CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tale onların üzünə heç gülmədi...

© Photo : PUBLIC DOMAINKöçkün qız. Arxiv şəkli
Köçkün qız. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Köçkün qızın bəlalı həyatı: "Tez-tez xəyalımda gəlin köçürəm. Avtomobillərin bəhsə-bəhs siqnallarından qulağım tutulur: babaaab, bibiiib!!! Hər gecə yuxuda ana oluram"

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. O, heç nəyi düşünmədən hamıya qoşulub qaçırdı. Qolları üstündə 2 və 5 yaşlı qız uşaqları, bətnində daha bir canlı. Bir evdən çıxartdığı üzük, boyunbağı, bir az nağd pul, bir də sənədlər olmuşdu. Onları əl yaylığına büküb uclarına ip bağlayaraq boynundan keçirib, koftasının altında gizlətmişdi. Əvvəlki gün yas yerində göz yaşı ilə islanmışdı bu yaylıq… 

İlk dəfə — 1993-cü ildə kərimovlar ailəsi Novruz bayramını öz ev-eşiklərindən uzaqda — S. rayonunda bax belə qarşıladılar. Necə deyərlər, bayramları qara gəldi. Əvvəl qohum qoltuğuna sığındılar, sonra rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin palatalarından birinə yerləşdilər. Burada bir oğlan uşağı da dünyaya gəldi.

Rəssam Davud Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu yükü kimsə daşıya bilməzdi...

Sonra onları üçmərtəbəli yaşayış binasına köçürdülər. Bina qəzalı olduğundan çox keçmədən başıbəlalı köçkün ailələrini buradan da çıxarıb, hərəsini bir yerdə oturtdular. Onların qismətinə rayon mərkəzinin yaxınlığındakı qəsəbədə istifadəsiz qalmış restoran binası düşdü. Və ailənin sonuncu üzvü — daha bir qız uşağı da bu yeni ünvanda doğuldu.

İllər ötdü, ölkəyə gələn neft milyardları hesabına qaçqın şəhərciyi salındı və 2006-cı ildə bu ailəyə də normal yaşayış şəraiti olan ev təklif olundu. Amma ailə başçısına şəraitli mənzildə qıçlarını uzadıb rahatlıq tapmaq qismət olmadı. Müharibənin yaratdığı sarsıntılardan yaranan xəstəlik şiddətləndiyindən, buna qədər o, artıq ruhi-əsəb dispanserinə yerləşdirilmişdi.

Elə uşaqların anasının da üzərində cərrahiyyə əməliyyatı aparılmışdı. Böyük qızlarında olan anadangəlmə fiziki qüsur daha çox sezilməyə başlamışdı. İkinci qız ərindən ayrılıb qucağında uşaq ilə qayıtmışdı. Bütün sadalananlar az imiş kimi, 17 yaşı bu günlərdə tamam olan Qönçənin başına açılan oyun bu ailəyə yeni dərd gətirib.

Xoşbəxtlik xəyalı

Amma bir il əvvəl bu ailədə təkcə Qönçə xoşbəxt idi. Hələ 13 yaşında olarkən onun yeniyetmə qəlbində isti yuva qurmuş Fərid artıq hərbi xidmətdən qayıtmışdı. Oğlan az qala hər gün ona zəng edir, tez-tez görüş təyin edirdi. Gənc aşiq-məşuqlar qaçqın şəhərciyinin yaxınlığından keçən dəmir yolunun kənarında saatlarla söhbət edir, bir-birilərinə sona qədər sədaqətli olacaqlarına and içirdilər.

Təbrizin yazdığı son mesajı : Səni sevirəm… - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu eşq hekayəsini sonadək dinləmək ürək tələb edir

Çox keçmir Fərid yeniyetmə qıza etiraf edir ki, valideynləri bu izdivaca razı deyillər, ona görə də birgə yaşamağın yalnız bir yolunu görür: onu qaçırmaq. Qönçə ilk əvvəl tərəddüd edir. Çoxları kimi, o da istəyirdi ki, el adəti ilə evlərinə elçi gəlsin, bütün tanıyıb-bilənlər, uzaqda, yaxında yaşayan qohum-əqrəba bu işdən xəbər tutsun, hamı öz xeyir-duasını versin. Və o da ağ gəlinlik paltarında, "Vağzalı" sədaları altında ata ocağından ər evinə köçsün.

Qaçqın olanda nə olar, məgər onun buna haqqı çatmırdımı? Bir də ki, Fəridin valideynləri onu oğullarına layiq bilmirdilərsə, quracaqları ailə nə dərəcədə möhkəm olacaqdı?

Bu narahatçılıqları keçirdiyi vaxt Fərid yazıq qızın təşvişini daha da artırırdı: bir az geciksələr, ata-anası onu başqa qızla evləndirə bilər. Oğlan onu inandırırdı ki, Qönçəyə yaşamaq üçün yer, yemək üçün bir tikə çörək tapacaq, təki razı olsun. Beləcə 2006-cı ilin yanvarın 27-də 16 yaşı yenicə tamam olmuş qızcığaz əbədi sevgi və xoşbəxtlik xəyalıyla Fəridə qoşulub qaçır.

"Şikayət etməyin, yoxsa məni geri qaytaracaq"

Axşam düşür, şavaq qaralır, amma Qönçə evə qayıtmır. Evdəkilər narahat olmağa başlayır: görəsən bu qız harada qaldı? Elə bu vaxt telefonlarına zəng gəlir. Xəttin o başından Qönçənin səsi gəlir, Fəridə qoşulub qaçdığını deyir, iş işdən keçdiyi üçün yalvarır ki, şikayət etməsinlər, əks-təqdirdə Fərid onu geri qaytarıb camaatın içində biabır edəcək. Bu, Fəridin öyrətməsi idi. Ailə üzvləri susmalı olur, bu olayı bir müddət hamıdan gizlədirlər.

Burdan beləsini yaxşı olar ki, Qönçənin öz dilindən eşidək: "Bir həftə Fəridin dayısıgildə qaldıq. Sonra o, məni stansiyanın yanında olan əmisinə məxsus boş qalmış evə apardı. Burada da 8 gün qaldıqdan sonra Bakıya getdik. Yasamalda ev kirayələdik. Fərid Bakıda yaşayan qardaşının kafesində işə düzəldi, mən isə bütün gün evdə olurdum".

"Hərdən qardaşı da gəlirdi bizə, onlara çay-çörək verir, çirkli paltarlarını yuyurdum. Hiss edirdim ki, qardaşı da məni Fəridə yaraşdırmır. Bir gün açıqca dedi ki, əmimiz Rusiyadan gəlib, sizin bu məsələyə görə ailəmizdə böyük qalmaqal yaranıb. Məsləhət gördü ki, evimizə qayıdıb bir müddət gözləyək. İstəmədim ki, Fəridi pis vəziyyətdə qoyum, həm də doğmalarım üçün darıxmışdım. Üstəlik qarşıdan Novruz bayramı da gəlirdi", — danışıq Qönçə.

Beləcə qayıdırlar rayona. Evdəkilər vəziyyətin nə yerdə olduğunu biləndə qanqaraçılıq yaranır. Bu Novruzu da beləcə göz yaşı ilə qarşılayırlar.

"İnsafən Fərid məndən əl çəkmək istəmirdi. Anam onu qapıdan qovur, pəncərədən içəri girirdi. Dil tökür, yalvar-yaxar edir, inandırmaq istəyirdi ki, hər şey yaxşı olacaq. Yaşım çatmadığından nigahımızı rəsmləşdirməyi tələb edə bilmirdim. Əslində o, nigah istəmirdi. Deyirdi ki, onsuz da indi qurulan ailələrin yarısında nigah yoxdur. Heç uşaq da istəmirdi. Hiss edirdim ki, mənimlə müvəqqəti yaşayır. Bununla belə, aprelin 5-də onunla birgə təzədən Bakıya getdim. Bircə ümidim ona idi ki, bəlkə vaxt keçdikcə haqqımızda fikirlər dəyişər, yaxud Fəridi yola gətirə bilərəm", — müsahibimiz davam edir.

"Yaşım çatmadığından nigahımızı rəsmləşdirməyi tələb edə bilmirdim"

Bakıda daha altı ay yaşayırlar. İşlədiyi kafe bağlandığından Fərid bir müddət işsiz qalır. Bütün yaxınları ondan üz döndərdiyindən onlar maddi sıxıntı keçirirlər.

Qönçə: "O çətin günlərdə yazıq anam bizim yolumuzda nələr etmədi… Rayondan gələn maşınlarla çanta-çanta ərzaq, gücü çatan qədər nəğd pul yollayırdı. Yorğan, döşək salıb, odeyal, pərdə, ütü, tozsoran alıb göndərdi".

Oktyabrın 19-da Fərid gəzmək adı ilə Qönçəni rayona gətirir. Onları yaxşı qarşılayırlar. Süfrə açılır, yeyib-içib, danışıb- gülürlər: "O gecə Fərid bizdə qaldı, səhər açılan kimi durub getdi. Elə o gedən getdi. Neçə gün keçdi, gördüm ondan bir xəbər yoxdur, zəng etdim. Soyuq danışdı, dedi daha Bakıya getmək istəmir, nə bilim pulu yoxdur, hamı onu qınayır. Sonra bəhanələri kənara qoyub fikrini açıqca bildirdi: İndən belə mən adlı adamı tanıma! Telofonu söndürdü. Sonralar daha heç vaxt zəngimə, mesajıma cavab verməyib. Soraqlayıb öyrənmişəm ki, öz kəndlərindədir…".

Mina Abukərova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Roman kimi həyat, yaxud bir təbəssümün arxasındakı sirr

Qönçənin anası Fəridin atası ilə görüşüb, qızının taleyilə bağlı narahatlığını onunla bölüşür. Atanın cavabı onu sarsıdır: "Mən elə övladın adının üstündən qara xətt çəkmişəm, get tutdur".

Qönçənin etirazına baxmayaraq qadın respublika və rayon prokurorluqlarına şikayət ərizəsi ünvanlayır. Aldığı cavablardan məlum olur ki, işin araşdırılması rayon polis şöbəsinin istintaq qrupuna tapşırılıb. Çox keçmir ki, sözügedən qrupun rəhbəri ana və qızı polis idarəsinə çağırtdırır, onları ətraflı dinləyib yazılı izahat alır.

Uzun araşdırma, hətta ekspertiza cütlüyün birgə yaşayışa başladığı vaxt qadının bakirə olub-olmadığını müəyyən edə bilmir. İş elə düzülüb qoşulur ki, guya onlar ailələrindən küsübmüş və aralarındakı dost münasibətinə görə sözü bir yerə qoyaraq evdən qaçıb bir müddət Bakıda yaşayıblar.

"Hər gecə yuxuda ana oluram"

Qönçə çox şeyi demək istəmir. O, izahatında da Fəridə qarşı heç bir tələbinin olmadığını yazıb.

Adam istər-istəməz düşünür, bu zavallı ailə, bu aldadılmış qız qarşısında kimlər, nələr günahkardır: insanları pərən-pərən salmış müharibəmi, ailədə, məktəbdə, ümumən cəmiyyətdə düzgün tərbiyə işini qurmağa cavabdeh şəxslərmi, indiyə qədər bu cür faktları ört-basdır etmiş hüquq-mühafizə orqanlarımı, qabağa düşməyən ağsaqqallarmı, səsini çıxarmayan din xadimlərimi, qohummu, qonşumu, sənmi, mənmi?…

"Tez-tez xəyalımda gəlin köçürəm. Avtomobillərin bəhsə-bəhs siqnallarından qulağım tutulur: babaaab, bibiiib!!! Hər gecə yuxuda ana oluram", — deyir Qönçə.

Nə qədər qəribə olsa da, o hələ də məktəblidir. Ərə gedəndə onuncu sinifdə oxuyurdu, indi onbirinciyə keçiriblər. Qaçqın şəhərciyinə köçəndən sonra oxuduğu məktəb evlərindən çox uzaqda qalıb. Elə vaxtilə ona hamıdan yaxın olan Fərid də indi uzaqlardadır. Gələn soraqlara görə, kəndlərində qoyun-quzu otarır.

Yaşıdları neçə vaxtdan bəri onu evlərində gördüklərindən təəccüblə soruşurlar: — Bəs sən ərə getməmişdin? "Ərə yox, gora getmişdim" — deyir Qönçə.

Daha bezib, heç kəsin gözünə görünmək istəmir, hər şeydən iyrənir. Baş götürüb uzaqlara qaçmaq istəyir. Amma bu geniş dünyada ona qucaq açan bir yer, adam görmür…

P.S.
Yazıda göstərilən adlar şərtidir.

Xəbər lenti
0