov idi. Yazdım Ali Sovetə, Ayaz Mütəllibova. 10 gün sonra hamı məni axtarırdı. Məni işə götürdülər, amma şərt kəsdilər ki, aspirantura söhbəti olmayacaq. Razılaşdım. Aradan müəyyən zaman keçdikdən sonra mən də müdafiə etmək istədim. Və kimya tarixini seçdim".

"Xalam dayıma imkan verməmişdi ki, məni oğluna alsın"

İndiyədək Xatirənin 70-ə yaxın məqaləsi və 6 povesti dərc olunub. Onun ailə həyatı da alınmır. Fiziki qüsurlu olduğu üçün heç kim onunla ailə qurmaq niyyətində olmur. Danışır ki, ailə qurmaq istədiyi bütün kişilər ona ikinci olmağı təklif ediblər. Övladının atası Vəli ilə də təsadüfən tanış olub.

"Mən universitetdə oxuyanda 3-cü qrup əlil idim. Bir gün mənə dedilər ki, "get ikinci qrup etdir, sənin üçün yaxşı olsun". Mən də bunu etməyə gedirdim. Metroya minmək istəyəndə gördüm ki, girişdə böyük bir it oturub. Qorxdum. Baxdım ki, yaxınlıqda bir oğlan maşında nəsə iş görür. Yaxınlaşdım. Xahiş etdim ki, mənə kömək etsin. Başını yuxarı qaldıranda baxışlarımız toqquşdu. O, mənim yuxuda gördüyüm oğlan idi", — Xatirə nağıl edir.

Sonralar Vəli onun arxasınca çox gəlib-gedir: "Doğmalaşmışdıq. Amma Vəli də evli idi. İki övladı var idi. Hardasa 4 ilə yaxın arxamca gəlib-getdi. Əl çəkmirdi. Mənə deyirdi ki, "sənin də övladın olmalıdır". Həmişə Vəliyə deyirdim ki, mən atasız uşaq dünyaya gətirmərəm. Mən özüm atasız böyümüşəm. Bilirəm, atasızlıq nə deməkdir. Qonşu uşaqların atalarına baxanda qaçıb evdə çarpayının altına girib ağlayardım. Mənim öz dünyam vardı. Heç kim mənə ciddi yaxın durmasa da, mənim öz kiçik dünyam vardı. Hamı qüsurlu olduğumu üzümə çırpırdı. Hətta bir bəyəndiyim kişi mənə demişdi ki, "Xatış, məni rayonda nişanlayıblar, onunla evlənim, sonra səninlə də evlənərəm". Dedim, niyə birinci mənimlə ailə qurmursan? Dedi ki, "sən xəstəsən, birdən uşağın olmaz". Mən də ona dedim ki, vaxt olacaq səni oğlumun toyuna çağıracağam".

"Doğma xalam dayıma imkan verməmişdi ki, məni oğluna alsın. Demişdi ki, "Xatirə xəstədir, o, nə bacaracaq?". Hətta universitetdə oxumaq istədiyimi biləndə də demişdi ki, "sən xəstəsən necə oxuyacaqsan?"", — həmsöhbətimiz danışır.

"Oğlum atasından imtina etdi"

2000-ci ildə Xatirə Vəli ilə birlikdə yaşamağa qərar verir. Özünə kiçik bir yığıncaq edir. Hamı onun Vəli ilə ailə qurduğunu düşünür: "Mən özümə kiçik toy elədim, gəlinliyimi geyindim. İş yoldaşlarım gəldi. Mənə hədiyyələr də gətirmişdilər".

Xatirə xanım oğlu Xasmuradla
© Sputnik / Irade CELIL
Xatirə xanım oğlu Xasmuradla

2003-cü ildə Xatirənin hamilə olduğunu bilən Vəli ona yalvarmağa başlayır ki, ailəsini dağıtmasın: "Mən də dedim, sənin heç nəyin mənə lazım deyil. Uşaq dünyaya gələndə də xəbəri olmadı. Nə xəstəxanaya gəldi, nə də xərc çəkdi. Özüm səhv eləmişdim. Çalışırdım ki, öz səhvimi ört-basdır edim ki, ətrafdakılar mənə gülməsinlər. Özümü bu vəziyyətdən çıxarmalı idim".

Sonradan Vəlinin həyat yoldaşı vəziyyətdən xəbər tutur. Xatirəyə zəng edib, onu təhqir edir. Hətta Vəlinin anası da Xatirəni təhqir edir və deyir ki, "uşaq mənim oğlumun deyil". Xatirə məhkəməyə müraciət edir ki, uşağına atalıq ala bilsin. 3 dəfə məhkəmə prosesi olur. Vəli övladına atalıq vermək istəmir. Hakim DNT analizi üçün qərar qəbul edir. Ancaq həmin vaxt oğlunun 6 yaşı olan və hər şeyi başa düşən uşaq da atasından imtina edir.

"Oğlum Xasmurada deyirdilər ki, "gəl, gedək bizimlə". Oğlum isə mənə bağlı idi. Mən istəsəm, axıra kimə gedər, oğluma hər şey ala bilərdim. Amma istəmirdim, kiminsə qarğışıyla övladıma çörək verim. Gedib məhkəmədə imtina ərizəsi yazdım. Hakim dedi ki, "prosesi dondur, imtina eləmə". Razılaşdım. Vəli oğlumun 6 yaşına qədər gəlib-gedirdi. Oğlum üçün maddi heç nə etməsə də, ata kimi var idi. Bir neçə il öncə Xasmurad yıxılıb, ayağını qırmışdı. Ayağında şiş yaranmışdı. Əməliyyat edildi, atasına zəng elədim, gəlmədi. Deməli, artıq uşaq onun üçün maraqlı deyildi", — qadın deyir.

Anası dünyadan köçəndən sonra Xatirə hər şeydən qorxmağa başlayır: "Mən bu evdə yaşaya bilmirdim. Hər şey anamı xatırladırdı. Təzə-təzə işığı da yanılı qoyub yatırdım. Sonra evi təmir etdirdim ki, anamın xatirələri silinsin və mən bu evdə yaşaya bilim. Bu evdən və bu uşaqdan başqa heç nəyim yoxdur".

Xatirə xanım Əlvida yarım, əlvida povestini həyatının Vəli ilə yaşadığı illərinə həsr edib
© Sputnik / Irade CELIL
Xatirə xanım "Əlvida yarım, əlvida" povestini həyatının Vəli ilə yaşadığı illərinə həsr edib

Xatirə öz həyatını da hissə-hissə qələmə alıb. Onun 6 povesti var: "Əlvida yarım, əlvida", "Qəribə təsadüf", "Son arzu" və sair. "Əlvida yarım, əlvida"nı həyatının Vəli ilə yaşadığı illərinə həsr edib. Daha doğrusu, yaşamaq istədiyi, amma yaşaya bilmədiyi arzularına…

545
Teqlər:
göz yaşları, əzab, Xatirə İsmayılova, sevinc, Tərtər, həyat, insan
Əlaqədar
Onun şəhid olacağını qızı bir həftə öncədən hiss edibmiş...
"Yaralı halda əlində qumbara tutubmuş ki, əgər əsir düşərsə..."
Roman kimi həyat, yaxud bir təbəssümün arxasındakı sirr
Ərini başqası ilə evləndirən qadın: onun yaşadıqlarını kimsə yaşaya bilməzdi
Beşikdən başlayan əzablı ömür
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi

Alban tarixinə ögey yanaşma: Nazirlik abidələrə lövhə vurmaqla işini bitmiş sayır

17
(Yenilənib 19:22 18.04.2021)
"Bəzən sosial şəbəklərdə yazırlar ki, "7 manat çox bahadır". Hansı ki, o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəklini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyası, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında təəssüflə bildirir ki, Azərbaycanda tarixi abidələr və muzeylərlə bağlı maarifləndirmə işləri çox zəifdir:

"Son aylar nisbətən diqqət artıb. Turizm Mədəniyyət Nazirliyindən ayrıldıqdan sonra az da olsa fərqi hiss edirəm. Mədəniyyət Nazirliyinin nümayəndələri dəfələrlə mənim yaratdığım muzeydə olublar. Amma buna baxmayaraq, tarixi abidələrin qeydə alınması ilə bağlı proses bir az da ləngiyib. Mənim yaratdığım muzeyə Amerikadan, Türkiyədən, Kanadadan, Sinqapurdan gələn xarici qonaqlar olur. Bəzən hətta yol ötən sürücülər belə yaratdığım muzeyə baş çəkir. Ən azı bəşər övladının yaratdığı dəyər olduğunu anlayırlar. Təəssüf ki, bu, Azərbaycanda bu sahəyə maraq arzulanan səviyyədə deyil".

Alim tariximizə laqeyd münasibətlə bağlı Kütləvi İnformasiya Vasitələrinə və dövlət qurumlarına səslənib:

"Çox istəyərdim ki, KİV, dövlət qrumları bu məsələyə xüsusi önəm versinlər. Tarixi abidələrimiz bizim milli pasportumuzdur. Buradakı insanların dünənki tarixidir. Sabahkı tariximiz üçün bir şahiddir. Çinlilərin bir sözü var, "keçmişini yaxşı öyrən, o, gələcəyin müəllimidir". Tarixi öyrənmək üçün kitab oxumaq kifayət deyil. Mütləq tarixi məkanları, muzeyləri də ziyarət etmək lazımdır. Məsələn, Qax rayonunun Güllük kəndində böyük təpənin üzərində çox möhtəşəm abidə var idi. Amma hazırda abidənin yalnız bünövrəsi qalmaqdadır. Bu da insanların cahilliyindən, maariflənmə işinin aparılmamasından irəli gəlir. Yaxşı olar ki, alban abidələri haqqında mediada maarifləndirmə işləri aparılsın".

Alim qeyd edir ki, o sökülən başqasının deyil, bizim - Qafqazın tarixidir.

"Azərbaycanın tarixi abidələrinin tətqiqatçısı, numizmat-alim Yevgeni Paxomov yazıb: "Misir tarixi üçün ehramların nə qədər böyük əhəmiyyəti varsa, Qafqaz tarixi üçün də Katex kəndində tikilən bu səddin bir o qədər böyük əhəmiyyəti var". Mən bu abidənin restavrasiyası üçün keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevə dəfələrlə müraciət etdim. O söz verdi, mütəxəssislər gəldi. Həftələrlə o abidənin üzərində işlədik. Mədəniyyət Nazirliyi ora bir lövhə vurmaqla öz işini bitmiş hesab elədi", - deyə mütəxəssis bildirib.

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin mütəxəssisi Qənirə Qaforava isə deyir ki, onun çalışdığı muzeydə vəziyyət heç də pis deyil. Dediyinə görə, ziyarətçi sarıdan da əziyyət çəkmirlər:

"Bizim muzeyimizə hər zaman maraq olub. Çünki, Azərbaycanda ilk yaranan muzeydir. Burada iki muzey yerləşir – həm Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi. Bura Tağıyevin yaşayış yeri olub. Gələn ziyarətçi iki muzeyi ziyarət edir. İstər yerli, istərsə də xarici ziyarətçilər hər zaman maraqla gəliblər. Pandemiya dövründə bir müddət bağlandı, amma hazırda açıqdır və ziyarətçilərimiz muzeyimizə baş çəkirlər. Hazırda Tarix muzeyi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti bağlıdır. Amma Tağıyevin 10 otaqdan ibarət xatirə muzeyi açıqdır. Xaricilər üçün 5 manat, yerli ziyarətçilər üçün 2 manatdır, amma məktəbli və tələbələr üçün 1 manatdır. Xaricilər muzeyimizi çox maraqla izləyirlər".

Milli Xalça Muzeyinin Mətbuat xidmətinin rəhbəri Ülvina Fərzəliyeva da mövzuya münasibətini bildirib:

"Giriş 7 manatdır. 6 yaşına qədər uşaqlar üçün pulsuzdur. 6 manatdan yuxarılara 3 manat, məktəb və tələbələrə də 3 manat. Azərbaycan Xalça muzeyi ölkənin ilk İnklüziv muzeydir. Fiziki məhdudiyyətli insanlar da rahat şəkildə muzeyimizi ziyarət edə bilirlər. Onların əlil arabasında girişi, liftlərdən istifadəsi, ekspozisiyalarla tanışlıq üçün bütün şərait yaradılıb. Bundan əlavə, bizdə görmə əngəlli insanlar üçün xovsuz və xovlu texnikanın birgə tətbiqi ilə xalçalarımız üzərində ornamentlər toxunub. Bunu ənənəvi texnologiya şöbəsinin toxucuları ona görə ediblər ki, görmə əngəlli insanlarımız da xalçalara toxunub hiss edə bilsinlər. Bundan əlavə, həmin ornamentlərlə bağlı brayl əlifbası ilə məlumat verilib".

Fərzəliyeva sosial şəbəkələrdə muzeyə girişin baha olmasına narazılıq edənləri də unutmayıb:

"Deyirlər, 7 manat çox bahadır. Halbuki o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəkillərini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat bir kofenin, bir çayın puludur. Gələn insanlar deyirlər ki, "sanki bir anlıq nağıllar aləminə düşdük". Bizim muzeyimizi ziyarət edənlər uzun müddət o ab-havadan çıxmırlar". 

17
Bıçaq əlində qadın, arxiv şəkil

Bacılar arasında bıçaqlaşma baş verib - Lənkəranda

8
(Yenilənib 17:34 18.04.2021)
1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

BAKI, 18 aprel - Sputnik. Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsi 43 ünvanında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.

Hadisənin ailə münaqişəsi zəminində bacılar arasında baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

8
Misirdə qatar qəzası

Misirdə faciə: ölən yaralananlar var

0
(Yenilənib 20:53 18.04.2021)
Misirin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, qatar qəzasında 32 nəfər həlak olub, 109 nəfər yaralanıb.

BAKI, 18 aprel - Sputnik. Misirin paytaxtı Qahirənin şimalındakı Qalubiyyə əyalətində qatarın relsdən çıxması nəticəsində 32 nəfər həlak olub, 109 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumata görə, qatar Əl-Mansur şəhərindən Qahirəyə yola düşüb. Yolda olarkən səkkiz vaqon relsdən çıxıb. Sərnişinlərdən bir neçəsi relsdən çıxan vaqonların altında qalıb.

Misirin səhiyyə naziri Halə Zayid hadisə yerinə gəlib. Hadisə yerinə 57 təcili tibbi yardım maşını göndərilib və yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Bu Misirdə son bir ay ərzində baş verən üçüncü qatar qəzasıdır.

0