Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev

Sarı qarpızın GMO olub-olmaması ilə bağlı rəsmi açıqlama

658
Camal Quliyev: "İstehlakçılara yoxlanılmış yerlərdən və fitosanitar yoxlamadan keçmiş məhsullardan istifadə etmələrini tövsiyyə edirik. Bu məhsul Azərbaycan bazarına yeni daxil olduğu üçün insanlarda qeyri-adi maraq yaradıb"

BAKI, 12 iyul — Sputnik. "Son günlər Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda sarı qarpızın becərilməsi ilə bağlı məlumatlar yayımlanmaqdadır. Bir çoxları bunu qeyri-adı hal kimi qəbul edirlər. Bəzi şəxslər isə bu məhsulun Geni Modifikasiya Olunmuş (GMO) məhsul olması ilə bağlı əsassız fikirlər səsləndirirlər".

Qarpız. Arxiv şəkli
© Sputnik / Vitaly Ankov

Sputnik xəbər verir ki, bunu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) rəisi Camal Quliyev bildirib. Xidmət rəisi sarı qarpızın adi qarpız kimi "Qabaqkimilər" fəsiləsinə aid olduğunu və yabanı qarpızla adi qarpızın çarpazlaşdırılması nəticəsində alındığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu məhsul adi qarpızdan rənginə və toxumların mət daxilində az olmasına görə fərlənir: "Belə qarpızlar əvvəllər Tailandda, İspaniyada becərilirdi və qırmızı qarpızlara nisbətən daha məşhur idi. Rusiyada da belə sortlar yetişdirilir və adi qarpızdan həm şirinliyinə, həm də ekzotik dadına görə fərqlənir. Bəzi hallarda dadı limon və manqo meyvəsinin, bəzi hallarda isə qabaq meyvəsinin dadını verir".

"Qarpızın tərkibində olan A vitamini insanlarda görmə qabiliyyətinin artmasına və göz xəstəliklərinin qarşısının alınmasına kömək edir, C vitamini insanlarda viruslara və bir çox xəstəliklərə qarşı immuniteti gücləndirir, kalsium dırnaqların, saçların və sümüklərin möhkəmlənməsinə xidmət edir, dəmir isə qanı az olan və anemiya xəstəliyinə məruz qalan xəstələrin sağalmasına, həzm prosesinin yaxşılaşmasına müsbət təsir göstərir və bağırsaqları artıq mayelərdən və çöküntülərdən təmizləyir", — C. Quliyev bildirib.

Xidmət rəisi meyvənin tərkibində yağ və xolesterinin olmadığını, həmçinin az kaloriliri məhsullara aid edildiyini diqqətə çatdırıb: "Buna görə də bu qarpızdan arıqlama məqsədi ilə və atiskleroz zamanı istifadə etmək mümkündür. Mətbəxdə, əsasən desertlərin və mürəbbələrin hazırlanmasında da geniş istifadə olunur. Qeyd edək ki, bu məhsuldan istifadə bəzi insanların psixologiyasına mənfi təsir göstərə bilər. Buna görə də həmin şəxslərin bu qarpızdan istifadə etməmələri məsləhət görülür".

DFNX rəisi vurğulayıb ki, bu məhsulun yetişdirilməsində də adi qarpızda olduğu kimi, pestisidlərdən və nitratlardan istifadə oluna bilər: "Buna görə də istehlakçılara yoxlanılmış yerlərdən və fitosanitar yoxlamadan keçmiş məhsullardan istifadə etmələrini tövsiyyə edirik. Bu məhsul Azərbaycan bazarına yeni daxil olduğu üçün insanlarda qeyri-adi maraq yaradıb. Burada qeyri-adi heç nə yoxdur və uzun illərdir ki, dünya miqyasında məti ağ və yaşıl qarpız sortları da becərilir. Bu məhsulların GMO tərkibli olması yayılan məlumatların heç bir əsası yoxdur və bu iddialar heç zaman təsdiq olunmayıb".

658
Teqlər:
Camal Quliyev, Dövlət Fitosanitar Nəzarəti Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Geni Modifikasiya Olunmuş, GMO, sarı qarpız, qarpız
Əlaqədar
GMO: yeyək, yeməyək?
Komitə istehsalda GMO bitkilərdən istifadəni müəyyənləşdirəcək
GMO-məhsul idxal edən və onu satan cinayət məsuliyyətinə cəlb olunacaq
Baş toksikoloq: Qarpız heç vaxt zəhərləmir
Автомобильное движение в Баку

Tıxaclarda itirilən zaman - Necə edək ki, ömrümüz yollarda keçməsin

3
(Yenilənib 15:39 04.03.2021)
"Vəziyyəti tənzimləmək üçün bəlkə də sahibkarlara icazə vermək olar ki, müəyyən marşrutlar üzrə mikroavtobusları xəttə buraxsınlar. Xüsusən də avtobus çatışmazlığı olan xətlər üzrə avtobusları buraxmaqla vəziyyəti nisbətən tənzimləmək olar" - Ekspert

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Artıq bir ildir ki, ölkədə pandemiya şəraitinin davam etməsi bir çox sahələrdə fəaliyyəti iflic edib. Pandemiya nəqliyyatın da hərəkətinə təsirsiz ötüşməyib. Azərbaycanda bu sahə, xüsusən də ictimai nəqliyyatın fəaliyyəti tamamilə iflic olub. Belə olan təqdirdə insanlar saatlarla avtobus gözləməli, yaxud da saatlarla yollarda tıxacda qalmalı olur. Bakının bir başından digər başına çatmaq üçün nə az, nə çox 3-4 saat yolda keçir. Belə olan halda təxminən 2 istiqamət üçün yola xərclənən zaman təxminən iş saatına bərabər - 7-8 saat olur ki, bu da nəticə etibarı ilə işin keyfiyyətini aşağı salır.

Sumqayıt-Bakı yolunda tıxac, arxiv şəkli
© Sputnik / Sabina Aliyeva

Bir çox ölkələr yollarda zamanları, məsafələri qısaltmaq üçün bir-birindən fərqli layihələr icra etsələr də, ölkəmzidə bu problemlə bağlı gözəçarpacaq bir iş görülmür. Metronun işləmədiyi bir ərəfədə avtobusların üzərinə düşən yükü azaltmaq və yollardakı vəziyyəti nisbətən də olsa düzəltmək üçün nələr etmək olar?

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Metronun işləməməsi ilə əlaqədar olaraq bu gün ictimai nəqliyyatın fəaliyyəti iflic olub. Bu səbəbdən də insanlar axşam saat 10-dək də küçələrdə gözləməli olurlar. Lakin onu da qeyd edim ki, vəziyyətin bu həddə olmasının tək səbəbi avtobusların sayının az olması deyil, eyni zamanda da Bakı şəhərindəki tikinti işləri ilə əlaqədardır. Normalda metro işləməsəydi belə, avtobuslarla sərnişindaşmanı həyata keçirtmək mümkün olardı. Lakin Bakıda yol-nəqliyyat infrastrukturunun inkişaf etməməsi buna imkan vermir. Bu səbəbdən də düşünürəm ki, indiki vəziyyətdə ictimai nəqliyyatın fəaliyyətinin bərpası üçün metronun açılması vacibdir. Heç olmasa, səhər və axşam saatlarında metro açılarsa, sıxlıq müəyyən qədər də olsa, aradan qalxar".

Ekspert yollardakı sıxlığı, eyni zamanda da zaman sərfiyyatını aradan qaldırmaq üçün digər bir təklif də irəli sürür: "Bakının bir başından digər başına hərəkət etmək çox çətindir. Bunun üçün alternativ nəqliyyat növləri düşünülməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmaq lazımdır. Vəziyyəti tənzimləmək üçün bəlkə də sahibkarlara icazə vermək olar ki, müəyyən marşrutlar üzrə mikroavtobusları xəttə buraxsınlar. Xüsusən də avtobus çatışmazlığı olan xətlər üzrə avtobusları buraxmaqla vəziyyəti nisbətən tənzimləmək olar".

Bakıda infrastrukturun demək olar ki, bir-birinə zəncirvari bağlı olduğunu nəzərə alsaq, tikintilərin də nəqliyyat sistemini iflic etdiyini deyə bilərik. Ekspert də bu qənaətdədir: "Bakının mərkəzində hər hansı bir şəxs, dövlət qurumu istədiyi yerdə nəsə tikə bilər. Hətta istəsə, yolun nəqliyyata aid olan hissəsini də zəbt edə bilər və kimsə ona irad tuta bilməz. Bakıda tikinti özbaşınalığı yollardakı vəziyyəti acınacaqlı həddə çatdırıb və dəhşətli bir mənzərə yaranıb. Əslində bu problemin həlli yolları var. Ümumiyyətlə, şəhərin mərkəzində hündürmərtəbəli binaları tikintisi dayandırılmalıdır. Bundan başqa, Bakıda ərazilərin qanunsuz zəbt edilmələri dayandırılmalıdır".

O bildirir ki, Bakı şəhərində tikinti özbaşınalığı dayandırılmadıqca, avtomobillərin parklanma problemi qaldıqca qarşıdakı illərdə yollarda nəqliyyat sıxlığı bundan bərbad həddə çatacaq: "Dövlət idarələri var ki, onların binaları birbaşa yol kənarında tikilir, yaxud da yol kənarlaırnda olan binalar onlar tərəfindən icarəyə götürülür. Lakin təəssüf olsun ki, həmin o dövlət qurumlarının binasının heç birinin avtomobil parklama yeri yoxdur. Halbuki, həmin dövlət qurumlarına gün ərzində minlərlə şəxs gəlib-gedir. Təbii ki, belə olduğu təqdirdə tıxacların baş verməsi qaçılmazdır. Tıxacların azalması üçün yol-nəqliyyat strukturuna mənfi təsir göstərən problemləri kökündən aradan qaldırmaq lazımdır".

Eldəniz Cəfər yollardakı sıxlığa, zaman itkisinə səbəb olan digər problemdən də danışır: "Gündüz saatlarında yollarda şütüyən ağır tonnajlı yük avtomobilləri də hərəkətin məhdudlaşmasına səbəb olur. Bu avtomobillər 24 saat yollarda şütüyürlər ki, bu da tıxaclara səbəb olur. Tıxacların azalması üçün bu istiqamətdə də addımlar atılmalı, bir iş görülməlidir. Yük avtomobillərin Bakının mərkəzində nə işi var?!".  

 "Bizim sıxlığa səbəb olan digər problemimiz də avtomobillərin əksəriyyətinin köhnə olması ilə bağlıdır ki, bu da bəzən yollarda tıxaclara, ləngimələrə səbəb olur. Bu nasaz avtomobillərin də hardasa 30 faizi yolda nasaz vəziyyətdə qalır. Biz tıxacların səbəblərini arşadırdıqda görürük ki,əsas səbəb elə nazas avtomobillərdir", - deyə o əlavə edir.

Özü bəzən sükan arxasında, bəzən də ictimai nəqliyyatda işə getdiyini deyən həmsöhbətimiz yaranmış bu vəziyyətin iş həyatına mənfi təsir etdiyini deyir: "Pandemiya dövründə ən çox əziyyəti işləyən şəxslər çəkir. Xüsusən də pik saatlarda bu problem daha da qabarır. Pik saatlarda taksilər də qiyməti qaldırdığı üçün insanlar saatlarla yollarda qalmalı olur".

3
Əlaqədar
Bakıya girişdəki "butulka"nı sındırmağa hazırlaşırlar: yenə tıxac gözləyək?
İnsanlar “süni tıxac” yaradırlar: Başı da, dişi də ağrıyan “gəlin” deyib fəryad edir
Yağış, sürət, tıxac və cəbhəyə gedən yardımlar - diqqətli olmaq lazımdır
Ziya Bünyadov prospektində qəza oldu, tıxac yarandı
Bakı-Sumqayıt yolunda uzun tıxac
Türkiyə hərbi helikopter, arxiv şəkli

Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub

11
(Yenilənib 19:57 04.03.2021)
Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.

BAKI, 4 mart - Sputnik. Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.

11

Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında çıxış edib

0
(Yenilənib 20:15 04.03.2021)
İlham Əliyev: "Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər".

BAKI, 4 mart — Sputnik. Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib.

Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan əvvəlcə sammit iştirakçılarını salamlayıb və Azərbaycanın Qələbəsi münasibətilə təbriklərini çatdıraraq deyib:

- Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm.

Pakistanın Baş naziri belə çətin bir zamanda Zirvə toplantısının təşkilinin birgə səylər sayəsində mümkün olduğunu qeyd edib. Təşkilata sədrliyin Türkiyəyə keçdiyini deyən Pakistan hökumətinin başçısı çıxışında təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyin Türkiyəyə keçməsindən məmnun olduğunu dedi. O, bir çox sahələrdə tənəzzülə səbəb olan pandemiyaya yalnız həmrəylik, regional əməkdaşlıq sayəsində qalib gəlməyin mümkün olduğunu qeyd etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğal altında qalan torpaqlarını uğurla azad etdiyini bildirərək deyib:

- Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı bir Zəfərlə azad etmiş, bölgədə yeni bir dövrün qapılarını açmışdır. Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycan ilə tam həmrəylik içində olacağımıza inanıram. Ermənistanın da atacağı sülhsevər addımlarla regional sabitliyin bir hissəsi olacağına ümid edirik. Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleymanpur qarşıda duran vəzifələrdən danışaraq təşkilat çərçivəsində iqtisadi-ticari əlaqələrin inkişafının prioritet olduğunu vurğuladı. Baş katib investisiyaların stimullaşdırılması zərurətindən danışdı, pandemiya ilə mübarizədə kollektiv səylərin əhəmiyyətini vurğuladı. Hadi Suleymanpur Azərbaycanı parlaq Qələbəsi münasibətilə təbrik edərək deyib:

- Mən mərhum Prezident, zati-aliləri Heydər Əliyevin təşəbbüsü olan Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılmasına görə Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Bu, təşkilatı çoxşaxəli etmək məqsədilə İƏT ailəsi üçün böyük bir nailiyyətdir. Gəlin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatlarını qurban vermiş azərbaycanlı şəhidlərin xatirəsini də yad edək.

Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış edərək deyib:

- Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrin baxışlarının həyata keçirilməsi üçün mühüm platforma olduğunu deyən Məhəmməd Əşrəf Qani pandemiyanın mənfi təzahürlərinin minimuma endirilməsi üçün regional əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan: Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, mənim qardaşım İlham Əliyevə söz vermədən öncə deyim ki, həqiqətən də 30 illik işğal baş vermişdir və orada olan milyonlarla azərbaycanlı qardaşımız, bildiyiniz kimi, öz torpaqlarından qovulmuşdur. Onlar təxminən 30 il idi ki, öz doğma torpaqlarından uzaqda yaşayırdılar. Əfsuslar olsun ki, Minsk qrupu heç bir nəticə əldə edə bilməmişdir və buna görə İlham Əliyevin rəhbərliyi ilə bizim azərbaycanlı qardaşlarımız bu torpaqları işğaldan azad etmişdir. İndi infrastruktur üzrə hazırlıq işləri davam edir və tezliklə bu torpaqların həqiqi sahibləri öz ərazilərində yaşayacaqlar. İndi isə sözü, mənim əziz qardaşım, Azərbaycan Prezidenti hörmətli İlham Əliyevə verirəm. Söz sizindir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də toplantıda videoformatda çıxış edib.

- Əziz qardaşım, əziz Prezident,

Mənə söz verdiyiniz zaman səsləndirdiyiniz fikirlərə görə Sizə təşəkkür edirəm.

Bütün həmkarlarımızın diqqətinə çatdırmaq istərdim ki, Prezident Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana olan davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynamışdır.

Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur.

Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar.

Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır.

Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir.

Hörmətli cənab sədr, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan,

Hörmətli dövlət və hökumət başçıları,

Hörmətli cənab baş katib,

İlk öncə mən bir daha əziz qardaşlarıma, Prezident Ərdoğana, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürümü bildirmək istərdim.

Qardaş Türkiyəni İqtisadi Əməkdaşlıq Təşkilatında uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdim. Yeni sədr ölkə kimi qardaş Türkmənistana uğurlar arzulayıram.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.

2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk.

27 və 28 sentyabr tarixlərində qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər.

Mən bizi dəstəklədiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.

Eyni zamanda müharibə dövründə bizi dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına da təşəkkür edirəm.

İşğal zamanı Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtmışdır. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilmişdir. Bütün bunların foto və videoları internetdə var. Bu bütün İslam dünyasına qarşı olan düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilmişdir.

Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil.

Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən islam ölkələrini birliyə çağırmışıq.

Azərbaycan islam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini-sülh, tolerantlıq və ədaləti-təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlığı Təşkilatının 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq.

Hazırda qarşımızda azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır. Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq, mədəni və dini abidələrimizi bərpa edəcəyik.

Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olmuşdur. Azərbaycan ötən il hazırda sədrlik etdiyi iki beynəlxalq təşkilatın-Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu təşəbbüslər bizim beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyimizi bir daha nümayiş etdirmişdir.

Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı etmişik. Azərbaycan koronavirusla əlaqədar dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı edib.

Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik.

Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq.

Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm.

Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. 7 ölkəni birləşdirən 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq.

Artıq qeyd etdiyim kimi, Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı.

Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.

Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik.

Diqqətinizə görə sağ olun.

0