Otüstü hokkey. Arxiv şəkli

İdman federasiyaları, yoxsa "dərin dövlət"?!

167
(Yenilənib 16:43 03.08.2016)
İdman yazarları milli idman federasiyalarındakı neqativ situasiyadan danışdılar.

BAKI, 1 avq-Sputnik. Azərbaycanda çox sayda idman növləri inkişaf edir. Təbii ki bu idman növlərinin federasiyaları da mövcuddur. Buna baxmayaraq, çoxunun adı var, özü isə yox kimidir. Sputnik-in əməkdaşı idman jurnalistləri arasında sorğu keçirərək idman federasiyalarına münasibəti araşdırıb.

Aygün İlqarqızı, "Aznews.az" saytınını idman müxbiri:

"Dağıldığı deyilən, özlərininsə bunu rəsmən açıqlamadığı Azərbaycan Otüstü Hokkey Federasiyasından münasibət öyrənmək üçün kimə müraciət etməliyəm bilmirəm. Elə bil "dərin dövlət"dir. Digər "dərin dövlət" rolunu oynayan isə Azərbaycan Qolf Federasiyasıdır. Çöküb, amma onlar da açıqlama vermirlər. Bu yaxınlarda onlara zəng edib, nə iş gördükləri, fəaliyyətləri ilə bağlı maraqlanmaq istədim. Mənə dedilər ki, e-mail ünvanımıza suallarınızı yollayın, ən gec 2-3 günə cavablayacağıq. Həmin 2-3 gün yarım ay oldu. Nə qədər zəng edirdim zənglərimə cavab vermirdilər. Sonra Nigar adlı bir xanım zəng etdi. Dedi ki, Aygün xanım, siz sualları Qolf Akademiyasına ünvanlamalısınız. Halbuki mənim suallarım Qolf Federasiyasına idi." 

Sahib Əsədbəyli — "Ədalət" qəzetinin idman müxbiri:

"Əsasən təkmübarizəli idman növləri ilə maraqlandığım üçün məsələyə məhz bu yöndən yanaşacağam. Ağır Atletika Federasiyasının bütün strukturu kimi, mətbuat xidmətinin təşkili də tənqid predmeti olmalıdır. Çünki, bu Federasiyada ümumiyyətlə belə bir xidmət mövcud deyil. Boksda isə varlığı ilə yoxluğu məlum deyil. Cüdoda da mətbuat xidmətinin təşkilində problemlər var. Ancaq bildiyim qədər bu, birbaşa şöbə rəhbəri Elnur Əşrəfoğludan asılı olmayan məsələdir. İdmançıları mediaya buraxmamaq yığmanın baş məşqçisi Zeyzenbaxerin tələbidir. Bu baxımdan media ilə işləmələrinə görə Güləş, Avarçəkmə və Velosiped İdman Federasiyalarını nümunə göstərə bilərəm."

Sərxan Musalı —"Futbol +" qəzetinin əməkdaşı:

"Federasiyaların fəaliyyətinin keyfiyyətli fəaliyyəti maliyyədən asılıdır. Prezident tərəfindən qayğı görən idman institutları daha yaxşı işləyir. Bu, qazanılan nəticələrdə də əksini tapır. Güləş Federasiyası bu baxımdan neçə ildir ki, liderlik edir. Boksda yaxşı nəticələrimiz olsa da, hazırda Federasiyanın durumu acınacaqlıdır. Ciddi maddi sıxıntıları var. Rövnəq Abdullayev Cüdo Federasiyasının prezidenti seçildikdən sonra, bu qurumda ciddi islahatlar aparılıb və müsbət addımlar atılıb. Bu Federasiya yüksələn xətlə hərəkət edir. Basketbol Federasiyası da son 1 ayda "dirilib".

 Voleybol Federasiyasında geriləmə müşahidə olunur. Klubların gündən-günə dağılması, qurumun əməkdaşlarının maaşının gecikdirilməsi və s. problemləri var.

Təəssüf ki, olimpiya növü olan otüstü hokkeyin inkişafına cavabdeh olan federasiya hazırda ölü durumdadı. Həndbol və Tennis federasiyalarının da fəaliyyəti formal xarakter daşıyır. Milli Avarçəkmə və Velosiped İdmanı federasiyaları inkişaf etməkdə olanlar sırasındadır. Amma bir idman yazarı kimi, ümumi baxanda federasiyalarımızın durumundan razı deyiləm. Bu gün ən inkişaf etmiş federasiyada belə ciddi nöqsanlar var. Bu baxımdan, standarta nisbətən cavab verən AFFA-dır. Bunun da əsas səbəbi idman jurnalistikasının bu qurumu bir növ nəzarətdə saxlamasıdır. Çoxsaylı tənqidlər AFFA-nı daha mütərəqqi addımlar atmağa sövq edir. Digər idman növləri o qədər də diqqətdə saxlanılmır. Ona görə də qalan federasiyalar öz bildikləri kimi işləyirlər."

Orxan Subhan- "CBC Sport" TV-nin müxbiri:

"Konkret Qolf Federasiyasından narazıyam. Digər idman federasiyalarında heç olmasa, sualımıza cavab verməyə bir adam tapmaq olur. Amma Qolf Federasiyasında heç kimi tapmaq mümkün olmur."

167
Teqlər:
Qolf Federasiyası, Milli Avarçəkmə, Həndbol Federasiyası, Basketbol Federasiyası, Azərbaycan Otüstü Hokkey Federasiyası, Voleybol Federasiyası, Azərbaycan Cüdo Federasiyası, Azərbaycan Ağır Atletika Federasiyası, velosiped, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Ağır Atletika federasiyası, idman
Əlaqədar
Azərbaycanın voleybol yığması barədə ilginc iddialar
AFFA FİFA-dan cavab gözləyir
Nazir Elmar Məmmədyarovun AFFA rəhbərliyinə namizədliyi irəli sürülüb
AFFA-da fövqəladə iclas olub
Azərbaycanla Dünya Ağır Atletika Federasiyası arasında dopinq qalmaqalı davam edir
Xəstəxana

Qobustanda kütləvi zəhərlənmə baş verib

6
(Yenilənib 10:59 27.01.2021)
Onlar kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.

BAKI, 27 yanvar - Sputnik. Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə qeydə alınıb.

Rayon sakinləri - 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı və 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.

Ailə üzvləri Qobustan rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

6
Sinif otağında dərs prosesi, arxiv şəkli

Məktəblə bağlı suallar - direktorlara göndərilən kağızlarda yazılıb?

65
(Yenilənib 00:09 27.01.2021)
Məktəb direktorlarına dərslərin hibrid formada təşkili üçün xüsusi təlimat göndərilib. Hətta sinifdə bircə şagird belə olsa, ona dərs keçiləcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Fevral ayının 1-dən etibarən ölkə üzrə ümumtəhsil müəssisələrində ənənəvi təhsil qismən bərpa olunur. Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına əsasən, məktəblərdə dərslər hibrid formada təşkil olunacaq. Belə ki, Bakı Abşeron, Sumqayıt və digər iri şəhərlərdə dərslər həftədə üç dəfə əyani, kənd yerlərində, şagird sıxlığının az olduğu məktəblərdə isə dörd-beş dəfə ənənəvi formada keçiriləcək. Koronavirus pandemiyası dövründə şagirdlərin ənənəvi təhsilə cəlb olunması könüllü xarakter daşıdığından valideynləri düşündürən əsas məqamlardan biri siniflərin necə bölünəcəyi, hər qrupda neçə şagirdin olacağı və məktəbə getməyən şagirdlərin dərs proqramını necə mənimsəyəcəyi barədədir.

Sputnik Azərbaycan bu suallara aydınlıq gətirməyə çalışıb.

Valideyn Gülnar Səfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq sinif rəhbərləri onlayn valideyn iclasları keçirərək əyani təhsil alacaq şagirdlərin siyahısını hazırlayırlar. Övladı 3-cü sinifdə oxuyan G.Səfərova bildirir ki, valideynlərin bir qismi məktəblərin açılmasına sevinsə də, aralarında uşağını məktəbə göndərmək istəməyənlər də var: "Məktəblərin açılmasını gözləsək də, valideynlərin bəziləri uşağını məktəbə göndərməyə ehtiyat edir. Amma bilmirik ki, hər sinifdən iki-üç şagird məktəbə getsə, əyani təhsil veriləcəkmi?"

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla bağlı məktəb direktorlarına təlimatlar göndərilib.

Bakı şəhəri 53 saylı məktəbin direktoru Tünzalə Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında valideynləri düşündürən bir sıra məqamlara aydınlıq gətirib. O bildirib ki, 2020-2021-ci il üzrə tədrisin ikinci yarımilində dərslər hibrid formada təşkil olunacaq. T.Zeynalovanın sözlərinə görə, ikinci yarımildən təhsil müəssisələri mərhələli şəkildə açılacaq:

"Bakı şəhərində dərslər 3 gün əyani, 3 gün distant formada təşkil olunacaq. Bizim məktəbdə üç mindən artıq şagird təhsil alır. Dərslər həftədə üç dəfə əyani, üç dəfə isə distant keçiriləcək. Məktəbimizdə ibtidai siniflərdə şagird sayı 1200-ə yaxındır. Hər sinifdə isə 40-dan yuxarı şagird sayı var. Siniflər iki qrupa bölünüb. NK-nın 10 sentyabr tarixli qərarına əsasən, bununla bağlı bütün məktəblərə təlimat göndərilib. Təlimata görə, sinif otaqlarında hər parta arxasında bir şagirdin oturması təmin edilməlidir. Şagirdlər arasında məsafə isə 1,5 metrdən az olmamalıdır".

T.Zeynalova deyir ki, əyani təhsil alan şagirdlərin sayı hər qrupda iki nəfər olsa belə, dərs əyani formada həftədə üç dəfə keçiriləcək: "Qruplarda əyani təhsil alan şagirdlərin sayı iki-üç nəfər olsa da, əyani dərslər keçiriləcək. Məqsəd təhsilin mərhələli təşkilini təmin etməkdir".

Direktor dərs saatlarının azaldılması ilə bağlı məlumatlara da aydınlıq gətirib. O bildirib ki, dərs saatı azaldılmayacaq: "Tədris planına əsasən, əyani dərs vaxtı 45 dəqiqə, distant formada isə 30 dəqiqədir".

Şagirdlərin sinifdə tibbi maskadan istifadəsinə gəlincə, T.Zeynalovanın sözlərinə görə, tibbi maskalardan istifadə bütün yaş qrupları üzrə şagirdlər üçün məcburi deyil: "NK-nın müvafiq qərarına əsasən, 12 yaşa qədər şagirdlərə maska taxmaq vacib deyil. 12 yaşdan yuxarı şagirdlər maska taxmalıdırlar. Təhsilverənlər isə mütləq şəkildə maskadan istifadə etməlidirlər".

T.Zeynalovanın sözlərinə görə, şagirlərə parça maska taxmağa qadağa olmasa da, tibbi maskadan istifadə tövsiyə edilir.

Fevralın 1-dən etibarən mərhələli şəkildə ənənəvi təhsilə start verilsə də, bu, məcburi olmayacaq. Məktəb direktoru bildirir ki, hər hansı şagird məktəbə gəlməyə məcbur edilməyəcək. Amma məktəbə getməyən şagirdlərlə bağlı valideynlər yazılı iltizam ərizəsi imzalamalıdırlar: "Hansı valideyn övladını məktəbə göndərməyəcəksə, bunun üçün iltizam ərizəsi yazmalıdır. 53 saylı məktəbdə ibtidai sinifdə təhsil alan şagirdlərin sayı 1200-dür. Məktəbəqədər hazırlıq qruplarında isə 200 uşaq təhsil alır. Biz bu sayda iltizam ərizəsi hazırlamışıq. Valideyn ərizəni imzalayaraq övladının distant təhsilə cəlb olunması ilə bağlı üzərinə öhdəlik götürür. Əgər şagird hibrid formada təhsil almırsa, distant dərslər keçirilməyən günlərdə teledərslər hesabına dərs proqramını mənimsəməlidir. Bütün bunlar iltizam ərizələrində aydın şəkildə göstərilib. Şagirdin distant təhsili üçün valideynin üzərinə məsuliyyət qoyulur".

T.Zeynalova bildirir ki, məktəblərdə əyani təhsil zamanı bütün gigiyenik qaydalara əməl edilməlidir. Hər gün təhsilalanların və təhsilverənlərin temperaturu yoxlanılacaq: "Məktəbdə izolyasiya otağı var. Kimin temperaturu 37.1 dərəcədirsə, həmin şəxs izolyasiya otağına yönəldiləcək. Artıq bütün məktəblərin bununla bağlı təcrübəsi var. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bizim məktəbə dezinfeksiyaedici məhlullar və digər zəruri avadanlıqlar verilib".

O ki qaldı məktəbdə dərs keçəcək müəllimlərin vaksinasiyasına, məktəb direktoru bildirir ki, təhsil müəssisəsinin rəhbəri kimi bu barədə bir tapşırıq almayıb:

"Əgər tapşırıq veriləcəksə, müəllimlərin də vaksinasiyası aparılacaq. NK-nın müvafiq qərarına əsasən, 65 yaşdan yuxarı müəllimlər ənənəvi dərslərə cəlb olunmayacaqlar. Amma məktəbə göstəriş verilməyib ki, yaşı 50-dən yuxarı müəllimlər əvəzlənsinlər".

Direktor bildirir ki, müvafiq göstərişdən sonra hər bir sinif müəllimi valideynlərlə iclaslara başlayıb: "Valideynlərin əksəriyyəti öz övladının məktəbdə iştirakının tərəfdarıdır. 53 saylı məktəbdə 38 ibtidai sinifdən 12-nin sinif rəhbəri valideynlərlə onlayn iclas keçirib. Bu iclaslarda valideynlər məktəbin açılmasının tərəfdarı olduğunu söyləyiblər".

65
Teqlər:
vaksinasiya, Koronavirus, epidemiya, COVID-19, əyani, sinif, təlimat, məktəb, dərs
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
SES

Ərəblər Azərbaycanda küləyə 300 milyon dollar verəcəklər

0
(Yenilənib 12:14 27.01.2021)
Artıq İqtisadiyyat və Energetika nazirlikləri tərəfindən bəzi kiçik güclü elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.

BAKI, 27 yanvar — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün sərmayədarlarla müzakirələr aparılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat və Energetika nazirliklərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, Azərbaycanın elektroenergetika, o cümlədən bərpaolunan enerji mənbələri sahəsinə xarici və yerli sərmayədarların marağı artır. "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamı ilə müəyyən edilmiş vəzifələrin mühüm istiqamətlərindən biri elektroenergetika sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsidir. Energetika Nazirliyi tərəfindən ilkin layihəsi hazırlanmış 2050-ci ilədək dövrü əhatə edən energetika sektorunun uzunmüddətli inkişaf strategiyası məhz özəl investisiyalara istiqamətlənən inkişaf modelinə əsaslanır.

Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir. Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəf olaraq müəyyənləşdirilib. Bununla əlaqədar olaraq, 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.

Beynəlxalq tələblərə cavab verən qanunvericilik bazasının mövcudluğu sərmayədarları maraqlandıran başlıca şərtlərdəndir. Qeyd olunan Sərəncama əsasən, "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılaraq baxılmaq üçün təqdim edilib. Qanunun qəbulundan sonra Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə enerji mənbələrindən istifadə sahəsində özəl investisiya hesabına kiçikhəcmli layihələrin həyata keçirilməsinə başlanılacaq.

Bununla yanaşı, bu sahədə pilot layihələr də həyata keçirilir. Ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının "ACWA POWER" şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin həyata keçirilməsinə ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması həmçinin müasir istehsal və xidmət sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına töhfə verəcək. 2020-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Hazırda şirkətlə müzakirələr davam edir və mart ayında digər müqavilələrin imzalanması gözlənilir.

Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün sərmayədarlarla müzakirələr aparılır. Bunlarla yanaşı, ənənəvi enerji resurslarından elektrik enerjisi istehsalı sahəsinə də özəl investisiyaların cəlb olunması istiqamətində işlər davam etdirilir.

Müasir yanaşmalara əsaslanan "Elektroenergetika haqqında" qanun layihəsinin qəbul edilməsi bu sahədə rəqabət mühitinin formalaşmasını təmin edəcək. İnvestisiyaları həm mövcud stansiyaların özəlləşdirilməsi, həm də yeni özəl elektrik stansiyalarının tikintisi yolu ilə cəlb etmək nəzərdə tutulur. Artıq İqtisadiyyat və Energetika nazirlikləri tərəfindən bəzi kiçik güclü elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. Eyni zamanda, nazirliklər yeni qaz-turbin elektrik stansiyasının tikintisi üçün investisiya şirkətləri ilə danışıqları davam etdirir və bir çox beynəlxalq şirkətlər layihədə iştiraka marağını ifadə edib.

0