BAKI, 18 iyul — Sputnik. Səyyar ASAN xidmət 18-30 iyul tarixlərində Abşeron rayonunun Novxanı qəsəbəsində, 18-27 iyulda isə Sabunçu rayonunun Ramana qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
• Əmək pensiyalarının təyin edilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Bu ildən əmək pensiyalarının orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat olacaq. 2021-ci ilin yanvar ayı üzrə pensiyalar ödənilsə də, pensiyalara artım hesablanmayıb. Sputnik Azərbaycan pensiyaların artımının nə vaxtdan ödəniləcəyini araşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Dövlət Statistika Komitəsindən orta aylıq nominal əmək haqqına dair məlumatlar nazirliyə göndərildikdən və Prezidentin müvafiq sərəncamından sonra pensiyalar yanvar ayının artımı daxil olmaqla ödəniləcək. Nazirlik bu məsələdə icraedici funksiya daşıyır.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda isə bildirilir ki, 2020-ci il üzrə istehlak qiymətləri indeksinə dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq göndərilib:
"Orta aylıq nominal əmək haqqına dair məlumatlar isə Dövlət Statistika Komitəsinin Statistik işlər proqramına uyğun olaraq cari ilin fevral ayının ilk ongünlüyündə təqdim ediləcək".
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaq rəsmi məlumatda 2020-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.
BAKI, 20 yanvar — Sputnik. Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.
II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.
BAKI, 20 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 56,39 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 0,40 dollar artaraq 56,30 dollar, "Light" markalı neftin qiyməti isə 0,43 dollar bahalaşaraq 53,41 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.